İlham Əliyev
İlham Əliyev

''Reuters'': Bölgələrdəki aksiyalardan sonra Əliyev hakimiyyətini möhkəmləndirib

Neftin ucuzlaşmasından dolayı ötən il Azərbaycanda ərzağın bahalanmasına etiraz aksiyaları keçirildi

Amma polis təzyiqləri və sovet dönəmini yada salan mülkigeyimli polislər etiraz hərəkatını boğub.

"Reuters" xəbər agentliyinin müxbiri Azərbaycanda ötənilki etiraz aksiyalarına qatılmış vətəndaşlarla söhbətləşib.

"Kim həyatının qalan hissəsini həbsdə keçirmək istəyər?", – Özbək adlı taksi sürücüsü Qubada unun bahalanmasına etiraz etdiyinə görə bir aylıq həbs cəzası çəkdiyini deyib.

BELƏ HÖKUMƏTİ DƏSTƏKLƏMƏK...

Ötən ilin yanvarındakı etirazları polis su şırnağı, dəyənək və gözyaşardıcı qazla dağıdıb. "Reuters" yazır ki, etirazların belə sərt dağıdılması Azərbaycanla əməkdaşlıq edən Avropa Birliyi və AB firmalarına potensial problem yaradır. Əməkdaşlıqda məqsəd 2020-ci ilədək Azərbaycan qazını Avropa bazarlarına daşıyacaq kəmərlərin çəkilməsidir.

"AB bu layihəni Avropanın Rusiyadan enerji asılılığını azaltmaqdan ötrü istəyir. Ancaq dinc etirazçıları təqib edən, ona qarşı çıxanları həbsə atdıran hökuməti dəstəkləyən kimi də görünmək istəmir", – məqalədə deyilir.

Müxbir Quba, Siyəzən və Şabranda etirazçılarla söhbətlərdən belə qənaətə gəlib ki, hökumətin onlarla rəftarı siyasətçiləri narahat etməlidir. Həmin şəxslər kütləvi saxlanmalardan və həbslərdən, dövlət idarələrindəki cəzalardan, polisin daha uzunmüddətli cəzalarla hədələməsindən söz açıblar.

Siyəzəndə Arun adlı tələbə orada 50-dək adamın saxlandığını söyləyib. Onun sözlərinə görə, çoxlarına bir aylıq cəza kəsilib, bəziləri içəridə 6 ay saxlanıb, bəziləri döyülüb.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov agentliyə bu cür iddiaların yersiz olduğunu bildirib: "Saxlananlardan heç bir şikayət almamışıq. Onlarla pis rəftar olunubsa, niyə şikayət etməyiblər? Məhkəməyə də şikayət edə bilərdilər. Bu məlumat doğru deyil".

ŞİRKƏTLƏR ŞƏRH VERMİR

Trans-Adriatik Kəməri (TAP) firması Azərbaycandan qazı İtaliyanın cənubuna nəql edəcək infrastrukturu quracaq. Şirkətin İtaliyadakı ofisindən etirazların yatırılmasıyla bağlı şərh verməyiblər. Həmin layihədə 20 faizin sahibi, İtaliyanın "Snam" enerji şirkəti, eləcə də İtaliyanın Sənaye Nazirliyi açıqlama verməkdən imtina edib.

"Reuters" yazır ki, həmin etirazlardan sonra prezident İlham Əliyev hakimiyyətini möhkəmləndirməyə başlayıb, konstitusiyaya dəyişikliklər edərək, prezidentlik müddətini 5 ildən 7 ilə qaldırıb, həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident təyin edib.

Diplomatik mənbələr baş nazir Artur Rasizadənin yerinə də yaxın adamını təyin edəcəyini deyirlər. Müstəqil təhlilçi Leyla Əliyeva deyir ki, o, hakim ailəyə yaxın şəxslə əvəzlənəcək.

Əliyevin tərəfdarları onun ölkəyə sabitlik, müasirləşmə, Avropayla sıx əlaqələr gətirdiyini bildirirlər. Amma insan haqları fəalları hökuməti opponentlərini susdurmaqda suçlayırlar.

POLİSƏ YARDIM, YOXSA XƏBƏRÇİLİK ETMƏK?

"Reuters" bir daha ötənilki etirazlara qayıdaraq yazır ki, 38 min əhalisi olan Quba şəhərində 30 nəfər bir aylığa saxlanıb. İndi Qubanın küçələrində əlavə polis qüvvələri gözə dəymir. Ancaq sakinlərin deməsinə görə, əhali arasında ən kiçik mübahisələr belə dərhal polis tərəfindən yatızdırılır və tərəflər cəzalanır.

Agentlik ölkədə bir sovet təcrübəsinin də tətbiq olunduğunu yazır – könüllülər ictimai polisə çevriliblər. Onlar, əslində, polisə xırda pozuntuların həllində kömək göstərməlidirlər. Di gəl, bəzi sakinlər deyiblər ki, bu şəxslərin işi-gücü polisi hər hansı narazılıq işartısından xəbərdar etməkdir.

Mer-meyvə satan Ehtiram da ötən il saxlanmışdı. O, qiymətlərin bahalığından, gömrükdə rüşvətin çiçəklənməsindən gileylənir. Deyir, mülkigeyimli polislər camaatın qorxusunu daha da artırıb. "Bilirik ki, ətrafda bizə göz qoyan, qulaq asan, daha sonra polisə xəbər verənlər var", – o söyləyir.

Agentlik qanunla həmin şəxslərin uniforma geyinməli olmasına diqqət çəkir. Amma nümayişçilər bu könüllülərin mülki geyimdə gəzdiyini, onları müəyyənləşdirməyin çətin olduğunu vurğulayırlar.

"Bu qurumun yaradılmasında məqsəd ölkədə hərbi-polis rejimini gücləndirmək idi", – müxalif Müsavat Partiyasının sədri Arif Hacılı deyir.

Tərcümə etdi: Azadlıq Radiosu