Şahmar Mövsümov

Şahmar Mövsümov: MSŞT ikili standartları sərgiləməsə, təşkilata qoşulmaq məsələsinə baxıla bilər

''Bu amilin Azərbaycanın kredit reytinqinə təsiri olmayıb''

“Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (MSŞT) ikili standartlar sərgilənməsi dayandırılarsa, Azərbaycan təşkilata qoşulmaq məsələsinə baxa bilər”.

Bu sözləri aprelin 18-də keçirdiyi mətbuat konfransında Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov deyib.

“APA-Economics” xəbər verir ki, icraçı direktor ölkənin qurumdakı fəaliyyəti barədə danışıb:

"Azərbaycan 2003-cü ildən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT) qoşulub. Bu müddət ərzində biz hasilatla bağlı bütün məlumatları ictimaiyyətə açıqlamışıq. Bu müddət ərzində Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində 20-dən çox hesabat dərc etmişik".

 

"Bəzi "ekspertlər" deyirdi ki..." 

O, Azərbaycanın MSŞT-dən çıxmasının səbəblərini açıqlayıb:

"Biz 2013-cü ildən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü tərəfindən Azərbaycana qarşı ikili standartların və qərəzli mövqenin sərgiləndiyini gördük. Mən dəfələrlə demişdim ki, bu münasibət davam edərsə, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxacaq. Bəzi "ekspertlər" deyirdi ki, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxması Azərbaycanın kredit cəlb etməsinə problem yaradacaq. Qeyd edim ki, Azərbaycanın əsas layihəsinin maliyyələşməsində heç bir problem yoxdur. Bütün maliyyə mənbələrindən, o cümlədən özəl təşkilatlardan Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsi üçün 2 milyard dollar vəsait cəlb edilib. Dünya Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnkişafı Bankı tərəfindən maliyyələşmə ehtiyacları təmin edilib. Başqa sözlə, bu amilin Azərbaycanın kredit reytinqinə təsiri olmayıb. Növbəti iddia o idi ki, Azərbaycan bu təşkilatdan ona görə çıxır ki, məlumatları gizlətmək istəyir. Bu iddialar da əsassızdır. Çünki bu ilin aprelin 5-də prezident İlham Əliyev hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Artıq komissiyanın ilk iclası keçirilib. Biz Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxmaqla hasilatla bağlı məlumatları gizlətmək fikrində deyilik. Əvvəlki dövrdən də əhatəli hesabat dərc olunacaq. Biz bu prosesə müstəqil auditor da cəlb edəcəyik".

 

 "2 mlrd. 279 mln. manat Mərkəzi Banka transfert edilib"

Ş. Mövsümov Neft Fondunun fəaliyyətindən də danışıb. Deyib ki, bu ilin I rübü üzrə büdcə gəlirləri 3 mlrd. 272,5 mln. manat, büdcə xərcləri isə 3 mlrd. 847,5 mln. manat təşkil edib.

Onun sözlərinə görə, hesabat dövründə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 mlrd. 899,1 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 mlrd. 894,4 mln. manat, bonus ödənişləri 0,1 mln. manat, tranzit gəlirləri 4,6 mln. manat təşkil edib.

 Bu ilin aprelin 1-nə Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 373,4 mln. manata bərabər olub.

 Hesabat dövründə ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 1 mlrd. 525 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 27,8 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,5 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,3 mln. manat vəsait ayrılıb. 2 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. "Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 mlrd. 279 mln. manat Azərbaycan Mərkəzi Bankına transfert edilib. 2017-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 3,9 mln. manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 873,9 mln. manat təşkil edib", - deyə Ş. Mövsümov bildirib.

 Bundan başqa, 2017-ci il aprelin 1-nə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 mlrd. 147 mln. dollar) nisbətən 0,18% artaraq 33 mlrd. 207,2 mln. dollara bərabər olub.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) makroiqtisadi sabitliyin təmin olunması üçün Mərkəzi Banka (AMB) 2 mlrd. 279 mln. manat transfert edib.

Şahmar Mövsümovun sözlərinə görə, bu il ARDNF-dən AMB-yə 7,5 mlrd. manatın transfert edilməsi nəzərdə tutulub: "Bizim hesablamalarımız və proqnozlarımız onu göstərir ki, bu transfert tam həcmdə icra olunmayacaq".

 

"Hökumətin ritorikasına uyğun fikirdi"

 Hüquqşünas Akif Qurbanov Şahmar Mövsümovun söylədiklərinin hökumətin ümumi ritorikasına uyğun olduğunu düşünür:

"Hətta hökumət deyə bilər ki, xarici maliyyə vəsaitlərinə ehtiyacları yoxdur, infrastruktur və böyük layihələr üçün dövlətin maliyyə resursları yetərlidir. TAP və TANAP layihələrinə böyük maliyyənin Azərbaycan tərəfindən qoyulacağı iddiası da irəli sürülmüşdü. İqtisadçıların hesablamaları göstərir ki, neftin qiymətinin 100 dollardan çox olduğu illərdə hökumət bu iddiada olub. Ancaq neftin qiymətinin kəskin enməsi hökumətin iddiasının xəyal olduğunu göstərdi. Hətta Dövlət Neft Fondunda maliyyə resurslarının yetərli olmaması da layihələrin dəstəklənməsinin mümkünsüzlüyünü üzə çıxardı. Şahmar Mövsümov da həmin ritorikanı davam etdirir".

Akif Qurbanov foto sosial şəbəkə
Akif Qurbanov foto sosial şəbəkə.

Akif Qurbanovun sözlərinə görə, layihələrlə bağlı razılaşmalar Azərbaycanın statusunun dayandırılmasından əvvəl olan danışıqların nəticəsi idi:

"Amma bilinən məsələlər var ki, Azərbaycanın 2 milyard yox, daha çox vəsaitə ehtiyacı var. Danışıqların da dalana dirənməsi Bakının üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsilə bağlıdır. İstər Dünya Bankı, istərsə də başqa maliyyə qurumlarının tələbləri məhz bu problemlərdən doğan sual kimi hökumətin qarşısında qoyulub. Hökumət isə öhdəkiləri yerinə yetirmək əvəzinə başqa vasitələrlə manevr etməyə öyrəşib. Söhbət yalnız hökumətin kredit götürməsindən getmir, SOCAR-ın reytinqinin aşağı düşməsi də gündəmə gələcək. Yəni dövlət şirkəti olması onun bir sıra layihələrdə iştirakında problemlər yaradacaq. Bu baxımdan Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxarılma, həm də Açıq Hökumət Təşəbbüsündəki Bakının iştirakına ciddi əngəllər yaradılacaq. İyunda qurumun rəhbər orqanının toplantısında Azərbaycanın məsələsinə baxılacaq. Ona görə Bakının Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxarılmasına etirazı iyun müzakirələrində vəziyyəti asanlaşdırmayacaq. Əgər vətəndaş cəmiyyətinin inkişafı istiqamətində addımlar atılmasa, hökumətin öhdəliklərini yerinə yetirmədiyi təsdiqini tapır və bu, dövlətin də, hökumətin də nüfuzuna kölgə salır və sonrakı perspektivlərdə ciddi əngəllər yaradır".