''Hakimiyyət özü üçün İnkişaf Konsepsiyasını dəfn edib''

foto AzerTag
foto AzerTag.

''Turan'': ''Təqdimat mərasiminin özü də hakimiyyətin işləmək qabiliyyəti haqqında bədbinliyi artırdı''

 

“Azərbaycan 2020: Gələcəyə baxış” strateji inkişaf üzrə dövlət konsepsiyasının – 2012-ci ildə təsdiq edilmiş və ölkənin ortamüddətli gələcəkdə inkişafına əsas baxış olan sənədin ictimai monitorinqinin yekunları təqdim edilib.

 

"2016-cı il ölkə üçün mürəkkəb il olub və 2017-ci ildə bu təmayül davam edəcək"

Fevralın 16-da təşkil olunmuş toplantıda Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Dəstək Fondunun rəhbəri Sabit Bağırov deyib ki, monitorinq dörd QHT tərəfindən İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə keçirilən “Azərbaycanda inkişafı təşviq etmək üçün müzakirə platforması” layihəsi çərçivəsində həyata keçirilib.

8 istiqamət üzrə monitorinqin keçirilməsində 15 ekspert iştirak edib. S.Bağırov deyir ki, görülmüş işlər strategiyanın həyata keçirilməsində həm mənfi, həm də müsbət məqamlar üzə çıxarıb.

"2016-cı il ölkə üçün mürəkkəb il olub və 2017-ci ildə bu təmayül davam edəcək", - deyən parlamentin deputatı Vahid Əhmədovun fikrincə, ötən il təsdiq olunmuş İslahatların Yol Xəritəsi böhranın aradan qaldırılmasına ümid yaradır.

İsveçrənin Azərbaycandakı səfiri Filipp Stalder də Yol Xəritəsinin həyata keçirilməsi ilə bağlı nikbin fikir bildirib, "Doing Business-2017" reytinqində ölkənin yaxşı mövqeyinə əsasən, ölkənin sabit inkişafını qeyd edib.

Strateji Yol Xəritəsi də təqdimatda iştirak edənlərin müzakirə predmeti olub. Onlar arasında ekspertlər birliyinin, icra qurumlarının nümayəndələri, deputatlar olub. Çıxış edənlər bu sənədi ölkəni yeni postneft inkişaf dövrünə çıxara biləcək bir lokomotiv kimi qeyd ediblər.

 

"İqtisadi böhran strategiyaya əlavə zərbə oldu"

"Turan" Agentliyinin Analitika Xidməti isə hələ “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasının təqdimatından bir gün sonra həmin konsepsiyanı şübhə altına almış, hətta uğursuz olacağını proqnozlaşdırmışdı..

 

"Turan" bu şübhəni iki səbəblə əsaslandırırdı:

"Keçmiş konsepsiyanın qiymətləndirilməsi yanlış idi, bu da gələcək konsepsiya üçün yanlış istiqamətlər yaradırdı və qarşıya qoyulmuş məqsəd və vəzifələr Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxmasını təmin etmirdi.

İkinci, “Azərbaycan 2020: keçmişə baxış” inkişaf konsepsiyası məqaləsi bu sənədin həyata keçirildiyi 3 ilin nəticələrinə əsasən onun tamamilə uğursuz olduğunu üzə çıxardı. İqtisadi böhran strategiyaya əlavə zərbə oldu, onun bəyan edildiyi şəkildə icrası üçün heç bir şans buraxmadı".

 

"Yol xəritəsində bu günün dinamikası yoxdur"

"Turan" 13 dekabr 2016-cı il tarixli “Əliyev Administrasiyası keçmiş və gələcək arasında” məqaləsində yenə yalan keçmişin və dumanlı gələcəyin prinsipləri əsasında qurulmuş Strateji Yol Xəritəsi ilə bağlı da belə hökm çıxarıb: “Rejimin yol xəritəsində məzmunu dolduran durğunluq istisna olmaqla, bu günün dinamikası yoxdur”.

"Böhranlı son iki il Əliyevin köhnə komandasının anaxronik siyasi və iqtisadi dövlət sistemini, ölkənin idarəetməsini yenidən qurmaq istəyinin və qabiliyyətinin olmadığını göstərdi. Böhranlı iki il ərzində bankrot olmuş sistemin vətəndaşların hesabına xilas olunması: manatın iki devalvasiyası, iş yerlərinin ixtisarı, enerji daşıyıcılarının tarifərinin artırılması, yüksək qiymət artımı və əhalinin həyat səviyyəsinin düşməsi fonunda əmək haqqı və pensiyaların dondurulması istisna olmaqla, heç bir operativ antiböhran tədbirləri planı qəbul edilməyib" - Analitika Xidməti qeyd edir.

"Turan" Analitika Xidməti hesab edir ki, “Azərbaycan 2020: Gələcəyə baxış” dövlət inkişaf konsepsiyasının ictimai monitorinqinin nəticələrinin təqdimatı mərasiminin özü də hakimiyyətin işləmək qabiliyyəti haqqında bədbinliyi artırdı: "Strategiyaya cəlb olunmuş dövlət qurumlarının demək olar ki, böyük əksəriyyəti, o cümlədən hökumət KİV-ləri və hökumətyönlü KİV-lər, ilk növbədə, bu sənədin birbaşa əlaqəsi olduğu Prezident Administrasiyası tədbiri boykot edib. Buradan belə bir nəticə çıxır ki, hakimiyyət özü üçün İnkişaf Konsepsiyasını dəfn edib və onun reanimasiyasına ehtiyacı görmür".