''Qərargah rəislərinin görüşü nəticəsiz oldu''

foto sosial şəbəkə

Xəzər Hərbi Tədqiqatlar İnstitutu görüşü təhlil edib

Xəzər Hərbi Tədqiqatlar İnstitutu Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danfordun Bakı görüşünü təhlil edib.

Qurum hesab edir ki, bu görüşlə bağlı gözləntilər puç olub.


"Görüş nəticəsiz başa çatıb"

 

"Azərbaycanın paytaxtında keçirilən görüş planlaşdırıldığından az çəkib və müzakirələrin gedişində bir sıra ciddi fikir ayrılıqları yaranıb". Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu hərbi mənbələrə istinadən bildirir:

"Rusiya tərəfi görüş zamanı çoxsaylı şərtlərini irəli sürüb və ümumilikdə, Birləşmiş Ştatların son zamanlar Rusiyaya qarşı siyasətinin sərtləşdirməsi səbəbləri və bunun perspektivləri ilə bağlı izahat tələb edib. Amerikalı general isə irəli sürülən şərtləri qəbul etmədiyini bəyan edərək əksinə, qarşılıqlı ittihamlarını və şərtlərini irəli sürüb. Beləliklə, tərəflərin ilk görüşü faktiki olaraq nəticəsiz başa çatıb.

Görüşlə bağlı Rusiya və ABŞ Müdafiə Nazirliklərinin yaydığı məlumatlarda bu ziddiyyət özünü göstərir".

 

Ziddiyyətli açıqlamalar

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər aşağıdakı məsələləri müzakirə ediblər:

Rusiya-Amerika münasibətlərinin mövcud vəziyyəti;

Avropada, yaxın Şərqdə, Şimali Afrikada və dünyanın digər vacib regionlarında təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi.

Rusiya tərəfi bildirir ki, görüş nəticəsində hərbi fəaliyyətin təhlükəsizliyinin yaxşılaşdırılması, gərginliyin və risklərin azaldılması üçün birgə iş istiqamətləri müəyyənləşdirilib. “Əlaqələrin davam etdirilməsi istiqamətində razılıq əldə olunub”, – Rusiya tərəfinin rəsmi açıqlamasında qeyd edilir.

Amerika isə Rusiya tərəfini təkzib edən məlumat yayıb.

ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargahın strateji planlar və siyasət departamentinin direktoru, general-leytenant Frank McKenzie ABŞ Müdafiə Nazirliyinin saytında dərc olunan açıqlamasında bildirib: "Bu görüşdə hər hansı ciddi qərarlar qəbul olunmayıb. Bu görüş sadəcə tərəflər arasında əlaqə bağlantısının qurulması baxımından vacib olub”.

“İki hərbi şef siyasəti və ya siyasi məsələləri müzakirə etməyiblər. Danford – Gerasimov görüşü sadəcə olaraq onlar arasında əlaqənin qurulması məqsədilə keçirilib. Tərəflər bu görüşdə bir-birini görə biliblər, bunu telefonda etmək çox çətin idi”, – deyə o bildirib. Buna baxmayaraq Amerika tərəfi Gerasimovu “asan tərəf müqabili kimi” xarakterizə edib. Frank McKenzie bildirib ki, Amerika tərəfi indiyə qədər onunla telefon əlaqəsində hər hansı çətinlik çəkməyib.

foto Xəzər HTM
foto Xəzər HTM.

ABŞ-ın müdafiə naziri Ceyms Mettis Brüsseldə NATO müdafiə nazirlərinin toplantısının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib ki, “NATO üçün əsas təhdidlər Rusiyanın aqressiv fəaliyyətləri və terrorizmdir”. General Mettis bildirib ki, Rusiya ABŞ və NATO ilə əməkdaşlığın bərpası üçün beynəlxalq normalara uyğun yaşamalıdır. O, hələlik Pentaqonun Rusiya ilə hərbi əməkdaşlığa hazır olmadığını, yalnız siyasi əməkdaşlığın mümkünlüyünü vurğulayıb: “ABŞ hazırda Rusiya ilə hərbi səviyyədə əməkdaşlıq edəcək durumda deyil. Biz yalnız siyasi səviyyədə qarşılıqlı fəaliyyətlə məşğul ola bilərik”.

Bir az sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Rusiya ilə güc nümayişi yolu ilə dialoq qurmağa çalışmaq perspektivsizdir. O həmçinin bildirib ki, Rusiya Müdafiə Nazirliyi Valeri Gerasimovun onun amerikalı həmkarı Cozef Danfordla Bakı görüşünün gedişində Pentaqonun mövqeyinin izah olunmasını gözləyir.

"Belə görünür ki, Rusiya tərəfinin gözləntisi puça çıxıb, ABŞ tərəfi görüş zamanı Rusiya müdafiə nazirinin səsləndirdiyi fikirlərə aydınlıq gətirməyib" - Xəzər Hərbi Tədqiqatlar İnstitutu belə hesab edir.

 

" Bakı görüşünün nəticələrini ortaya qoymaq bir qədər çətindir"

İnstitut hazırladığı təhlildə qeyd edir:

"Bakı görüşü 2014-cü ilin yanvarından bu yana Vaşinqton və Moskva arasında bu səviyyəli hərbi rəislərin ilk üz-üzə görüşüdür. İndiyə kimi bu səviyyəli tərəflər arasında yalnız telefon danışıqları olub. Sonuncu dəfə V.Gerasimov amerikalı həmkarı ordu generalı Martin E.Dempsey ilə Brüsseldə görüşmüşdü.

O zamandan bu yana Rusiya:

Krımı işğal edib, şərqi Ukraynaya hərbi təcavüz edib;

Suriyaya Əsəd rejimini dəstəkləmək üçün qoşun, təyyarə və gəmiləri göndərib.

Amerikalı ekspertlərin fikrincə, Donald Tramp adminstrasiyasının Rusiyaya yönəlik siyasətinin tam aydın olmadığı bir halda Bakı görüşünün nəticələrini ortaya qoymaq bir qədər çətindir. Amma ekspertlər bildirir ki, Amerika rəhbərliyi 2016-cı ildə qərara alıb ki, mümkün gərginliklərdən, insidentlərdən qaçmaq üçün tərəflər arasında yüksək səviyyəli “hərbi kanal” açılsın. Bunu Obama adminstrasiyası dövründə Milli Təhlükəsizlik Şurasının Rusiya üzrə eksperti olmuş Selesta Vallander dünən "New York Times qəzetinə bildirib. “Mən bunun nəhayət ki, gerçəkləşməsini tam dəstəkləyirəm”, – deyə o qeyd edib".

 

Cənubi Qafqaza təsirlər

 

Yüksək səviyyəli görüşün Bakıda keçirilməsinin Azərbaycanın “neytral” ölkə olması ilə əlaqəli olduğunu həmçinin ABŞ mətbuatı bildirir. Azərbaycan rəsmi olaraq“Qoşulmayanlar Hərəkatı”nın üzvüdür. Ermənistan isə Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü, Gürcüstan isə yaxın perspektivdə NATO-ya üzv olmağı hədəfləyən ölkədir.

"Nəzərə almalıyıq ki, Azərbaycan – ABŞ hərbi əməkdaşlığı təxminən 3 ildir ki, faktiki dondurulub. Əməkdaşlıq münasibətlərində azalma 2008-ci ildən – Rusiyanın Gürcüstana təcavüzündən sonra başladı və 2013-cü ildə prezident seçkiləri dövründə Azərbaycan – ABŞ siyasi münasibətlərində baş verən gərginlilə əlaqədar tam olaraq dayandırıldı. Mümkündür ki, tərəflər əməkdaşlığı ölü nöqtədən tərpətmək yolunda fikirləşməyə başlayıblar"- institutun təhlilində deyilir.

Belə ki, müdafiə naziri Zakir Həsənov və Azərbaycana ilk dəfə gələn amerikalı general Danfordun arasında keçirilən görüşdə aşağıdakı məsələlər diqqət mərkəzində olub:

Azərbaycan və ABŞ arasında ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi;

Azərbaycan Silahlı Qüvvələrin NATO proqramları çərçivəsində fəaliyyəti;

Əfqanıstanda həyata keçirilən „Qətiyyətli dəstək“ qeyri-döyüş missiyasına verilən töhfə;

Xəzər dənizində təhlükəsizlik məsələləri;

kütləvi qırğın silahlarının yayılmaması;

treninqlərin keçirilməsi və hərbi təhsil…

"Rusiya ilə hərbi əməkdaşlığa gəlincə, son 4 ildə Bakı və Moskva arasında reallaşmaqda olan 4 milyard dollarlıq hərbi ticarət müqaviləsini qeyd etmək olar. Rəsmi Bakı 2020-ci ilədək Rusiyadan xeyli sayda hərbi silah və texnika ixrac edəcək. Yanvarın 16-da Zakir Həsənov Rusiyalı ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb. V.Gerasimov Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib. Görüşdə aşağıdakı məsələlər diqqət mərkəzində olub:

Rusiya və Azərbaycan arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri və genişlənməsi;

yüksək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsi;

„Beynəlxalq Ordu Oyunları – 2017“ yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku – 2017” müsabiqəsinin təşkilində Azərbaycanın rolu;

hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri;

Dağlıq Qarabağ münaqişəsi;

regional məsələlər.

Yeri gəlmişkən, Rusiya Müdafiə Nazirliyinin saytında bu görüş barəsində cəmisi iki cümlə qeyd olunub. Bildirilir ki, görüş konstruktiv xarakter daşıyıb və tərəflər iki ölkənin hərbi sahədədə əməkdaşlığının vəziyyəti və perspektivlərini müzakirə ediblər.

Eyni zamanda bildirək ki, prezident İlham Əliyevin amerikalı generalı qəbul etdiyi bildirilsə də, onun rusiyalı generalı qəbul edib-etməməsi barəsində hər hansı məlumat yoxdur"- Xəzər Hərbi Tədqiqatlar İnstitutu qeyd edir.