ABŞ və Rusiya generallarının Bakı görüşü

Valeri Gerasimov və Cozef Danford

''Hərbi vəziyyət haqda qanunun gözlənilmədən Milli Məclisə çıxarılması göstərir ki, Bakıdan Tehrana qarşı istifadə cəhdləri var''

 

Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danfordun Bakı görüşü dünya mediasının əsas mövzularından biridir. Hərbçilərin görüşü müxtəlif aspektlərdən şərh olunsa da, Rusiya Müdafiə Nazirliyi bu təmas barədə açıqlama yayıb.

Nazirlikdən APA-ya bildirilib ki, tərəflər Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyətini, Avropa, Yaxın Şərq, Şimali Afrika və digər regionlarda beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər:

“Söhbət zamanı hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması ilə bağlı birgə işin, habelə gərginlik və insident risklərinin azaldılmasının istiqamətləri müəyyən edilib”.

Meydan TV generalların görüşü ilə bağlı ölkədən kənarda yaşayan azərbaycanlı siyasi icmalçılarla əlaqə yaradıb.

 

“Ortada Bakı rəsmiləri üçün fəxr ediləsi heç nə baş verməyib”

 

Amerikada çalışan jurnalist Ələkbər Raufoğlunun sözlərinə görə,  generalların görüşü üçün Bakı ona görə məkan seçilib ki, neytral zonada neytral qərarlar qəbul etmək mümkün olsun:

“Uzun illər Azərbaycan hakimiyyəti özü haqqında küçənin hər iki tərəfinə işləyə biləcəyi təəssüratını yaradıb. Yeni ABŞ Administrasiyası isə Suriya, Ukrayna və İran kimi mövzularda Rusiya ilə siyasətini uzlaşdırmağa çalışır. Azərbaycan regionda yeganə ölkədir ki, bu mövzularda özünün heç bir müstəqil mövqeyi yoxdur. Bu yaxşıdır, yoxsa pis? Qısa cavab odur ki, ortada Bakı rəsmiləri üçün fəxr ediləsi heç nə baş verməyib”.

 

“Rəsmi qurumların son ana qədər görüşdən heç xəbəri belə yox idi”

O, Baş qərargah rəislərinin görüşlərinin siyasi çəkisini beynəlxalq diqqətin cəlbi baxımından o qədər də səs-küylü hadisə saymır:

 “Məsələn, Trump-Putin sammiti kimi... Digər tərəfdən, bu kimi sammitlərin, məsələn, Astanada keçirilməsi ola bilsin, qazax xalqının marağındadır. Onlar ölkələrini qaynar münaqişələrdən uzaq məkan kimi tanıtmağa illərdir ki, xeyli vaxt və enerji sərf edirlər. Azərbaycanın milli maraqları isə ölkəni qaynar münaqişədən əziyyət çəkən məkan kimi təqdim etməyi diqtə edir, əks halda, beynəlxalq güclərin diqqətini Qarabağdakı qaynar münaqişəyə çəkmək istəyi nədir, Bakıda ABŞ-Rusiya generallarının Suriya müzakirələrinə ev sahibliyi etmək nə?

Təsəvvür edin ki, evinizdə oğurluq və dava-qırğın baş verir, quldurlar gəlib yataq otağınızı zəbt edirlər, dağıdıb, talayırlar, siz isə qonaq otağınızı digər məhəllənin problemlərini müzakirə etmək üçün qəsəbənin başbilənlərinə təklif edirsiniz. Bəs bu görüşdə qonşu otaqdakı problem müzakirə olunubmu? Bildiyimiz qədər, yox!

Ələkbər Raufoğlu foto sosial şəbəkə
Ələkbər Raufoğlu foto sosial şəbəkə.

Ən pisi isə odur ki, bu görüş üçün məkan irəli sürüləndə ruslar, ümumiyyətlə, Azərbaycan rəsmilərinin fikrini soruşublarmı? Bax, bunu bilmək vacibdir. Çünki Bakıdan gələn siqnallar ona dəlalət edir ki, yerli mətbuatın və hətta rəsmi qurumların son ana qədər görüşdən heç xəbəri belə yox idi. Yadınızdadırsa, 2007-ci ildə Putin prezident Buşa Qəbələ RLS-dən birgə istifadə təklifini edəndə də heç Bakının fikrini soruşmamışdı. Digər sual odur ki,  Bakı rəsmiləri rus generallarını ölkəyə buraxmazdan öncə Qarabağın Azərbaycanın daxili işi olmadığına dair bu yaxınlarda Kremldən səslənmiş bəyanatdan mətbuat qarşısında imtinanı tələb ediblərmi? Çətin. Kim kimə lazımdır? Əgər Azərbaycan Kreml üçün ABŞ-la yeni münasibətlərin qurulması işində bu qədər vacib məkan idisə, o zaman belə bir fürsət bir daha nə vaxt Bakının əlinə düşəcək? Vaşinqtonla Moskvanın hərbi sahədə yaxın əməkdaşlığı çərçivəsində Qarabağın işğalında və bu status kvonun saxlanmasında xüsusi rol oynayan Rusiyanın mövqeyini nəzərə alsaq, bizə nə dərəcədə kömək edəcək? Vaşinqtona gəldikdə, hər nə qədər prezident Tramp beynəlxalq siyasətdə dumanlı bəyanatları ilə tanınsa da, Azərbaycanın təhlükəsizliyi məsələsində ABŞ-ın milli strategiyası hər zaman dəyişməz qalıb və gələcəkdə də belə olacaq.  Vay o günə ki, Putin və generalları Bakıya, eləcə də Qarabağ probleminə bəslədikləri münasibəti ABŞ-ın siyasi baxımdan təcrübəsiz yeni administrasiyasına da aşılaya bilər. Bununla da Azərbaycan hakimiyyəti rəsmən təsdiq edir ki, indi region xalqlarını narahat edən və böyük güclərin Qafqaza qədər gəlib müzakirə etməli olduğu daha vacib problemlər və qaynar nöqtələr var. Əgər belə düşünürdülərsə, onda ötən apreldə Qarabağın guya qaynar münaqişə nöqtəsi olduğunu dünyaya göstərmək üçün xalqın balalarını qırğına niyə göndərirdilər?"

 

“Bakının seçilməsi görüşün tez və təhlükəsiz yerdə baş tutması ilə bağlıdır”

Siyasi icmalçı Rauf Mirqədirov görüş üçün Bakının seçilməsini bu təmasın bir qədər tez və təhlükəsiz yerdə keçirilməsilə bağlayır.

 Onun sözlərinə görə, Bakı elə yerdir ki, hələlik siyasi və başqa maraqlara əsasən terror gerçəkləşməsi üçün hədəf olmayıb:

"İkinci məqam barədə Amerika mətbuatı yazıb. Bildirilib ki, bir sıra səbəblərə görə Rusiya generalı Gerasimov Avropa dövlətlərinə gedə bilmirdi, Amerika generalı isə Rusiyaya yaxın bölgəyə gələ bilmirdi. Ona görə görüşün normal bir məkanda və mümkün qədər tez təşkil olunması razılaşdırıldı".

 

“Siyasi qərarlardan sonra əməliyyatların keçirilməsini qərargah rəisləri müzakirə edir”

 

Siyasi icmalçı ABŞ-ın yeni administrasiyası haqda Moskvadakı eyforiyanı əvvəldən gerçək hesab etmədiyini deyib:

Rauf Mirqədirov
Rauf Mirqədirov.

"Çünki yeni administrasiyanı neft, İran, Yaxın Şərq məsələləri fəallaşmağa məcbur edəcək və bu amillər gərginliyi artıracaq. Sözsüz ki, bu gərgin məqamları müzakirə etmək çox vacibdir və ilk görüşün qərargah rəisləri arasında olması təbiidir. Onlar arasında operativ planlar müzakirə olunur, siyasi, müharibə və yaxud sülh qərarları barədə xarici işlər nazirləri danışır. Siyasi qərarlardan sonra əməliyyatların keçirilməsini qərargah rəisləri müzakirə edir. Yəni qərargah rəisləri təhdidlərin yarada biləcəyi qarşıdurmalardan qaçmaq məsələlərini müzakirə edirlər. Siyasi məsələlərin uzlaşdırdırılmasına aparacaq istiqamətləri Münhendə Rusiya XİN rəhbəri Sergey  Lavrovla dövlət katibi Reks Tillerson müzakirə edəcək. Bilirsiniz ki, Vaşinqton və Moskva Ukraynada, Suriyada, Qara dənizdə fərqli cəbhələrdə iştirak edirlər. Və Trampın İran məsələsində daha sərt olduğu artıq görünür. Beləliklə, dediyim məsələlərdə gərginliyə gətirən real addımların atılması Rusiya və ABŞ arasında hərbi-siyasi qarşılıqlı təmas məsələsini gücləndirə bilər”.

 

“Görünür, bu dəfə müharibənin hədəfi İran olacaq”

Siysi icmalçı Ərəstun Oruclu qərargah rəislərinin Bakıda görüşməsini “sadəcə bir görüş” adlandırsa da, bunun təsadüf olmadığını da deyir:

“Zaman da təsadüfi seçilməyib”.

 

Ərəstun Oruslu iddia edir ki, Rusiya və ABŞ-da daxili siyasi durum müharibə tələb edir:

“Görünür, bu dəfə müharibənin hədəfi İran olacaq. Buna işarə olaraq bir çox amil var. Birinci, prezident Tramp hakimiyyəti çox ciddi böhran yaşayır, milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Flinnin istefaya göndərilməsi buna bir misaldır. Amma məsələ bununla bitmədi, istefadan sonra Amerika mətbuatının böyük bir hissəsində daha təhlükəli və kəskin mövqe gündəmə gəldi. Mətbuat yazır ki, prezident Trampın komandası seçki kampaniyası zamanı Rusiya kəşfiyyatı ilə birgə olub və fəaliyyətini koordinasiya edib. Belə bir ittihamın araşdırmasını tələb edən demokratlarla bərabər bir sıra respublikaçıların olduğunu nəzərə aldıqda Tramp hakimiyyətinin durumu sürətlə ağırlaşa bilər, hətta məsələ impiçmentə gedib çıxa bilər. Bu baxımdan Tramp administrasiyasına indiki şəraitdə müharibə lazımdır və müharibə administrasiyanı xilas edə biləcək yeganə vasitədir. Ona görə bütün bu məsələlərin üç gün ərzində bir dönəmi əhatə etməsi təəccüblü deyil. Birinci, İsrail baş naziri Netanyahunun Vaşinqtona səfəri zamanı İran məsələsi müzakirə olundu. İkinci, bu ərəfədə ABŞ-ın ərəb ölkələrilə anti-İran koalisiyası yaratması barədə elanı. Üçüncü, ərəb mətbuatında İranın qonşu ölkələrə müdaxiləsi haqda yazıların gündəmə gəlməsi, konkret olaraq, “Əl-Cəzirə” kanalının saytında belə bir məqalə yayılıb. Nəhayət, Azərbaycanda hərbi vəziyyət haqda qanunun gözlənilmədən Milli Məclisə çıxarılması göstərir ki, Bakıdan Tehrana qarşı istifadə cəhdləri var”.

 

“Vaşinqtonla Moskva qarşılıqlı ittihamlar fonunda görüntü nümayiş etdirməlidirlər”

 "Bəs Moskva buna razı olacaqmı sualına gəldikdə", Oruclu “yüksək ehtimalla bəli" -deyir:

Ərəstun Oruclu foto sosial şəbəkə
Ərəstun Oruclu foto sosial şəbəkə.

“Çünki Rusiya üçün loyal Tramp hökumətinin qorunmasının yeganə yolu budursa, bir sıra şərtlər daxilində İranı qurban verə bilər. İddia etmirəm ki, İrana qarşı genişmiqyaslı quru əməliyyatlar keçirilə bilər, amma aviasiya zərbələri qonşu ölkədə qeyri-sabitliyin yaranmasına təsir edəcək. Bu, İranın ciddi iqtisadi-sosial, humanitar, hərbi problemlərlə üzləşməsinin sürətlənməsi deməkdir. Əgər belə bir şey olsa, Azərbaycan üçün fəlakət ola bilər. Bütün bunların Vaşinqtonla Moskva arasında qarşılıqlı ittihamlar fonunda baş verməsi istisna deyil. Çünki onlar bu görüntünü bir növ nümayiş etdirməlidirlər. Məsələ ondadır ki, Tramp hökumətinin, Maykl Flinndən sonra növbəti itkiləri olmasın”.

Siyasi icmalçı Tramp hakimiyyətinin İrana qarşı addımlarının daxildə dəstəklənməyəcəyinin sezildiyini də deyib:

“Artıq ABŞ-ın aparıcı telekanallarında belə notlar qeyd olunur ki, İran heç vaxt Amerikaya qarşı terror aktı törətməyib. Amma ABŞ bu gün İrana qarşı koalisiyada o ölkələrlə birləşir ki, onların vətəndaşları Amerikada terror aktları keçiriblər, burda Səudiyyə Ərəbistanı xüsusilə vurğulanır. Bir daha deyirəm, İran məsələsi Tramp hakimiyyətini xilas etmək üçün ortaya atılıb və burda üçüncü tərəf Netanyahu hökumətidir. O, İranın zəifləməsində maraqlıdır. Amma bu planın hansı nəticələri ortaya qoyacağı hesablanmayıb”.

 

“Əgər Bakı prosesə qatılarsa, bu, beynəlxalq və tərəflərin öhdəliklərinin pozulması deməkdir”

Ə.Oruclu hesab edir ki, Azərbaycan birmənalı olaraq bu prosesdən kənarda qalmalıdır. İrana qarşı Azərbaycan ərazisindən hansısa aksiyalar həyata keçiriləcəksə, bunun 3 ağır fəsadı ola bilər:

"Birinci, Azərbaycan daxilində parçalanma güclənəcək, gələcək nəsil bunu bizə bağışlamaz. İkinci, proses başlanmadan Azərbaycan İranın təhdidlərinə hədəf olacaq. İranın Azərbaycandakı tərəfdarları 4-5 dindarın həbsilə məhdudlaşmır. Tehranın təsiri göründüyündən daha güclüdür və onlar qabaqlayıcı tədbirlər görəcək. Üçüncü, ağır sosial-iqtisadi durumda olan Azərbaycan daha ciddi problemlərlə üzləşəcək, konkret olaraq, qonşu ölkədən qaçqın ordusu sürətlənəcək. Ona görə bu prosesdən kənardan  qalmaq gərəkdir. Həm də Azərbaycanla İran arasında imzalanmış və parlamentdə ratifikasiya olunmuş iki müqavilə var, əgər Bakı prosesə qatılarsa, bu, beynəlxalq və tərəflərin öhdəliklərinin pozulması deməkdir. Nəhayət, bu prosesin arxasında ABŞ daxilindəki siyasi amilin dayandığını nəzərə alsaq, Azərbaycan çox ehtiyatlı olmalıdır. Birinci, Tramp hökumətinin daxili təzyiqlə hesablaşmağa məcbur olduğu görünür. İkinci, yeni administrasiya həmdəmxəyaldır, təsəvvür edin ki, prosesi başlayırlar, sonra kənara çəkilirlər. Belə məqamda Azərbaycan hansı faciələrlə üzləşir?! Ona görə bu gedişatda Cənubi-Şimali, vahid Azərbaycan məsələsini gündəmə gətirənlər olacaq, bu insanlar birmənalı susdurulmalıdır ki, ictimai rəyi aldatmasınlar. Heç bir ölkə Azərbaycanın birliyini istəmir, azərbaycanlılar bu işdə yalnız alət ola bilər. Ona görə də buna heç bir halda yol verilməməlidir”.