İslam Həmrəyliyi Oyunlarına hansı ölkə nə qədər pul xərcləyib? - cavab veririk #29

Bu il baş tutacaq IV İslam Həmrəyliyi Oyunları (İHO) bir ildir haqqında ən çox danışılan mövzulardan biridir. İslam Konfransı Təşkilatı ölkələrinin iştirakı ilə keçirilən oyunlar bu il Azərbaycanda ilk dəfə baş tutacaq. Bəs bu oyunlar niyə keçirilir, nə vaxtdan təşkil olunur? Bugünə qədər hansı ölkələr bu yarışa nə qədər pul xərcləyib? Suallara cavab verməyə çalışdıq.

İslam Həmrəyliyi Oyunları neçə ildir təşkil olunur?

Con Nourit və Çarlz Periş müəllifi olduqları “Dünyadakı idmanlar; tarix, mədəniyyət və təcrübə” kitabında yazırlar ki, İslam Həmrəyliyi Oyunlarının təşkilinin əsas səbəblərindən biri də 2001-ci il 11 sentyabr hadisəsidir. Hadisədən sonra yarışları keçirməkdə məqsəd Səudiyyə Ərəbistanının dünyada inkişafa və müasir texnologiyaya meyilli olan müsəlman ölkələrini idarə etməsi imicini formalaşdırmaqdır. Beləcə yarışın ilk təşkilatçısı elə Səudiyyə Ərəbistanı olur və oyunlar 2005-ci ildə adıçəkilən ölkənin Ciddə, Məkkə, Mədinə və Taif şəhərlərində baş tutur. İlk oyunlara İslam Konfransı Təşkilatına üzv olan 55 ölkə və 6 minə yaxın atlet qatılır. Yarışlarda iştirak edən ölkələrin qeyri-müsəlman vətəndaşlarına da burada iştirak etməyinə icazə verilir. Bununla yanaşı, iştirakçılara bəzi məhdudiyyətlər də qoyulub. Məsələn, Səudiyyə Ərəbistanında təşkil olunan oyunlarda kişi və qadın idmançılar ayrı-ayrı günlərdə yarışıb. Həmçinin kişi tamaşaçılara qadınların üzgüçülük yarışlarını izləmək qadağan edilib.

İslam Həmrəyliyi Oyunlarının 4 ildən bir keçirilməsi nəzərdə tutulsa da, yarışların ikinci dəfəsinin təşkili baş tutmayıb. II İslam Həmrəyliyi Oyunlarının 2009-cu ilin oktyabrında İranın paytaxtı Tehranda keçirilməsi planlaşdırılsa da, sonradan bu, 2010-cu ilə təxirə salınıb, daha sonra isə yarışların həmin il keçirilməsi, ümumiyyətlə, ləğv olunub. Buna ərəb ölkələri ilə İran arasındakı Fars Körfəzi anlaşılmazlığı səbəb olub. Belə ki, İranın oyunların loqosunda Fars körfəzi sözündən istifadə etməsi buranı Ərəb körfəzi kimi tanıyan ölkələrin narazılığına səbəb olub və bu anlaşılmazlıq həmin il oyunların baş tutmaması ilə nəticələnib.

Maraqlıdır ki, İslamiada ikinci dəfə baş tutmadığı halda İndoneziyada təşkil olunmuş oyunlar III İslam Həmrəyliyi Oyunları kimi qəbul olunub və 2013-cü ildə İndoneziyada baş tutub. İndoneziyada təşkil olunan İslamiada da qalmaqalsız ötüşməyib. 2013-cü ilin iyun ayında keçirilməsi planlaşdırılan oyunlar oktyabr ayına təxirə salınıb. Buna səbəb isə stadionun tikintisində iştirak edən işçilərin əmək haqlarını tam almadıqlarına görə keçirdikləri etiraz aksiyası olub. İşçilər pulları tam ödənməyəcəyi təqdirdə stadionu açmağa imkan verməyəcəklərini bildiriblər və təşkilatçılar oyunları oktyabr ayında keçirməyə qərar veriblər

Hazırda isə Bakıda dördüncü oyunlara hazırlıq gedir. Bakıdakı oyunlara 57 ölkədən təxminən 6 min idmançının qatılacağı gözlənilir. 2017-ci il 12-22 may tarixlərində baş tutacaq oyunlarda iştirakçılar 22 idman növü üzrə yarışacaq. Məlumat üçün bildirək ki, Azərbaycan tərəfinin xahişi ilə bu il yarışların siyahısına zorxana idman növü də daxil edilib.

Oyunların hansı ölkədə keçirilməsi necə müəyyənləşir?

İHO-nun hansı ölkədə, hansı şəhərdə və neçənci ildə baş tutacağı İslam Həmrəyliyi İdman Federasiyasının iclasında müəyyən olunur. 4 ildən bir baş tutan oyunlar üçün hər ölkə namizədliyini irəli sürür və federasiyaya üzv dövlətlər arasındakı səsvermədən sonra növbəti oyunların keçiriləcəyi ölkə seçilir.

İslam Həmrəyliyi İdman Federasiyasının sonuncu, 8-ci Baş Assambleyası 2014-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində toplaşıb. Həmin konfransda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Bakı şəhərinin təqdimatını edib və daha sonra səsvermədə yekdilliklə yarışların Bakıda keçirilməsi qəbul edilib.

İHO-ya nə qədər pul xərclənir?

Yarışlara evsahibliyi edən ilk ölkə Səudiyyə Ərəbistanının Səudiyyə İdman Birliyi təşkilatı lazımı avadanlıqların təmin olunmasına 48 milyon rial, yəni 13 milyon dollar sərf edib. Ölkənin yarışların təşkilinə ümumilikdə nə qədər büdcə ayırması barədə isə ətraflı məlumat verilmir.

İranda baş tutacaq yarışlar təxirə salındığından bu ölkə yarışlar üçün heç bir xərc çəkməyib.

Üçüncü təşkilatçı ölkə İndoneziya isə oyunların təşkili üçün 200 milyard İndoneziya Rupisi (dolların 2013-cü ildəki məzənnəsinə görə, təxminən 20 milyon dollardan çox) xərcləyib. Hökumət nümayəndələri rəsmi açıqlamalarında da bunu təsdiqləyib və vurğulayıblar ki, kifayət etməzsə, dövlət yarışların təşkili üçün əlavə pul ayıra bilər.

Digər ölkələrin xərcləri ilə müqayisədə belə görünür ki, İslam Həmrəyliyi Oyunlarına loru dildə desək, ən çox Azərbaycan can, ya da pul yandıracaq. Gənclər və idman naziri Azad Rəhimov 2016-ci ilin yekunlarına dair mətbuat konfrasında jurnalistlərə açıqlamasında bildirib ki, oyunların keçirilməsi üçün təqribən 100 milyon dollar (180 milyon 450 min manat)nəzərdə tutulub. Nazir deyib ki,bunun 60 milyon dolları bu il, qalan hissəsi gələn il xərclənəcək. Vəsaitin böyük hissəsi əsasən açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulub. Azad Rəhimovunfikrincə, belə tədbirlərdə açılış və bağlanış mərasimləri mühim əhəmiyyət kəsb edir, ona görə də yarışların bu hissəsinə daha çox diqqət ayırmaq lazımdır.