İslam Həmrəylik ili ölkəyə nə gətirəcək?

Aşura günü Fotoqraf: meydan.tv

Hikmət Hacızadə: "Güman ki, hökumət bununla ərəb dövlətlərindən maliyyə dəstəyi almaq istəyir"

Azər Qasımlı: "Hökumətin yeni nəsə ortaya qoymağa fantaziyası çatmadığından sovet qalıqlarına müraciət etməli oldular"

Prezident İlham Əliyev 2017-ci ili İslam Həmrəylik ili elan edib.

Bu barədə dövlət başçısı Nazirlər Kabinetinin 10 yanvar toplantısında bildirib.

2016-cı il "Multikulturalizm ili", 2015-ci il "Kənd təsərrüfatı ili", ondan əvvəl isə "İdman ili" elan olunmuşdu.
Siyasi icmalçı Hikmət Hacızadə 2017-ci ilin İslam Həmrəyliyi ili elan olunmasına etirazının olmadığını deyib: "Amma indiyə qədər olanlar reallıqda görünmür. Nə multikulturalizm gördük, nə kənd təsərrüfatının inkişafını, indi də islam həmrəyliyi. Nə deməkdir islam həmrəyliyi, bunun mənasını, məqsədini açsınlar ki, ictimaiyyət də necə həyata keçiriləcəyini bilsin. Bir daha deyirəm, yaxşı addır, amma gerçəkləşməsində problem var".

Hikmət Hacızadə
Hikmət Hacızadə.

Hikmət Hacızadə güman edir ki, hökumət bununla ərəb dövlətlərindən maliyyə dəstəyi almaq istəyir: "Onsuz da böhran dövründə vəziyyət pisdir, bəlkə bu cür şüarlarla vəziyyətdən çıxmağı düşünürlər".

REAL sədrinin müavini Azər Qasımlı irəli sürülən şüarların hakimiyyət daxilindəki sovet düşüncə tərzinin və sovet keçmişinin hələ qalmasından irəli gəldiyini düşünür:

"Bununla hakimiyyət yeni heç nə kəşf etməyib, əksinə geri qayıdıb. Ötən əsrin 60-70-ci illərində pambıq yığımlarında aparılan təbliğat bu gün başqa formada tətbiq edilir. Hələ 2003-cü ildə İlham Əliyev namizədliyini irəli sürəndə, onun ingilis dilini bilməsi xüsusilə qabardılır və islahatlar aparacağını düşünürdülər. Çoxu da buna inanmışdı. Təəssüf ki, 13 illik tarix İlham Əliyevin sovet dövrünün siyasi xadimlərindən heç nə ilə fərqlənmədiyini göstərdi, onun dünyagörüşü də 60-80-ci illərdə qalıb. Görünür, xarici dilləri bilmək insanın fərqli dünyagörüşə malik olduğuna dəlalət etmir".

Azər Qasımlı
Azər Qasımlı.

A.Qasımlı hesab edir ki, İslam Həmrəylik İlinin Azərbaycan cəmiyyətinə heç bir xeyri yoxdur:

"Xeyri o zaman olardı ki, islahatlar keçirilərdi, ölkə modernizasiya mərhələsinə qədəm qoyardı. Amma Azərbaycanda modernizasiya görünmədi. 10 il ölkənin inkişafından danışılsa da, bir tərəqqi görünmədi. Çünki bütün bu tədbirlər sovet dövrünün transformasiya olunmuş qalıqları olduğundan qloballaşan dünyada Azərbaycana heç nə verməyəcək. İkinci, bu tədbirlərə həddindən artıq çoxlu pullar xərclənildi. Məsələn, multikulturalizmlə bağlı nə qədər konfranslar təşkil olundu, qonaqlar dəvət edildi, yaxud "Eurovision" mahnı yarışması, Avropa İdman Oyunları -bunların hamısı böyük vəsaitlər demək idi. Bu gün də böhranın gətirdiyi fəsadları aradan qaldırmaq üçün həmin pullara ehtiyac var. Əslində, hökumət adıçəkilən tədbirlərin mənasız olduğunu anlayır, ona görə ki, bunların iqtisadiyyata və vətəndaşa müsbət təsiri olmadı. Amma iqtidar hakimiyyətini saxlamaq üçün buna getməyə məcbur idi. Sadəcə, hökumətin yeni nəsə ortaya qoymağa fantaziyası çatmadığından sovet qalıqlarına müraciət etməli oldular".