Hikmət Hacıyev: Ermənistanın məqsədi danışıqlar prosesini pozmaqdır

"Ermənistanın siyasi-hərbi rəhbərliyi çirkin məqsədləri üçün hər cür avantüraya əl atmağa hazırdır"

"İnsidentlərin araşdırılması mexanizmi Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılması prosesinin tərkib hissəsi olmalıdır"

Bunu APA-ya müsahibəsindı XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Nalbandyan ölkəsinin uğursuz siyasətinə bəraət qazandırır

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın həmsədrlərin bəyanatlarını şərh edərkən söylədiyi fikirlərə münasibət bildirən XİN təmsilçisi deyib ki, Ermənistan xarici işlər nazirinin bu açıqlaması ölkəsinin uğursuz siyasətinə və təxribatlarına bəraət qazandırmaq, erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil:

"Bu məqsədlə E.Nalbandyan hətta ATƏT-in Minsk Qrupunun həmsədrlərini ittiham etməkdən çəkinmir. O, 1994-1995-ci illər üzrə atəşkəs rejimini, insidentlərin araşdırılması mexanizmlərini, Vyana və Sankt-Peterburq görüşlərini təhrif olunmuş formada təqdim edir, həmsədrlər tərəfindən Azərbaycan hərbi qulluqçusunun cəsədinin qaytarılması tələb olunsa da, bu məsələnin üzərindən riyakarcasına sükutla keçməyə çalışır".

Hikmət Hacıyev deyib ki, Nalbandyan çıxışlarında 1994-1995-ci illər atəşkəs rejiminə toxunsa da, yalnız onun bir epizodunu qeyd edir: "İnstitusional yaddaş pozuntusundan əziyyət çəkən Ermənistan xarici işlər nazirliyinə xatırlatmaq lazımdır ki, 1994-1995-ci il atəşkəs haqqında razılaşmanın xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə vaxt cədvəli hazırlanmışdı. Ermənistan xarici işlər naziri 1994-1995-ci il atəşkəs razılaşmasının məcburi qaydada yerinə yetirilməli olduğunu deyirsə, onda onun tərkib hissəsi olan vaxt cədvəlinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması da təmin olunmalıdır. Atəşkəs rejimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına və münaqişənin siyasi həllinə şərait yaratmalı olduğu halda, Ermənistan atəşkəsdən bugünə qədər sui-istifadə edir, öz işğalını gücləndirmək və davam etdirmək üçün siyasi möhtəkirlik obyektinə çevirir".

Bu, təxribat vasitəsilə danışıqlar prosesini pozmaqdır

Nalbandyanın insidentlərin araşdırılması mexanizmini gündəmə gətirməsi məsələsinə toxunan mətbuat xidmətinin rəhbəri hesab edir ki, Ermənistan xarici işlər nazirinin bu iddiası məntiqsizlik olaraq ən elementar şəkildə səbəb-nəticə kateqoriyalarına kökündən ziddir:

"Səbəbin həmişə nəticədən əvvəl gəldiyi hər kəsə aydın olsa da, Ermənistan xarici işlər naziri bunu hələ də başa düşə bilmir və ya başa düşmək istəmir. İnsidentlər nəticədir, səbəb isə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur. Ermənistan qoşunlarının BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasından sonra insidentlərin baş verməsi və nəticə etibarilə, onların araşdırılması üçün səbəb qalmayacaq. Vyana və Sankt-Peterburqda münaqişənin həlli üzrə aparılmış substantiv müzakirələrə uyğun olaraq, insidentlərin araşdırılması kimi texniki-köməkçi məsələ Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi olmalıdır. Ermənistan münaqişənin həllinin substantiv məsələlərindən yayınmaq üçün qəsdən diqqəti insidentlərin araşdırılması kimi məsələlərə yönəldir".

"29 dekabr 2016-cı ildə Ermənistanın qəsdən Ermənistan-Azərbaycan sərhədində təxribat törətdiyi tam şəkildə aydındır. Ermənistanın dərhal dezinformasiya xarakterli təbliğata başlaması və onun ardınca ermənipərəst mövqeyi ilə fərqlənən Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının artıq sabiq baş katibi Nikolay Bordyujanın məsuliyyətsiz açıqlaması təxribatın əvvəlcədən hazırlanmış ssenari üzrə cərəyan etdiyini bir daha sübut edir. Ermənistanın bu təhlükəli hərbi avantürasının məqsədi KTMT-ni münaqişəyə cəlb etmək, təxribat vasitəsilə danışıqlar prosesini pozmaqdır"- H.Hacıyev deyir.

Xüsusi təminatı, geyimi və silah-sursatı olmayan tək əsgər nə vaxtdan diversant oldu?

XİN sözçüsü müsahibəsində daha sonra deyib:

"Ermənistanın siyasi-hərbi rəhbərliyi çirkin məqsədləri üçün hər cür avantüraya və yalana əl atmağa hazırdır. Həmsədrlərin bəyanatında sırf humanitar əsaslarla, həlak olmuş Azərbaycan hərbi qulluqçusunun cəsədinin təxirə salınmadan qaytarılması tələb olunsa da, Ermənistan xarici işlər naziri bu məqamın üzərindən sükutla keçməyə çalışır. Nalbandyan ölkəsinin beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə konvensiyalarına kökündən zidd olan qeyri-insani siyasətinə əsassız şəkildə bəraət qazandırmağa çalışır, Ermənistanın sərhəddə törətdiyi son təxribatı nəticəsində itkin düşmüş Azərbaycan hərbi qulluqçusunu, sıravi əsgəri utanmadan diversant adlandırmaqdan çəkinmir. Xüsusi təminatı, geyimi və silah-sursatı olmayan tək əsgər nə vaxtdan diversant oldu? Cenevrə konvensiyalarının tələblərini rəhbər tutaraq, həlak olmuş Azərbaycan hərbi qulluqçusu Çingiz Qurbanovun cəsədinin geri qaytarılması və ailəsinə təhvil verilməsi üçün beynəlxalq təşkilatlarla əlaqəli şəkildə zəruri tədbirlər görülür.

ATƏT-in Minsk Qrupunun həmsədrləri, KTMT-nin üzv dövlətləri və beynəlxalq ictimaiyyət Ermənistanın regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyan və münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa hesablanan bu təhlükəli hərbi avantüra cəhdlərini və çirkin niyyətini ciddi surətdə nəzərə almalıdırlar.

Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, münaqişənin substantiv danışıqlar yolu ilə mərhələli şəkildə həll edilməsi, regionda davamlı sülh və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə səylərini davam etdirəcək.

Ermənistan regionu yeni təhlükələrə və hərbi avantüralara sürükləyən siyasətindən əl çəkməli, Azərbaycan ərazilərinin işğalına son qoymalı və münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmalıdır. Münaqişə nə qədər tez həll olunarsa, bir o qədər də tez regionda yaranacaq əməkdaşlıq imkanlarından erməni xalqı faydalana bilər".