Məhbuslar necə qidalanmalıdır? - Qanunda və praktikada - cavab veririk #28

Azadlıqdan məhrum edilən şəxslərin həyatlarının müəyyən hissəsi cəzaçəkmə müəssisələrində keçdiyindən bütün ehtiyacları da burada, dövlət tərəfindən qarşılanır. Bu ehtiyaclara qidalanma da daxildir. Bəs məhbuslar nə yeyir? Onların qidalanması necə təmin olunur? Onların yaxınları çöldən yemək gətirə bilərmi? “Cavab veririk” rubrikasının budəfəki sayında bu suallara cavab verməyə çalışacağıq.

Qanuna görə məhbuslar necə qidalanmalıdır?

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun “Yemək təminatı, ərzaq məhsullarının və ən zəruri malların əldə edilməsi” adlı 20-ci maddəsinə əsasən, məhbuslar müasir gigiyena tələblərinə uyğun şəkildə hazırlanmış qida ilə gündə 3 dəfə təmin olunurlar. Adıçəkilən maddədə o da qeyd olunur ki, yeməklər hazırlanarkən məhbusların yaşı, sağlamlıq vəziyyəti və dini ənənələri nəzərə alınmalıdır. Həmçinin məhbuslar öz vəsaitləri hesabına da ərzaq məhsulları və ən zəruri malları əldə edə bilərlər.

 

Məhbusların qidalanması barədə İnsan Haqlarına dair Avropa Konvensiyasında da xüsusi tələblər var. Həmin Konvensiyaya görə, məhbuslar gündə üç dəfə yeməklə təmin olunmalıdır. Hər bir məhbusun fasiləsiz içməli su əldə etmək imkanı olmalıdır.

Meydan TV-nin araşdırmasına görə, məhbuların yemək təminatına büdcədən ayrılan vəsait hər bir məhbusun qidalanması üçün heç də kifayət deyil. Belə ki, 5 il ərzində Penitensiar Xidmət büdcədən ayrılan 835 milyonun cəmi 10 faizini tenderlərə xərcləyib. 2010-cu ilin yanvarından 2015-ci ilin sentyabrına kimi təxminən 80.125.444,5 manatlıq tender müqaviləsi reallaşdırılıb. Tender.gov.az saytında yer alan məlumatlara görə deyə bilərik ki, bu məbləğdən 55 milyondan bir qədər çoxu ərzaq məhsullarının alınmasına sərf olunub. Əgər tenderlərin siyahısında tam şəffaflıq təmin olunubsa, o zaman bu məbləğ çox azdır. Gözəyarı hesablamaqla müəyyən etmək olar ki, bu məbləğlə ölkədəki məhbusların ərzaqla təmin olunması üçün günə cəmi 1 manatdan bir az çox pul ayrılıb.

Məhbuslar nə yeyir?

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin məlumatına görə, cəzaçəkmə müəssisələrində məhbuslara verilən üçdəfəlik yemək mətbəxdə hazırlanır və kameralara gətirilir. Adi bölgü - şorba, ətlə yarma, 650 q-lıq ağ çörək. Bundan əlavə, hər həftə yaxınlarından 8 kiloqramadək bağlama qəbul edilir.
1997-ci ilədək məhbusların əsas narazılığı şəhər çörəkxanalarından gətirilən çörəyin keyfiyyəti ilə bağlı idi. Hazırda həbsxanada gün ərzində 2 ton çörək bişirmək imkanına malik olan çörəkxana var.

1997-ci ilin mayından etibarən gətirilməsinə icazə verilən ərzaqların siyahısı: çörək, çörək- bulka məmulatları, qənd məmulatları, balıq, ət, kolbasa, yağ, bağ məhsulları, meyvə, meyvə konservləri, göyərti, povidla, cem, turşu, süd məhsulları (kəsmik, kefir), tütün məmulatları. Bundan əlavə, su qızdırıcılarının, çaydanların, sərinləşdiricilərin, kompüter oyunlarının, radioqəbuledicilərin gətirilməsinə icazə verilir. Bəzilərini - siqaret, yazı ləvazimatı, qəzet və s. bağlamaların qəbulu və görüş zalında mövcud olan kiçik mağazadan almaq olar. Zalın divarlarında qəbuluna icazə verilən əşya və ərzaqların siyahısı, ərizə, şikayət nümünələri asılıb.

Əvvəllər məhbus olmuş şəxslər həbsxanadakı qidaları necə xatırlayır?

Keçmiş siyasi məhbus Tofiq Yaqublu həbsdən azad olunduqdan bir müddət sonra jurnalsitlərə müsahibəsində qeyd edib ki, oradakı qidalar keyfiyyətsiz olduğundan o da daxil olmaqla bir çox məhbus evdən gələn ərzaqla qidalanıblar:
“Mən bir dəfə həbsxana yeməyini yedim, o da Şəkidə, ora da yeni açılmışdı. Yeni açıldığından özüm üçün test etdim, amma duzlu olduğundan xoşuma gəlmədi”.

NİDA Hərəkatının üzvü, keçmiş siyasi məhbus Zaur Qurbanlı deyir:

"Yeməklərdən günorta yeməyi bir az yeməli idi, axşam yeməyi isə yararsız. Səhər yemək verilmirdi, sadəcə gün ərzində istifadə etməyə bir qara çörək verilirdi. Daha yaxşı kameraya keçmək pullu idi, amma məbləğini bilmirəm. Yaxud "burjuy" kimi yaşamaq üçün Tibb Məntəqəsində və ya 10-cu korpusda (Təcridxanada qalan işçi məhkumlar üçün korpus əsas binadan ayrı) qalmaq üçün xeyli məbləğ ödənilirdi. Məmurların övladları və ya digər pullu adamlar bu xidmətdən istifadə edirdi. Kameranın içində temperatur 40-50 dərəcə olurdu. Havalandırma yoxdur. Nəfəs almaq mümkün deyildi".

Ombudsman Aparatı bu sahəyə nəzarət edirmi?

Mətbuatda demək olar ki, mütəmadi olaraq İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovanın müxtəlif cəzaçəkmə müəssisələri, saxlanma yeri və istintaq təcridxanalarına xəbərdarlıq edilmədən baş çəkdiyi barədə məlumatlar dərc olunur. Sonuncu dəfə bu ilin mayın 26-da 11 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkən ombudsman buradakı saxlanma şəraiti, qidalanma, tibbi yardım, sovqat qəbulu, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə, habelə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası üzrə görülmüş işləri yerində araşdırıb və oradakı məhbusların heç bir şikayəti olmadığını bildirib.

İNFOGRAFİKAYA DAHA İRİ ÖLÇÜDƏ BAXMAQ ÜÇÜN LİNKƏ TIKLA