Nardaranda ölən polis Vüqar Nəsibov
Nardaranda ölən polis Vüqar Nəsibov

Nardaranda öldürülən polislər

Vəkil: "Polislərin qurban verildiyi ehtimalı da var"

2016-cı ilin iyun ayından etibarən Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən "Nardaran işi" prosesi artıq yekunlaşmaq üzrədir.
Dekabrin sonunda Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Nardaran hadisəsində təqsirləndirilən Taleh Bağırova ömürlük, digərlərinə 20 ildən başlayaraq ən az 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası istəyib. Prokuror təqsirləndirilən Abbas Hüseynova 20 il, Cabbar Cabbarova 19 il, Rasim Cəbrayılova 17 il, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya 11 il, yeniyetmə Ramin Yarıyevə 10 il, digərlərinə isə 15 il həbs cəzası istəyib. Yanvarın 9-na təyin olunan məhkəmə prosesində vəkillər müdafiə nitqi, təqsirləndirilən şəxslər son sözlə çıxış edəcəklər.

Aylarla keçirilən məhkəmə prosesində 26 noyabr 2015-ci ildə Nardaranda baş verən hadisə və orada həlak olan iki polis zabitinin - Vüqar Nəsibov və İsmayıl Tağıyevin öldürülməsi faktı araşdırıldı. Ortaya çıxan ziddiyyətlər, şahid ifadələri ilə əldə olunan sübutlardakı fərqlər polislərin konkret kimlər tərəfindən öldürülməsi məsələsini məchula çevirdi.

Nardaranda ölən polislərin dəfnindən
Nardaranda ölən polislərin dəfnindən.

Jurnalist Mustafa Hacıbəyli mövzu ilə bağlı araşdırma aparıb.

Müəllif yazır ki, iki əməliyyatçının öldürülməsi faktı hüquq-mühafizə orqanlarına sərt tədbirlər və kütləvi həbslər həyata keçirmək üçün yaşıl işıq yandırıb.Bəs polisləri kim öldürüb? Müəllif bu suala cavab tapmağa çalışıb.

Həyətdə qumbara izi yoxdur

"Nardaran işi"nə bir neçə cinayət işi birləşdirilib. Ümumilikdə 87 nəfər həbs olunub, 7 nəfər axtarışdadır. Təqsirləndirilən şəxslər müxrəlif qruplara bölünərək, onlar üzərində Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesləri başlayıb.

Vəkil Nemət Kərimli deyib ki, cinayət işinin materiallarına və məhkəmədə ifadə vermiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşlarının ifadələrinə görə, həlak olan polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev Əbülfəz Bünyatova məxsus olan həyət evinə girərkən Tale Bağırzadənin tərəfdaşlarının həyətin ortasına atdıqları qumbaranın partlayan qəlpələri və açılmış atəşlər nəticəsində ölümcül yaralanıblar.

Nardaranda güllələr dəymiş evin divarı
Nardaranda güllələr dəymiş evin divarı.

İstintaqın versiyasına görə, qumbaranı hadisə zamanı öldürülmüş Nardaran sakini Əkbər Babayev atıb, zərərsizləşdirildiyi zaman o yaralanıb, evin içinə qaçıb və oradan polsilərə atəş açmağı davam etdirib.

Nardaran məhbuslarının hüquqlarını müdafiə edən vəkil Yalçın İmanovməhkəmədə bu ittihamın sübuta yetmədiyini deyir:

"Məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər Əkbər Babayevin əlində heç bir qanunsuz əşya, o sıradan silah-sursat olmadığını, heç kimə qumbara atmadığını, polislərin evə qəfil basqını zamanı həyət divarının yanında qara maskalıların onu dərhal güllələdiyini bildirdilər".

"26 noyabr 2015-ci il tarixdə əməliyyat tədbirinə rəhbərlik etdiyi bildirilən BMCMİ-nin şöbə rəisi Kərim Əlimərdanovun tərtib etdiyi "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və maddi sübutların götürülməsi haqqında" protokolda atılmış qumbaranın hər hansı izinə rast gəlmək mümkün deyil. Nə qumbaranın həyətin ortasında yaratdığı çüxur, nə onun ətrafa səpələnən qəlpələri barədə sözügedən protokolda heç nə deyilmir" – Yalçın İmanov bildirir.

Güllələr bayırdan içəri atılıb

"Eyni sözləri 3 dekabr 2015-ci ildə tərtib edilmiş "Hadisə yerinə baxış keçirilməsi haqqında" protokol haqda da demək mümkündür. Həyət divarları, darvaza, mənzillərin içi, həyətdəki müxtəlif növ ağaclar və s. üzərində qumbaranın partlayan qəlpələrinin hər hansı izi yoxdur. Əvəzində həmin protokolda Bünyatovun tar-mar edilmiş mülkünün hər yerində – həyət darvazasından (6 güllə zədəsi) tutmuş yataq otağına qədər bayırdan içəriyə doğru açılmış atəş nəticəsində çoxsaylı zədə izləri, qan ləkələri əksini tapıb. Əkbər Babayev evdən atəş açırdısa, nəyə görə zədə izləri içəridən bayıra deyil, bayırdan içəriyə doğrudur?" – vəkil bu sualının məhkəmədə cavabsız qaldığını bildirir.

E-Poçt ünvanı - 

Müəllif yazır ki, Nardaranda atışmanın baş verdiyi həyətdə hadisədən sonra çəkilmiş foto-şəkilləri əldə edib və həmin şəkillərdən görünür ki, qarşıdurmanın olduğu məkanda qumbaradan istifadə sübut edən hər hansı iz, yaxud çuxur yoxdur.

Cinayət işinin materiallarına görə, polis zabiti Vüqar Nəsibov Sarvan Səfərovun avtomat silahdan atdığı güllə nəticəsində ölümcül yaralanıb. Ancaq təqsirləndirilən şəxslər məhkəmədə verdikləri ifadələrində Sarvan Səfərovu da qara maskalı əməliyyatçıların dərhal və yerində güllələdiyini bildirdilər.

Nardaranda evdəki gilizlər
Nardaranda evdəki gilizlər.

"Atəşin əlavə faktorlarının təsir etmədiyi məsafə" nə deməkdir?

Ekspert rəyinə görə, İsmayıl Tağıyevin nəşinin daxili müayinəsi zamanı, onun,yaxın olmayan məsafədə partlayan qumbaranın partlaması nəticəsində 2 qəlpə yarasından öldüyü müəyyən olunub.

Cinayət işi və məhkəmədə ifadə verən BMCMİ-nin əməkdaşları deyir ki, ölən polis zabitləri Vüqar Nəsibov və İsmayıl Tağıyevin hamıdan öndə gediblər, birinci olaraq həyətə daxil olublar və bir neçə saniyə sonra həyətin ortasına atılmış qumbaranın ətrafa səpələnən qəlpələri və atvomat silahdan atılmış atəşlər nəticəsində yaralanıblar və daha sonra Daxili İşlər Nazirliyinin A.Heydərov adına hospitalında vəfat ediblər.

Vəkil Yalçın İmanov burada ciddi ziddiyyətlərin olduğunu bildirir: "Hadisənin baş verdiyi həyət evinin qarşısındakı sahənin ölçüsü 30×20 metrdir. "Yaxın olmayan məsafə" deyildikdə hansı məsafə nəzərdə tutulur? həyətin ortasına qumbara atılıbsa, bu, giriş qapısının lap yaxınlığını əhatə etməliydi. Digər ölən zabit Vüqar Nəsibovla bağlı ekspert rəyinə görə isə, o, 1 güllə, 1 qəlpə yarasından həlak olub. Rəyə əsasən, qəlpə və güllə yaraları atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən atəş zamanı əmələ gəlib. "Atəşin əlavə faktorlarının təsir etmədiyi məsafə" nə deməkdir? Necə olur, eyni vaxtda həyətə daxil olan, eyni yerdə, eyni vaxtda olan şəxslərin birinin yaralanması "yaxın olmayan məsafədən", digərinin yaralanması isə "atəşin əlavə faktorların təsir etmədiyi məsafədən" baş verir?"

Yalçın İmanov bildirir ki, ittiham tərəfi bu suallara da cavab verə bilmir.

Video-çəkiliş gizlədilir

Müəllif dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə keçirilən məhkəmə prosesində də iştirak edib. Prosesdə Yalçın İmanov təqsirləndirilən şəxslərə istinadən bildirib ki, Nardaranda əməliyyat həyata keçirilən zaman burada əməliyyatçılar tərəfindən video çəkiliş aparılıb. Əgər ittiham tərəfi polislərin öldürülməsi ilə bağlı ittihamı sübuta yetirmək istəyirsə, video-çəkilişin məhkəmədə nümayiş olunmasına maraqlı olmalı idi. Lakin bunun əksi oldu.

Vəkil Yalçın İmanov BMCMİ-yə məhkəmə tərəfindən sorğu göndərilməsi, əməliyyat zamanı həyata keçirilən video-çəkilişin məhkəmədə nümayiş olunması barədə vəsatət qaldırıb. Lakin dövlət ittihamçısı Nəsib Bayramov vəsatətə etiraz edib. Hakim Əlövsət Abbasov bu vəsatəti təmin etməyib.

Prosesdə çıxış edən Taleh Bağırzadə əməliyyata rəsmən cəlb olunan 8 nəfər hal şahidinin məhkəmədə dindirilməsini istəyib. Taleh Bağırzadə qeyd edib ki, indiyədək prosesdə şahid, yaxud zərərçəkən qismində dindirələn şəxslərin hamısı polis işçiləri olub və neytral şahidlərin dindirilməsi məsələlərə aydınlıq gətirə bilər. Lakin prokurorun etirazı ilə üzləşən bu vəsatət də hakim tərəfindən rədd edilib.

Polislərin sakinlər tərəfindən öldürülməsi ittihamı sübuta yetmir

Vəkil Nemət Kərimli bildirir ki, sözügedən polis zabitlərinin Nardaran sakinləri tərəfindən öldürülməsi barədə ittiham sübuta yetmir. Vəkil ölən polislərin qurban verildiyi ehtimalının da olduğunu deyir: "Ya burada 3-cü qüvvə olub, ya da polislər qurban verilib. İstintaq materiallarında və məhkəmədə məlum olur ki, əməliyyatda iştirak edən bütün polislərdə odlu silah – "Zəfər" tapancası olub. Amma məhz ölən polis əməkdaşlarında rezin güllə atan silahlar olub. Məhkəmədə sual veriləndə ki, niyə əməliyyatçılar rezin güllə ilə silahlanmış polisləri hamıdan irəliyə göndəriblər, ittiham tərəfi cavab verir ki, əməliyyatçıların odlu silahdan istifadə etmək niyyətləri olmayıb. Amma hadisənin baş verdiyi həyətin qapısında çöldən atılan güllə izləri var. Necə olub ki, əməliyyatçılar hələ qapı açılmamış odlu silahla atəş açıblar? Bu suala ağlabatan cavab verilmir".

Vəkil bildirir ki, Nardaranda kimlərdəsə avtomat silahların olması da məhkəmədə təsdiqlənmir: "Təqsirləndirilən şəxslərin çoxunun, onlar zərərərsizləşdirilərkən ciblərindən əl qumbaraları tapıldığı bildirilir. Eyni zamanda bildirilir ki, onlar cins şalvarda olublar. Cins şalvarın cibinə əl qumbaraları necə sığıb? Bu suala da ağlabatan cavab verilmir".

Nardaranlılarda silah olmayıb

Müəllif Nardaran işinə görə tutulan məhbuslardan birinin atası ilə də söhbətləşib. Adının çəkilməsini istəməyən məhbus atası qeyd edib ki, məhkəmədə siyahısı açıqlanan silahlar heç vaxt Nardaranda olmayıb: "Adımı yazsan, məni də həbs edərlər, oğlum. Amma bu ittihamlar yalandı. Nardaranda camaatda nə qumbara, nə avtomat, nə də başqa silah olub. Biz ancaq namaz qılırıq, ibadət edirik. Namaz qılmaq nə vaxtdan cinayət olub? Onlar gedib bizi başqa cür təqdim edirlər".

Hadisənin özünə gəlincə, məhbus atası bunun nardaranlılar üçün tamamilə gözlənilməz olduğunu deyib. "Əməliyyat kənd sakini Əbülfəz Bünyatovun evində baş verib. Bünyatovun xanımı jurnalistlərə deyib ki, onlar Məhərrəmliyin 40 mərasiminə hazırlıq görürmüşlər. Noyabrın 26-da ehsan verilməli imiş. Bu məqsədlə Hacı Taleh də qonaq kimi dəvət edilib. Lakin namaz vaxtı qəflətən polis əməkdaşları və maskalılar evə silahlı basqın ediblər. Orda namazda olan oğlum deyir ki, heç bilmirəm hadisə necə oldu. Qəflətən evə hücum etdilər. Səs bombasından, güllədən istifadə etdilər, qalanları da tutub apardılar. Məqsədləri Hacı Talehi tutmaq, bizi də susdurmaq idi. Susdurdular".