Əliyevin komandası

İlham Əliyev Fotoqraf: president.az

Belə Azərbaycanın gələcəyi varmı?

Azərbaycan Konstitusiyasının 8-ci maddəsinin dörd bəndində prezidentin kimliyi təsvir edilir. Bu bəndləri oxuyub dərin fikrə dalanda fərasətli vətəndaşa bəlli olur ki, ulu öndərin tərtib etdiyi bu Konstitusiyaya görə, prezident xalqın var-yoxudur, hər şeyidir və hər kimidir. Xalqın vahidliliyinin təcəssümüdür, dövlətçiliyin varisliyinin, beynəlxalq müqavilələrin icrasının və məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Böylə taleyüklü və möhtəşəm milli vəzifələrin öhdəsindən bir adam heç cür gələ bilməz, buna görə Konstitusiya xalqın "seçdiyi" bələdiyyələrə mikroskopik, prezidentin təyin etdiyi icra hakimiyyəti başçılarına intəhasız səlahiyyətlər vermişdir.

Prezident ölkəni idarə edən böyük bir komandanın həm məşqçisi, həm də oynayan kapitanıdır. Bu komanda 25 ildir ki, təxminən eyni tərkibdə və eyni üsulla oynayır. Baxaq nəticələrə:

-Аzərbaycanın adı insan haqları və demokratiya hesabatlarında bədnam hallanır;
-ölkədə əhalinin etibar edə biləcəyi müstəqil məhkəmə yoxdur;
-polisdə və həbsxanalarda vətəndaşlara işgəncə verirlər;
-dövlət cihazında rüşvət adi haldır;
-Qarabağ işğal altındadır və məsələdə işıq ucu görünmür:
-milli pul vahidi aramsız zəifləyir;
-əhali ölkənin taleyinə biganədir, seçkilərə maraq və etibar mütəmadi enir;
-ölkə yalnız xammal ixracının hesabına yaşayır və 25 ildə bir dənə olsun belə elmtutumlu və rəqabətə qadir məhsul istehsal edə bilməyib;
-elmin, təhsilin və səhiyyənin tənəzzülü şəksizdir;
-rayonlardan paytaxta köçən insanların hesabına Bakı əhalisinin sayı ikiqat çoxalıb, regionların inkişafı adı altında qəbul edilmiş proqramların hamısı iflasa uğrayıb.

Prezidentin qarşısında duran vəzifələr çox ağırdır, bir nəfər tərəfindən onların icrası, demək olar ki, mümkünsüzdür.

Mövcud şəraitdə xalqın vahidliyini necə təmin etmək olar? Ayda 150-200 manat məvacib və ya təqaüd alan insanı necə inandırasan ki, ayda 1500 manat maaş alan nazirin bivec övladının qiyməti 1,5 milyon dollar qiyməti olan maşını sürməyə tam haqqı var və bu hal Azərbaycanın Konstitusiyasına uyğundur?

"Ölkədə rüşvət və oğurluq tüğyan edir" deyən insanları polis şərləyib məhbəsə atırsa, vicdansız hakimlər bu insanlara yuxarının sifarişi ilə ədalətsiz və amansız hökmlər çıxarırsa, prezident düşünən və danışmağa cürəti çatan insanları necə inandırsın ki, oğru dəstəsi ilə vəhdət dövlətin möhkəmliyinin əsas şərtlərindən biridir?

Dostum "Elmlər Akademiyası" metro stansiyasının yanında yaşayırdı. Bir dəfə görüşəndə "Biz necə də heyvərə cəmiyyətdə yaşayırıq" soruşmuşdu. Sualının səbəbini belə izah etmişdi ki, həyətlərində bivec bir insan var, ixtisasca mühəndisdir, sovet vaxtı "acından günorta duran" dılqırların sırasına daxil imiş. İndi Nəqliyyat naziri

Ziya Məmmədovun körpü layihələrini icra edir, hədsiz varlanıb və qudurub. Qonşu mənzilləri alıb, nəhəng eyvan açıb, aşağı mərtəbədə yaşayan və günəş işığının evindən kəsilməsindən şikayətlənən qonşusunu hədələyib.

Dostum dözməyib onu həyətdə saxlayır və dişinin dibindən çıxanı bu oğruya deyir. Həmin adam dillənmir, çünki bütün həyət bilirmiş ki, dostumun bir şilləsi istənilən adamı yerə sərməyə bəsdir.

Həmin "mühəndis" yeni binalardan birində mənzil alır və sovet dövrü tikilmiş evinə və həyətə "əlvida" deyir.
Sonra həyətin camaatı xəbər tutur ki, tikdiyi körpülərdən topladığı xalq malının hesabına bu adam özünə Quba rayonunun icra hakimiyyəti başçısı vəzifəsini alıb, şanlı fəaliyyətini orada davam etdirir, rayona ayrılan pulları basıb yeyir və özünə Azərbaycanın ən səfalı güşəsi sayılan Qubada qiyməti iki milyon dollara çatan bir imarət ucaldıb.

Bəli, günlərin bir günü xəbər yayılır ki, Quba əhalisi üsyan edib, icra hakimiyyəti başçısının evini dağıdıb, bahalı maşınını yandırıb, icra başçısı pis gündədir.

Prezident öz komandasının dəyərli oyunçusunu qorumaq üçün nə edir? Daxili Qoşunları göndərir Qubaya. Etiraz edənləri tutub atırlar məhbəsə, məhkəmə keçirib onlara iş kəsirlər.

Siz bilən, bundan sonra Quba sakinlərinin oğru məmurlarla vəhdəti təmin olundumu? Və xalqın gözündə dövlətin hörməti, dövlətə etimad artdımı?

Bu, mənim bildiyim yüzlərlə, minlərlə eyni tövrlü hadisənin biridir. Başqa birisini danışımmı?

Başqa bir dostum İsmayıllı rayonunun İvanovka kəndində özünə yaylaq evi alır. Evi molokan kəndli satır.

Soruşuram ki, kəndli nə əcəb evini satır. Dostum deyir ki, kənd boşalır, molokanlar icra hakimiyyəti baçşısının kolxozdan aldığı rüşvətin ağırlığına dözə bilmirlər, halal zəhmətləri müqabilində onlara verilən qəpik-quruş onların güzəranını təmin etmir, ona görə evlərini satıb Rusiyaya köçürlər. İcra hakimiyyəti başçısının qardaşı nazirdir, yəni bu ailə hakim siyasi sinifdə möhkəm oturub. İcra başçısı rayona şirü-pələng kimi girişib, hər şeyi və hər yeri qamarlayıb özəlləşdirir. Düşünürəm: "Görəsən, Quba hadisəsi burada təkrarlanacaqmı?"

Günlərin bir günü xəbər yayılır ki, İsmayıllı camaatı ayağa qalxıb, icra hakimiyyəti başçısının mehmanxanasını və bahalı maşınlarını yandırıb.

Prezident neylədi? Gümanınız düzdür, Daxili Qoşunları rayona yeritdi, etiraz edənləri tütdu, fürsətdən istifadə edib hadisədən iki gün sonra İsmayıllıya gəlmiş İlqar Məmmədovu da həbs edib etirazçılara qatdı ki, "onları sən öyrətmisən..."

İcra hakimiyyəti başçısı cinayətlətinə görə heç bir cəza görmədən işini tərk etdi, tutulanların əksəriyyəti isə, ilk növbədə, İlqar Məmmədov, hələ də həbsdədir.

İstənilən sahəyə və nazirliyə, dövlət xidmətinə, dövlət qurumuna baxsanız, prezidentin komandasının bu əvəzedilməz oyunçularını görəcəksiniz.

"AZAL"? Pis gündədir, fəaliyyətinin səmərəsizliyini sərnişinlərin cibinə girməklə örtüb basdırır.

Kənd təsərrüfatı? Allah rəhmət eləsin. Ölü cana həb verməklə onu diriltmək mümkün deyil. Pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafı haqqında nağılların arxasında gerçək inkişaf deyil, büdcə pullarının mənimsənilməsi və xalqın başının altına yastıq qoyulması məqsədi durur.

Özəl biznes? Hamısı vəzifəli məmurların, prezidentin yaxın ətrafının mülkiyyətidir. Qazancı əhaliyə keyfiyyətli xidmət hesabına deyil, dövlət cihazı üzərində nəzarətin sayəsində öz inhisarçı hüquqlarını təmin etməklə əldə edirlər.

Belə Azərbaycanın gələcəyi varmı?

"Neftçi" komandasının Avropa çempionu olmaq şansı nə qədərdirsə, bu hakim zümrənin başçılığı altında Azərbaycan Respublikasının özünə xoşbəxt və abırlı gələcək qurmaq şansı da bir o qədərdir.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.