Tarif Şurasının üzvləri kimlərdir və necə təyin edilir? - Cavab veririk #27

Tarif (qiymət) Şurası noyabrın 28-də keçirdiyi iclasda qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satış qiymətlərinin artırılması barədə qəbul edib. Bir müddət əvvəl də dərman vasitələrinin satış qiymətlərini artıran Şuranın sonuncu qərarı da ciddi müzakirə doğurdu. Tarif Şurası dərman vasitələri, qaz, elektrik enerjisi ilə yanaşı daha hansı məhsulların satış qiymətini tənzimləyir? Bu qurumun səlahiyyət və vəzifələri nələrdir? Nə vaxtdan fəaliyyət göstərir? “Cavab veririk” rubrikasının növbəti sayında bu suallara cavab verməyə çalışacağıq.


Tarif Şurası qanunvericilik aktlarına uyğun olaraq dövlət tənzimlənməsinə aid edilmiş qiymətlərin tənzimlənməsinin həyata keçirir. Müvafiq Əsasnaməyə uyğun olaraq şuranın bundan başqa aşağıdakı vəzifələri var:
- Qeyri-qanuni qiymət artımının dayandırılması haqqında qərar qəbul etmək, bu sahədə cərimə vəı sanksiyalar tətbiq etmək;
- Tənzimlənən qiymətlərə əsaslı təsir göstərən xərclərin azaldılması barədə təkliflər vermək;
- Ayrı-ayrı istehlakçı qruplar, müəssisə və təşkilatlar, investorlar üçün qiymətlər üzrə güzəştlərin verilməsinə, habelə limit və normaların müəyyənləşdirilməsinə dair təkliflər hazırlamaq;
- Qiymətlərin dövlət tənzimlənməsi üzrə həyata keçirilən işlər barədə kütləvi informasiya vasitələrinə tənzimləmənin zəruriliyi, məqsədi və mümkün nəticələri barədə məlumat vermək;
- Qiymət tənzimləməsi məsələlərində beynəlxalq və regional təşkilatlarda, elmi-praktiki konfranslarda və seminarlarda təmsil etmək və s.


Tarif Şurasının yaradılması barədə prezident fərmanı 2005-ci il 26 dekabrda verilib və Nazirlər Kabineti 2006-cı il martın 9-da həmin fərmanın icrasına başlayıb. Həmin qərara əsasən Şuranın Katibliyinin işçilərinin say həddi, Şuranın katibinin və əməkdaşlarının aylıq vəzifə maaşları və digər təminatları müəyyənləşdirilib. Belə ki, bunların Azərbaycan mərkəzi icra hakimiyyəti orqanları aparatı rəhbərinin və işçilərinin aylıq vəzifə maaşları və digər təminatları səviyyəsində olması barədə qərar qəbul olunub.  
Əvvəl Şuranın katibliyinin işçilərinin say həddi 25 olsa da, sonradan bu say 30-a, Nazirlər Kabinetinin 2016-cı ilin əvvəlində verdiyi qərara əsasən isə 33-ə qaldırılıb.

Tarif Şurasının sədri iqtisadiyyat naziri Şahin Mustafayevdir. O, 2008-ci ildən bəri bu vəzifədə çalışır. Şuranın digər üzvləri isə bir neçə nazirlikdə müavin vəzifəsini daşıyan şəxslərdir. Bunlar aşağıdakılardır:

Maliyyə nazirinin müavini - Azər Bayramov
Vergilər nazirinin müavini - Sahir Məmmədxanov
Ədliyyə nazirinin müavini - Toğrul Musayev
Energetika nazirinin müavini - Gülməmməd Cavadov
Nəqliyyat nazirinin müavini - Musa Pənahov
Rabitə və yüksək texnologiyalar nazirinin 1-ci müavini - İltimas Məmmədov
Kənd təsərrüfatı nazirinin müavini - İlham Quliyev
Səhiyyə nazirinin müavini - Elsevər Ağayev
Təhsil nazirinin müavini - Ceyhun Bayramov
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini - İdris İsayev
Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini - Səfər Mehdiyev
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini - Dövlətxan Dövlətxanov


- Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri
- Təbii qazın emal, nəql, topdansatış və pərakəndə satış tarifləri
- Bakı şəhərində marşrutlar üzrə sərnişindaşıma xidmətinin tarifləri
- Şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişin daşıma xidmətlərinin tarifləri
- Universal poçt rabitəsi xidmətlərinin tarifləri
- Rabitə xidmətlərinin tarifləri
- Elektrik enerjisinin tarifləri
- Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri
- Neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri
- Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri
- Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tarifləri
- “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tarifləriKüçə reklamının yayımı üzrə tariflər
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tarifləri
- Baş Dövlət Yol Polisi İdarəsinin tarifləri
- Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tariflər