Hansı ölkələrdə müharibə davam edir? - Cavab veririk#26

Hələ də Yer kürəsində onlarla müharibə ocağı, bu müharibənin milyonlarla ölü, yaralı və mühacir qurbanı var. Bu siyahıya həm vətəndaş, həm də siyasi maraqlar uğrunda ölkələr arasında gedən müharibələr, eləcə də terror təşkilatlarını zərərsizləşdirmək üçün həyata keçirilən hərbi əməliyyatlar daxildir. Hazırda hansı ölkələrdə müharibə davam edir? Bunların səbəbləri nədir? “Cavab veririk” rubrikasının bu dəfəki yazısında bu suallara cavab tapmağa çalışacağıq.

Neçə müharibəyə şahidlik edirik?

Hazırda dünyada davam etməkdə olan 28 müharibə var. Bunların bir qismi vətəndaş, digər qismi isə ölkələr arasında olan müharibədir. Həmin müharibə ocaqlarının böyük əksəriyyəti şərqdədir və hamısına konflikt statusu verilib.

Hələ də davam edən müharibələr əsasən 2 qrupa bölünür. Konflikt statusu pisləşməkdə olanlar və bu statusu dəyişməz qalanlar.

Konflikt statusu pisləşməkdə olan müharibələr hansılardır?

Bu siyahida ilk yerlərdə duran konfliktlərdən biri Suriyada 5 ildir ki, davam edən vətəndaş müharibəsidir. 2011-ci ildə Bəşər Əsəd əleyhinə keçirilən etiraz aksiyaları bir müddət sonra vətəndaş müharibəsinə çevrildi. İŞİD terror təşkilatı kimi tanına İraq Şam İslam Dövlətinin də hadisələrə müdaxiləsi müharibəni dərinləşdirdi. Hazırda ABŞ-ın rəhbərlik etdiyi müttəfiq ölkələri hava hücumları və digər hərbi əməliyyatlarla Suriyada sülhü bərpa etməyə çalışır. Beş il ərində 400 mindən çox insan ölüb, 5 milyona yaxın Suriya vətəndaşı ölkəsini tərk edib.

Bundan başqa, siyahıya Əfqanlstanda Amerika ilə Taliban arasında davam edən müharibə, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Çin dənizində ərazi münaqişələri, İraqda İŞİD-lə mübarizə, Şimali Koreya böhranı, Cənubi Sudanda vətəndaş müharibəsi, Kürd konflikti, Liviyada vətəndaş müharibəsi, Avropa Birliyində mühacir böhranı, Yəməndə müharibə və Burundidə siyasi böhran daxildir.

Dəyişməz konflikt statusu olan ölkələr hansılardır?

Təhriki Taliban, yaxud da Pakistan Talibanı adi ilə tanınan Pakistandakı islamçı hərbi birləşmələr bu ölkələr siyahısında ilk yerdədir. Mərkəzi Afrika Respublikasında zorakılıq, Rusiyada, eləcə də Misirdə islamçı hərbi birləşmələr də dəyiməz konflik statusu alan yerlərdir.

O cümlədən, Livanda məzhəb qarşıdurması, Konqo Demokratik Respublikasında zorakılıq, Meksikada kriminal zorakılıq, Ukrayna münaqişəsi, Malidə qeyri-sabitlik, Myanmarda məzhəb qarşıdurması, Nigeriyada Boko Haram, Somalidə isə Əl - Şəbab terror təşkilatları da siyahıda yer alıb. Bu siyahıda yer alan münaqişə ocaqlarının digərləri İsrail-Fələstin qarşıdurması, Hindistan və Pakistan arasındakı münaqişə, Çində Uyğur konflikti və Şərqi Çin dənizindəki qeyri-sabitlik daxildir.