Xalq necə dirçəldi? - Cavab veririk #24

Bu gün ölkədə Dirçəliş günü qeyd edilir. Qısa olaraq tarixi barədə yazdıq. 



Qurban və Ramazan kimi dini bayramlarla yanaşı Azərbaycanda həm də rəsmi bayramlar var. 18 oktyabr müstəqillik günü, 28 may Respublika Günü və o cümlədən 17 noyabr Dirçəliş Günü.
Dirçəliş Günü nədir? Nə vaxtdan qeyd olunur? Bu günün tarixçəsi nədir? 
“Cavab veririk” rubrikasının növbəti sayında bu suallara cavab verməyə çalışacağıq. 

Dirçəliş Günü 1988-ci ildə başlayan xalq hərəkatı ilə bağlıdır. Topxana hadisələri və Ermənistanda yaşayan azərbaycanlıların deportasiya olunması etiraz dalğasını gücləndirdi. Meydan hadisələri kimi tanınan və Azadlıq meydanında (keçmiş Lenin meydanı) keçirilən oturaq mitinqlər ordunun köməyi ilə dağıdıldı. 

Bu gün 1992-ci il noyabrın 17-dən etibarən bayram günü kimi qeyd olunur. Həmin günün rəsmi olaraq qeyri-iş günü və bayram kimi qeyd olunması müstəqil Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin imzaladığı Qanuna əsasən təsdiqlənib. 1992-ci ilin oktyabrıb 27-də imzalanan “Azərbaycan Respublikasının bayramları” haqqında Qanuna görə bəzi günlər, o cümlədən 17 noyabr bayram günü kimi qəbul edilib. 
2006-ci ilin dekabr ayında qanuna edilən dəyişikliklərdən sonra isə bu tarix bayram kimi qeyd edilsə də, iş günü sayılır.

1988-ci ilin noyabrında başlayan meydan hərəkatı 18 gün davam edib ordu tərəfindən dağıdılsa da, sonradan bu, Milli Azadlıq Hərəkatına çevrildi və 1991-ci ildə Azərbaycan müstəqilliyini elan edənə  qədər davam etdi.