Qrafiti cinayətdirmi? - Cavab veririk #20

Qrafiti nədir, hansı növləri var və ən əsası cinayətdirmi?


Qrafiti italyan dilində “graffito” sözündən olub, “cızılmış” mənasını verir. Ümumi mənada isə qrafiti divarda, ya da müxtəlif yerlərdə çəkilən rəsm əsərləri, yazılara deyilir. Bunlar həm mürəkkəb, həm də müxtəlif rənglərlə çəkilir.

Qrafitinin tarixinin Qədim Misirdən başladığı hesab olunur. Bu dövrdə insanlar divarlarda, qayalarda müxtəlif yazılar və şəkillər çəkiblər ki, bu da bu sənətin ilk addımları sayılır. Müasir qrafitinin tarixi isə İkinci Dünya Müharibəsi illərində başlayıb. Həmin dövrdə qrafiti təbliğat vasitəsi kimi istifadə olunub. Daha sonra isə bu sənət növü 1960-cı illərdə Amerikada yayılmağa başlayıb. Həmin dövrdə siyasi fəallar öz fikirlərini divara qazıyaraq çatdırıblar. Eyni zamanda Amerika küçələrindəki müxtəlif qruplaşmalar da öz sərhədlərini məhz qrafitilərin köməyi ilə müəyyən ediblər.
1970-ci illərdə isə qrafitinin istiqaməti qismən dəyişib, həmin illərdə geniş yayılmağa başlayan rep və hip-hop janrları bu sənət növünün də dünyada daha geniş yayılmasına səbəb olub.
Hazırda isə qrafitinin mövzusu təkcə rep və hip-hop mahnı jarnları yox, həm də müharibədir. Ümumiyyətlə, sosial, siyasi və bir çox problem rənglər vasitəsilə divarlara qazınır.


Tag (İşarələmə). Bu, müəllifin seçdiyi ləqəbin marker, yaxud da boya ilə divara köçürülməsidir
Piece (Hissə) Müxtəlif görüntlərin içində ad, hərf, ya da cizgilərin təsvir olunması
Stencil (şablon) . Karton, metal məmulatlardan kəsilərək hazırlanan, karikatura, rəqəm, hərf, rəsm və basma qəlibləri boyamaqla yaranan görüntü.
Wildstyle (vəhşi tərz) Nyu-Yorklu qrafiti ustalarının məşhurlaşdırdığı bu növ qrafitinin ən qəliz versiyası hesab olunur. Kifayət qədər çətin və çox fərqli tərzdə yazılan hərfləri oxumaq olmur.
Blockbuster (bomba) Çox böyük sahədə ən qısa vaxtda yazılan qrafiti növü
Heaven (cənnət) əsasən əlçatmaz yerlərdə, hündür binaların başında çəkilən qrafiti növü.

“Tag” adlanan qrafiti növü yeni yarandığı vaxtlarda tarixi binalar da daxil olmaqla istənilən yerə yazılar yazıldığına görə bu insanlar vandal kimi qəbul olunub. Ona görə də onlar haqqında cinayət işi açılıb və yazılar silinib. Buna baxmayaraq qrafiti ustaları adlarını gizləməklə bu işi görməyə davam ediblər. Hazırda isə adını açıqlamaqdan çəkinməyən grafiti ustaları da fəaliyyət göstərməkdədir. Amma bir çox ölkədə qrafiti ustaları öz sənət əsərlərini əsasən gecə saatlarında və xəlvət çəkirlər.