"Borc ödənilməsə, istilik olmayacaq"

“Azəriqaz” “Azəristiliktəchizat”ı, o da əhalini qınayır 

Hər ilin oktyabrında rəsmi qurumlar qışa hazırlıqla bağlı açıqlama verirlər. “Azərişıq”, “Azəriqaz”, “Azərsu” bu il də qışa hazırlıqların tamamlandığı ilə bağlı məlumat yaydı. Lakin “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti səssiz qaldı. Və noyabrın 15-də bu səssizliyin səbəbi bəlli oldu.

Məlum oldu ki, şəhər təsərrüfatı noyabrın 15-dən qış rejiminə keçsə də, “Azəristiliktəchizat” evlərə istilik vermək üçün “mavi yanacaq” əldə edə bilmir. “Azəriqaz” qazanxanalara verilən yanacağı kəsib.

Səbəb “Azəristiliktəchizat”ın “Azəriqaz” Səhimdar Cəmiyyətinə olan borcunu ödəməməsidir. Mətbuat isə borcun 3 milyon manatdan çox olduğunu yazır.

“Azəristiliktəchizat” borcun yaranmasında istehlakçıları günahlandırır. Qurum istilik haqlarının vaxtında ödənilməməsindən şikayətçidir.  Amma nəzərə alaq ki, “Azəristiliktəchizat” yalnız kommunal xidmət haqqından maliyyələşmir. Hər il dövlət tərəfindən maliyyə ayrılır. Üstəlik  kommersiya qurumlarına, dövlət idarə və müəssisələrinə də xidmət göstərilir və bu qurumlardan yığılan xidmət haqqı əhali qrupundan toplanan məbləğdən böyükdür.

Müasir tipli qazanxanalar hələ də göz dağından başqa bir şeyə yaramır


“Azəristiliktəchizat” Bakıda 406, regionlarda 93 obyekti istiliklə təmin edir. Bundan əlavə, paytaxtda 184, regionlarda 103 məktəb, paytaxtda 123, rayonlarda 38 uşaq bağçası, paytaxtda 102,  regionlarda 55 səhiyyə müəssisəsi də bu qurum tərəfindən istilik alır. Səhmdar cəmiyyətin Bakıda istiliklə təmin etdiyi yaşayış binalarının sayı isə 3035-dir.

“Azəristiliktəchizat” ASC-nin dövlət vəsaiti hesabına 2014 və 2015-ci illərdə gördüyü işlərin hesabatına da nəzər salaq: “2015-ci il üçün təsdiq edilmiş tədbirlər planına uyğun olaraq “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üzrə müəyyən edilmiş tədbirlərin icrası üzrə 95 obyektdə məhəllədaxili və aşağıpaylama istilik sistemlərinin bərpası, 8 obyektdə qazlaşdırma, "Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı" üzrə isə 10 obyekdə məhəllədaxili və aşağıpaylama istilik sistemlərinin bərpası, 4 yeni istilik mənbəyinin yaradılması, 20 obyektdə qazlaşdırma işlərinin görülməsi başa çatdırılmış və istismara qəbul edilmişdir”.

Amma müasir tipli qazanxanalar hələ də göz dağından başqa bir şeyə yaramır. Hələ də paytaxtın Nizami, Xətai, Yasamal, Əzizbəyov, Səbail, Nəsimi, Nərimanov ərazilərinə istilik verilmir. Nizami rayonu, Qara Qarayev prospekti, Naxçıvani küçəsi, Xətai rayonu, Xudu Məmmədov, Məhəmməd Hadi küçələri, Yasamal rayonu Şərifzadə küçəsindəki binaların sakinləri istiliklə təmin olunacaqları günü gözləyirlər.

“İstisinə qızınmasaq da, tüstüsünə kor oluruq”

Nizami rayonu, Qara Qarayev prospektinin sakini Nəriman Babayev deyir ki, qışda elektrik sobasından istifadə etməyə məcburdular: “İndi havalar nisbətən mülayim keçir. Hava soyuyan kimi evdə oturmaq mümkün olmur. Onsuz da verilən istilik evləri qızdırmağa yetmir. Xüsusilə də soyuq günlərdə təzyiqi azaldırlar. İstisinə qızınmasaq da, tüstüsünə kor oluruq”.

İstiliksiz qalan Əminə Məmmədova isə pulu vaxtı-vaxtında ödədiklərini deyir: “Çox az istilik verirlər. Amma biz yenə də pulu vaxtında ödəyirik. İndi kondisionerlə ev qızdırırıq, buna görə də işıq pulunu çatdırmaq olmur”.

Eyniməzmunlu şikayət Yasamaldan, Nəsimidən və digər rayonlardan da daxil olur. Hətta sosial şəbəkələrdə belə narazılıqlara başlanılıb.

 “Azəristiliktəchizat” yarandığı gündən hər il təxminən 40 milyon manata yaxın dövlət vəsaiti alır. Hətta qurum iki xətt üzrə vəsaitlə təmin edilib. Məsələn, 2008-2013-cü illərdə büdcədən mənzil-kommunal təsərrüfatı sektorunda istilik sisteminə 112 milyon manat vəsait ayrılıb, investisiya xərclərində isə 2007-2013 illər üçün 109 milyon manat yönəldilib. Doğrudur, 2014-cü və 2015-ci illərdə ayrılan vəsait haqqında məlumat verilmir. Amma ekspertlər məbləğin müasir tipli onlarla qazanxananın tikilməsinə yetəcək qədər böyük olduğuna əmindilər.

O ki qaldı borca görə yaranmış problemə, artıq “Azəriqaz”vəziyyətin yavaş-yavaş həll edildiyinə dair məlumat verib.

"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kəlbiyev mətbuata açıqlamasında artıq bir çox qazanxanalara qaz verildiyini, lakin borc ödənilmədiyindən məsələyə baxıldığını deyib.

“Azəristiliktəchizat”da “yaxın gün” vədini verməklə qeyri-müəyyən günədək vaxt istəyib. Sakinlər isə gözləməkdədirlər...

 

x

YAZARIN DİGƏR YAZILARI

"Borc ödənilməsə, istilik olmayacaq"