Lağa qoyduğunuz AzTv…

SOSİUM

O günlərdə yenə televizorun qarşısında idim. Divanda yerimi rahatlayıb elə kanalları çevirirdim ki, bir maraqlı nüansa rastladım. Həmişə Azərbaycan teleməkanında birmənalı baxdığım AzTV bu dəfə mənə fərqli göründü nədənsə. İllərdir lağa qoyduğum, lakin artıq bir neçə müddətdir ki, mənim diqqətimi cəlb edənin nə olduğunu düşündüm.    

Hələlik bir az bu hadisələrdən uzaqlaşaq və bir maraqlı məqamdan danışım. Uşaqlığımdan bəri bu dövlət kanalı televizorda həmişə birinci nömrədə yerləşirdi. Pultu götürüb, 1 düyməsini basanda, hamının evində AzTv açılırdı. “Nə göstərirlər bu dəfə görəsən?” məqsədi ilə baxırdıq və normal olaraq digər kanallara keçirdik. Elə bir il əvvələ kimi belə olurdu.

Çünki bu kanal həmişə yaddaşımda standart dövlət kanalı kimi qalıb. Hətta verilişin məğzinə uyğun olmayan zamanlarda verilən proqramlar da olurdu. Məsələn, gecə saat 12-1-də uşaqlar üçün verilən cizgi filmləri kimi.

Xəbərləri də ayrı aləmdir. Danışmaqla bitməz. ABŞ, Fransa, Almaniya və digər ölkələrdəki iğtişaşlar, həmin ölkə insanının xəbəri belə olmadığı dağıntılar. Azərbaycandakı tədbirlər, parkların, zavodların açılışı və s. bununla da xəbərlər proqramı bitir. Amma gələk əsas məsələyə bu dəfə mən bizim dövlət kanalının maraqsız məqamlarını tənqid etmək fikrində deyiləm. Əksinə, bu dəfə bu tv-nin Azərbaycan telemediasındakı digər kanallardan fərqləndirən və üstün cəhətlərindən danışacam. Gözümüzün qarşısında, lakin çoxumuzun fərqinə varmadığı bir məsələdən. Telekanallarımızın səviyyəsi…

Məni cəlb edən məsələdən danışırdım və bir abzaslıq aralandım mövzudan. Kanallarımızı bir anlıq tərəziyə qoyaq və onların nə yayımladığına baxaq.

Ans. Nədənsə, əvvəllər bu kanal mənə görə ilk yerlərdən birində idi. Amma sonralar reytinq üçün bu kanalda “Toy olsun” kimi evlənmə proqramı yayınlandı. Xəbərlərdən sonra altdan-altdan şou-biznes verilişinin yayınlanması, verilişlərə rayon-toy müğənnilərinin dəvət olunması ilə bu kanal daha da öz dəyərini itirdi. Hətta bir zamanlar teleməkanda ən obyektiv veriliş kimi tanınan “Qulp” da bağlanıldı. Necə deyərlər, kanal 180 dərəcə öz məqsədlərini dəyişdi.

Atv. Efirdə bütün gün boyu səhərdən-axşama toylardan, müğənnilərdən danışan və ifaçıları reklam edən bu kanalda danışılacaq o qədər də çox məqam yoxdur.

Xəzər tv. Xəbərlərinə baxdıqda, 3 ayaqlı quzu və 4 ayaqlı toyuqlardan xəbər hazırlayan cəmiyyətin hər şeylə maraqlanan “intellektual” təbəqəsini doyuzdurmağa xidmət edən bu kanal da reytinqə xidmət edən tv-lərdən biridir.

Space. Səhər-səhər yoldan tutduqlarını verilişə salan 5-6 nəfər gözəl qızı proqramda, kompüter başında oturdan kanaldır. Xəbərlərdə “c” və “ç”-nı düzgün tələffüz edə bilməyən jurnalistləri ilə tanınır. Axşamlar isə “Sevimli şou” verilişində palatka açan televiziya kanal da digərlərindən heç də fərqlənmir.

Əslində, siyahını uzatmaq olar, çünki hələ bunun bölgə kanalları və onlarla verilişi var. Amma burada əsas məsələ, dövlət kanalının yayımladığı verilişlərdir. Özünü öldürsən də, sən heç vaxt AzTV-də Əlikramı, Manaf Ağayevi və digər toylar krallarını görə bilməzsən. Nə “Toy Olsun” kimi bir proqramı, nə hər iki sözündən biri səhv olan jurnalistləri görmək mümkün deyildir. Bu isə kanalın kütləyə xidmət etmədiyindən irəli gəlir. Dövlət kanalının reytinq siyahısına düşmək kimi bir zərurəti olmamağı da ona bir sıra üstünlüklər verir. Məsələn bu kanaldan 5-ə yaxın intellektual proqram yayımlanır. Və bu proqramların izləyicilərinin “İQ” səviyyəsi digər kanallarda çalğı dinləyənlərin səviyyəsindən daha üstündür.
Hər bir hadisəyə obyektiv yanaşmaq lazımdır. Əgər həmişə bu kanalın mənfi yanları tənqid edilir və lağa qoyulurdusa, bu dəfə müsbət və əslində bizə lazım olan yanlarını yazdım. Bəlkə izləyib maarifləndik…

Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.