Mumlar imperiyasının kraliçası – madam Tüsso

 Hamının madam Tüsso kimi tanıdığı Anna Mariya Qroşolts 7 dekabr 1761-ci ildə Fransanın Strasburq şəhərində dünyaya gəlib. Dediyinə görə, atası Jozef Yediillik müharibədə (1756-1763), o hələ anasının bətnindəykən həlak olub. Amma sonrakı illərdə araşdırmaçılar müəyyən ediblər ki, Qroşoltslar nəslinin bir xeyli nümayəndəsi saray cəlladı vəzifəsində çalışıb. Ola bilsin, Mum heykəllər muzeyində “tarixi dirildən qadın” bu faktı ona görə gizlədib ki, özünün cəlladlarla çoxillik əməkdaşlığı genetikanın izi kimi yox, biznesin tələbi kimi qəbul edilsin.

Mariyanın bir yaşı olanda anası Anna Qroşolts evində təsərrüfat müdirəsi işlədiyi (bəzi mənbələrə görə, həm də yaxın münasibətdə olduğu) məşhur həkim və heykəltaraş Filipp Körtisin ardınca İsveçrənin Bern şəhərinə köçüb. Annadan 20 yaş kiçik olan, o dövr üçün çox nadir elm sahəsiylə - anatomiyayla məşğul olan Körtis əvvəlcə tibb məktəbləri üçün mumdan anotomik modellər hazırlayıb, sonra büst və fiqurlar (bəzi mənbələrə görə, həm də erotik fiqurlar) düzəltməyə başlayıb, hətta kral ailəsi mənsublarından da sifarişlər alıb.

****

Başlanğıcı eramızadan əvvəl 3-cü minilliyə gedib çıxan mum heykəltaraşlığı orta əsrlər Avropasında məşhur və yayğın məşğuliyyət növüydü; bahalı materiallar əlçatmaz olanda kralların qəbirləri üçün onların mum heykəllərini sifariş edirdilər, müqəddəslərin mum heykəllərini kilsələrə qoyurdular. Bu işdən yaxşı gəlir götürməyə başlayan həkim-heykəltaraş bir müddət sonra Parisə köçüb (1765), orda emalatxana açıb, yüksək təbəqə nümayəndələriylə yanaşı, kriminal avtoritetlərdən də sifarişlər qəbul edib. Həmin il Körtis XV Lüdovikin sonuncu məşuqəsi madam de Berrinin mum heykəlini hazırlayıb, hazırda nümayiş olunan ən qədim mulyaj məhz bu heykələ aiddir.

Mariya yaxşı təhsil almamışdı, o dövrün bir çox qızından fərqli olaraq musiqiyə və əl işlərinə də həvəsi yoxuydu. O, Körtisin emalatxana çalışmalarına baxmağı xoşlayırdı, ona görə də vaxtının çoxunu orda keçirir və getdikcə bu işə marağı artırdı.

Günlərin birində Mariya da ona qoşulur, Körtisin həm şagirdi, həm köməkçisi olur, onun sayəsində peşənin incəliklərini öyrənir.

Bir dəfə yenə emalatxanaya gedəndə Mariya yolda Filipplə rastlaşır, həkim onu 27 ildən sonra yenicə Parisə qayıtmış (1778) Volterin qaldığı küçəyə aparır, həyəcanla xəbər verir ki, məşhur filosof və yazıçı rəsminin çəkilmısi üçün onlara poz verməyə razılaşıb, sonra da “Bu, sənin ilk təcrübən olacaq,” - deyir. Siyasətdən və siyasi intriqalardan uzaq olan Mariya onun nəyə sevindiyini tam olaraq anlamasa da, müəlliminin sevindiyini görüb o da sevinir. Üç ay sonra - Volter vəfat edən günün səhəri Körtis onun mumdan olan büstünü emalatxanın vitrininə qoyur. Bu, parisilərin diqqətini çəkir, insanlar günlərlə pəncərənin qabağına toplaşıb büstə tamaşa edirlər. Tezliklə Körtisin biznesi böyüməyə başlayır. Mariya yeni modellər hazırlamaqla yanaşı, qalereyadakı fiqurları yerləşdirmək və işıqlandırmaq, sərfəli sifarişlər tapmaq, mühasibatı idarə etmək kimi təsərrüfat işləriylə də məşğul olur.

****

Memuarlarında yazdığına görə (1838), bir il sonra onu Versal sarayına - kral XVI Lüdovikin bacısı Yelizavetaya incəsənət dərsləri keçməyi dəvət edirlər və sonrakı 10 ildə o, saray heykəltaraşı olur (Hərçənd bu iddiayla bağlı hər hansı sənəd-sübut yoxdur ). Mariya indiyə qədər heç görmədiyi rahat və parlaq həyat yaşamağa başlayır. Artıq hər qəpiyi hesablamaq, ucuz mum tapmaq üçün bütün Parisi ələk-vələk etmək lazım deyildi. Amma Böyük Fransa inqilabı (1789) onun xoşbəxtliyinə son qoyur, inqilabçılar sarayı ələ keçirirlər, şəhər bir günün üçündə xaos paytaxtına çevrilir, minlərlə insan, o cümlədən Mariya royalistlərlə (monarxiya tərəfdarlarıyla) iş birliyində suçlanaraq həbs edilir, bir çoxu kimi, ona da ölüm cəzası kəsilir (Mariyanın həbsxana kamerasındakı yoldaşlarından biri Napoleonun gələcək arvadı və gələcək Fransa kraliçası Jozefina de Boqarne idi, sonralar o, Mariyaya ərinin büstünü sifariş edəcəkdi). Mariyanı gilyotindən aktyor tanışı, İctimai Təhlükəsizlik Komitəsinin üzvü, iki mindən çox insanın qətlinə rəhbərlik etmiş Kollo Derbua xilas edir. 

Bir müddət sonra yeni hakimiyyət ona öldürülmüş kralın və arvadı Mariya-Antuanettanın gilyotinlə kəsilmiş başlarından üz maskaları çıxarmağı təklif edir. Qız razılaşmalı olur, əks halda onu da köhnə dostlarının taleyi gözləyirdi. Ona görə də Mariya inqilabçılarla əməkdaşlığa başlayır, hər dəfə dəhşət içində kəsik başları əlinə götürüb qətl edilmiş məşhurların üz maskasını hazırlamalı olur. Qısa müddət ərzində onun kolleksiyası qətl edilmiş şəxslərin mum fiqurlarıyla dolur. Sonralar madam Tüsso həmin günləri belə xatırlayacaqdı: “O fiqurlar mənə əlimi qana bulamaq hesabına başa gəlib. O xatirələri ölənə qədər unutmayacam”.

Körtisin layiqli şagirdi o dönəmdə hətta Robespyeri də öz müştərisi olmağa razı sala bilir, inqilabın bu ən məşhur qəhrəmanlarından birinin büstü Mariyanın yaradıcılığına diqqəti artırır. Məşhur inqilabçılardan Bastiliyaya hücumun təşəbbüskarı jurnalist Demulen, İctimai Təhlükəsizlik Komitəsinin sədri Danton və məşhur inqilabçı-yakobinçi Ebera da onun təklifinə hə deyirlər; yakobinçilərin liderlərindən biri, radikal jurnalist Maratın üz maskasını isə Mariya onun kəsilmiş başından götürür.

Həmin gün o, öz emalatxanasında oturub mühasibat sənədlərini araşdırırmış. Qapı qəfil açılır, içəri yeni hakimiyyəti təmsil edən bir neçə şəxs daxil olur. Onlar Mariyadan iş alətlərini götürməyi tələb edirlər və onu Jan-Pol Maratın öldürüldüyü evə aparırlar. Gənc heykəltaraş hadisə yerində jurnalistin qatilini də görür, onun emosiyasız sifətinə diqqətlə baxıb üz cizgilərini yadda saxlamağa şalışır. Kriminal olayların iştirakçılarını süjetli kompozisiyada təqdim etmək fikri də məhz o an onun ağlına gəlir. Bu qərarı Mariyaya sonralar böyük şöhrət gətirəcək Mum heykəllər muzeyinin yaranmasına səbəb olmuş ilk addım da hesab etmək olar. İnqilab qurbanlarının sayı artdıqca, Mariyanın başkəsənlərlə əməkdaşlığı da genişlənir. Artıq şəhərdəki bütün cəlladlar onu tanıyır, hamısı da şərait yaradırdı ki, Mariya edamdan əvvəl – yəni baş hələ boyundaykən üzün maskasını çıxarsın, edamdan sonra isə saçlarını kəsib götürsün.

****

Varidatını, o cümlədən bütün mum fiqurlarını Mariyaya vəsiyyət etmiş Körtis bu olaylardan bir neçə il sonra vəfat edir. Bir il sonra Mariya mühəndis Fransua Tüssoya ərə gedir (1795), ilk övladı (qızı) doğulandan az müddət sonra ölür, sonra iki oğlu olur - Jozef (deyilənlərə görə, Jozefinanın şərəfinə) və Fransua. Amma ailə səadəti uzun sürmür, qumarbaz və əyyaş müsyö Tüsso arvadının qazandığı pulları oyunlara və içkiyə xərclədiyi üçün onların arasında tez-tez münaqişə yaranır, bundan cana doyan Mariya uşaqlarını da götürüb evdən gedir, kiçik oğlunu anasının yanına qoyub eksponatlarını nümayiş etdirmək üşün Jozeflə birlikdə Britaniyaya yollanır (1802).

Bir il sonra start götürən Napoleon müharibələri (1803-1814) ucbatından vətəninə qayıda bilməyən madam Tüsso Londona yerləşmək qərarına gəlir.

19-cu əsrin əvvəllərində o, kolleksiyasıyla birlikdə səfərə çıxır, ən kiçik məsafələrin belə çətin qət edildiyi o illərdə Mariya 33 il yollarda olur, 75 şəhərin sərgi salonlarında mum əsərlərini nümayiş etdirir. Yeni fiqurlar və kostyumlar hazırlamaq, hər səfər öncəsi eksponatları qablaşdırmaq, hər şəhərdə onları açmaq-düzmək – bütün bu işlərin öhdəsindən gəlmək hətta gənc bir adam üçün də çətinlik törədərdi, halbuki madam Tüsso artıq orta yaşlardaydı, başlanğıcda heç kimi tanımırdı, ingilis dilində bircə kəlmə də bilmirdi, üstəlik, yanında azyaşlı uşağı vardı. Bütün bunlara rəğmən həvəsdən düşməməsi və durmadan çalışması Mariyanın təkcə istedadına yox, həm də iradəsinə görə sıradan biri olmadığını göstərir, uğurlarını və məşhurluğunu sonuna qədər haqq etmiş şəxsiyyətlər sırasına qoyur.

Monarxiyanın bütün şəhərlərində madam Tüssonun gəlişi böyük hadisəyə çevrilir, insanlar məşhur siyasətçilərin mum heykəllərinə baxmaq üçün növbəyə düzülürlər. Səfərlərin birində muzeyin eksponatlarını İrlandiyaya daşıyan gəmi fırtınaya yaxalanır, fiqurların ancaq bir qismini xilas etmək olur. Kolleksiyasının böyük hissəsi məhv olan Mariya ruhdan düşmür, fiqurların emalatxanadakı mulyajlarından istifadə edərək tədricən hamısını bərpa edir.

Britaniya vətəndaşlığı alıb məşhur “Beyker Strit”də (Baker Street – “Çörəkçi” küçəsi)muzeyi üçün yer icarəyə götürür (1835). Prussiya şahzadəsi, Britaniya kralı III Georqun gəlini Frederika Şarlotta madam Tüssoya kiçik oğlan fiquru sifariş edəndən sonra onun şöhrəti daha da artır.

Madam Tüsso tezliklə muzeydə məşhur cinayətkarların fiqurlarını da nümayiş etdirməyə başlayır, bunun üçün ayrıca otaq ayırır. Edinburq şəhərinin cəlladı Con Uilyamsla dostlaşıb yenidən məşhur ölülərin maskalarını hazırlamağa başlayır. Amma artıq o, tək deyildi, artıq oğulları da onun “mum imperiyasında” çalışırdılar – Jozef kostyumlar üzrə mütəxəssis idi, Fransua maliyyə işlərinə nəzarət edirdi (Mariya anasının ölümündən sonra -1822-ci ildə yanına gətirmişdi).

 

Muzeyə gələnləri özü müşayiət edən günlərdə Mariya onlara inqilab vaxtı qətl edilmiş fransızların kəsik başlarını və ortadakı gilyotini göstərib belə deyərmiş: “İnqilab liderlərinin əmrilə mən cəlladların bax bu alətlə kəsib səbətlərə atdığı başların üz maskasını hazırlayırdım. Onlar hamısı mənim dostlarımıydılar, onların heç birindən ayrılmaq istəməzdim”.

Bəzi günlərdə madam Tüsso gecə də muzeydə qalarmış, onun orda nə işlə məşğul olduğunu heç kim bilməzmiş. Bəlkə dostlarının kəsilmiş başlarından pul qazandığı üçün vicdan əzabı çəkirmiş və zaman-zaman muzeyə qapanıb onların mum heykəlləriylə dərdləşirmiş, kim bilir?

****

Madam Tüsso 1850-ci ildə, 88 yaşında vəfat edir. Amma Mum heykəllər muzeyi populyarlığını nəinki itirir, əksinə, getdikcə daha çox tanınır. Bu gün bu muzey Londonun ən çox turist cəlb edən obyektlərindən biridir; Nyu-Yorkda, Las-Veqasda, Hollivudda, Vaşinqtonda, Amsterdamda, Berlində, Honkonqda, Kopenhagendə, Şanxayda filialları var. “Beyker Strit”dəki əsas binasında zaman-zaman yeni eksponatlar - şöhrətin pik zirvəsini yaxalaya bilmiş yeni məşhurların mum heykəlləri nümayiş etdirilir. Britaniya kral ailəsinin mənsubları yeni fiqurlarının hazırlanmasına icazə verir və bunun üçün şəkillərinin çəkilməsinə və bədən ölçülərinin götürülməsinə də etiraz etmirlər.

Halbuki bu, kifayət qədər zəhlətökən prosedurdur, çünki mum heykəli hazırlanacaq bədəndən 150 ölçü götürmək lazım gəlir.

Mumlar imperiyasının kraliçası haqda yazını onun muzeyi haqda maraqlı faktlarla bitirək:

  • mum zamanla quruyub kiçildiyi üçün mum heykəl bədənin həqiqi ölçüsündən 2% böyük hazırlanır;

  • 1940-cı ildə alman təyyarələrinin hava hücumu zamanı muzeyə bomba düşüb, 350 fiqur və mulyaj zədələnib;

  • 2008-ci ildə almaniyalı turist qorumaların yanından sivişib Hitlerin heykəlinin başını qoparıb, bunu onunla izah edib ki, lövhələrdə heykəllərlə şəkil çəkdirməyin qadağan olduğu yazılıb, başlarını qoparmağa icazə verilmədiyi qeyd edilməyib. Alman turist həmçinin deyib ki, “Hitlerdən turizmdə istifadə olunması məni narahat edir”;

  • Muzey əməkdaşları mum heykəlini hazırlamaq təklifiylə Tereza anaya da müraciət ediblər, amma o razılaşmayıb, deyib ki, onun gördüyü işlər onun həyatından qat-qat önəmlidir.

  • muzeydəki ən kiçik fiqur C.Barrinin “Piter Pen” əsərinə çəkilmiş cizgi filmindəki Din-Dinin fiqurudur.

  • Muzeydə Şrekin və inanılmaz Halkın da fiqurları var.