Kamran Abbasov
Kamran Abbasov

Göygöl sakini: Pulsuz dərmanı mənə pulla satırlar

Əlilliyi olan şəxs deyir, dövlətin ona pulsuz verməli olduğu dərmanı aptekə ötürürlər, özünü də almağa göndərirlər

“Əlilliyə görə 60 manat təqaüd alıram, onun 40 manatını “Kalimin”ə verirəm. Halbuki, dövlət o dərmanı mənə pulsuz verirdi, 3 aydır ki, kəsib”.

Göygölün Üçtəpə kəndində yaşayan 24 yaşlı Kamran Abbasov 2-ci qrup əlildir. 7 ildir ki, miasteniya gravus xəstəliyindən (sinir-əzələ keçiriciliyinin pozğunluğu, el arasında əzələ boşluğu deyilir) əziyyət çəkir. 3 il əvvəl dövlət tərəfindən pulsuz dərmanla təmin olunmağa başlayıb. Ancaq Meydan TV-yə danışır ki, 3 aydır pulsuz dərman verilişi dayandırılıb.

Deyirlər, istehsalı dayanıb, ancaq apteklərdə var axı...

“Hər ay mənə Göygöl Mərkəzi Xəstəxanasından “Kalinin” dərman preparatı verilirdi. 3 aydır ki, dayandırılıb. Yüz cür bəhanələr gətirirlər. Gah deyirlər, daha ölkəyə gətirilmir, gah deyirlər, ümumiyyətlə, öz ölkəsində də istehsalı yerli-dibli dayandırılıb. İstehsalı dayandırılsaydı, yaxud ölkəyə gətirilməsəydi, apteklərdə də olmazdı”.

Göygöl Rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə bildirilib ki, Üçtəpə kənd sakini Kamran Abbasov 3 ildən çoxdur ki, pulsuz dərman almaq üçün qeydiyyatdadır. “Kalinin” dərman preparatının pulsuz verilməsində müvəqqəti çətinlik yaranıb. Səbəbi yaxın günlərdə açıqlanacaq. Böyük ehtimalla, həmin dərman preparat başqasıyla əvəzlənəcək.

Kamran Abbasov isə deyir, dərmana ara vermək həyatı üçün ciddi təhlükə yaradıb. Durumu ölümcül olanda eyni dərman preparatını aptekdən almaq məcburiyyətində qalıb:

“Bir müddətdir dərmanı qəbul etmirdim, öıümcül hala düşmüşdüm. Üstəlik də, bu ölümcül halda hər gün dərman üçün xəstəxana qapısına gedib-gəlirəm. Axırda dedilər, sən özün get hələlik aptekdən al, qəbul elə, sonrasına baxarıq. Belə çıxır ki, mənə pulsuz çatacaq dərmanı aptekə ötürüb özümü də göndərirlər ki, get, pulla al. Satılan mənim dərmanım, müştəriləri də özüm...”

Təqaüdüm 60, bir qutu dərman 40 manatdır

“60 manat pensiya alıram, onun 40 manatı bir qutu dərmana gedir. Mənim qəbul etdiyim başqa dərmanlar da var hələ... İki uşağım var, heç yerdən gəlirim yoxdur, səhhətim əmək fəaliyyəti ilə məşğul olmağa imkan vermir. İcra hakimiyyətinə getdim, xahiş elədim xəstəxanaya tapşırsınlar ki, mənim dərmanımı kəsməsinlər. Mənim dərmanımı kəsmək nəfəsimi kəsmək, balalarımı yetim qoymaq kimi şeydir. İcra hakimiyyətindən zəng vurub xəstəxanaya tapşırdılar. Xəstəxanadan da mənə dedilər ki, hələ gözlə, bu ayın içində dəqiqləşəcək. Mən gözləyərəm, ancaq səhhətim gözləmir”.

Ac uşaqlara baxıram, vicdanım ağrayır

Kamran Abbasov deyir, qutusu 40 manata satılan dərmanla çox yaşaya bilməz. O, hökumətdən pulsuz dərmanlarını tələb edir:

“Əlilin hər gün qəbul etməli olduğu dərmanı aylarla verməyib sonra da “hələ bu ay da gözlə, görək nə olur” demək “ay əlil, yıxıl, öl” deməyə bərabərdir. Görün vəziyyətim necədir ki, uşaqların boğazından kəsib aparıb bir qutu dərmana vermişəm. Dərmanı atmışam, bir az ağrılarım azalıb, indi də ac uşaqlara baxıram, vicdanım ağrıyır”.

Əlil deyir, səhhəti əmək fəaliyyəti ilə məşğul olmağa imkan vermir, həyat yoldaşı azyaşlı uşaqlara baxdığı üçün işə gedə bilmir, ailəyə ünvanlı sosial yardım da verilmir. Qohumların yardımı olmasa, iki uşağın qarnını doydura bilməz.

Məsələyə Səhiyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

x

YAZARIN DİGƏR YAZILARI