''26 ildir xəstəxanada yaşayırıq''

Məcburi köçkünlər şəraitsizlikdən gileylidir

“Nə qədər xərc qoyuruq, təmir edirik, olmur. Olmaz də, ev deyil axı, xəstəxanadır”.

Kəlbəcərdən olan məcburi köçkün Sürəyya Cabbarova belə deyir. O, Şamaxının Nağaraxana kəndinin xəstəxanasında yaşayır. Deyir, bura köçəndə 25 yaşı olub.

Artıq 26 ildir ki, xəstəxanada yaşayır:

“Ömrümüz çürüdü, cavanlığımız künclərdə, şəraitsizlikdə keçdi. Biri adam öldürür 10 il verirlər, yatır, çıxır. Bizim isə 26 ildir cəzamız bitmir ki, bitmir. Görün də, günahımız nə qədər böyük imiş. Çətindir, artıq dözə bilmirik. Başını tuturuq, ayağı gedir. Təmir də işə yaramır. 1-2 aya yenə uçub-tökülür”.

Bizdən başqa da belə şəraitdə yaşayanlar var görəsən?

S.Cabbarova yaşamaq üçün nəzərdə tutulmayan bir yerdə qalmağın çətinliklərindən danışır. Bapbalaca bir otaqda bir neçə il öncəsinə qədər 4 nəfər yaşayırmışlar. Qızı ailə qurub, öz evinə köçəndən 3 nəfər qalıblar. Amma yenə çətindir:

Sürəyya Cabbarova
Sürəyya Cabbarova

“Oğlum böyükdü, uşaq deyil. Həyat yoldaşım, mən və o, bir otaqda yaşayırıq. Şəraitimiz yox, hamam yox, ayaqyolu yox. Normal insanlar hər gün duş qəbul edir. Bizdə isə bu proses əsl zülmdü. Otağı qızdır, suyu qızdır, nəhayət, yuyunub qurtarandan sonra da vedrə-vedrə suyu daşı və at. Bizdən başqa da belə şəraitdə yaşayanlar var görən? Bir sözlə, ev deyil. Düzəldirik də, uçub-tökülür”.

Bir-iki heyvan saxlayırıq, onu da zülmlə

Daha bir xəstəxana sakini, 85 yaşlı Minəş Əmirova Kəlbəcəri xatırlayır. Deyir, orda çox gözəl şəraiti, evi-eşiyi, mal-heyvanı olub. Sonra köçkün düşüb. Ondan sonrasını xatırlamaq istəmir. Ancaq beyninə elə həkk olunub ki, unuda da bilmir:

“Köçkün düşdük. Bir müddət çadırda yaşadıq, sonra bir az Bakıda bir idarədə qaldıq. Axırda da gəlib çıxdıq Şamaxıya. Vallah, ağır dərddir, çətindir. Evimizi, mal-heyvanımızı şəraitimizi qoyub gəlmişik. Hər şəraitsizlikdə yaşamışıq, başımıza gəlməyən qalmayıb. İndi də burdayıq. Bir qarış torpağımız yoxdur əkib-becərməyə, toyuq-cücə saxlamağa. Bir-iki heyvan saxlayırıq, o da zülmlə”.

Divarlar uçuq-sökük, döşəmə daş 

M.Əmirova qaldığı otağı yeni təmir etdirib. Deyir, bu, ən yaxşı halıdır. Əvvəl daha bərbad olub:

Minəş Əmirova
Minəş Əmirova

“Biz birinci dəfə bura gələndə içəri girmək istəmirdik. Bərbad gündə idi, divarlar uçuq-sökük, döşəmə daş. Sonradan özümüz əl gəzdirdik, təmir etdik. Nəvəmin toyuna yaxın lap yaxşı etmişdik, amma görürsünüz gününü, bərbad günə qaldı. İnanın, hər Novruz bayramı ərəfəsində rəngləyirik, əl gəzdiririk. Bir-iki aya yenə uçub-tökülür. Rütubət divarları yaman günə qoyur”.

Deyirlər ki, guya varlılar bizə kömək edir

Xəstəxanada yaşayanlar dəfələrlə köçürülmələri, onlara ev verilməsi ilə bağlı müraciət ediblər. Ancaq müsbət cavab ala bilməyiblər:

“Bizim dərdimiz lap ağırdır. Bu kənddə yaşayanların çoxu varlılardır. Səfalı kənddir, sonradan da alıb, villa tikdirənlər var. Hökumətə siyahı verirlər, deyirlər ki, guya varlılar bizə kömək edir. Vallah, görməmişik. Heç lazım da deyil. Quyuya su tökməklə dolmaz, gərək bizə bir gün ağlana. Ev, 1-2 sot torpaq verələr. Əkib-becərər, mal-heyvan saxlayar, özümüzü dolandırarıq. Yoxsa, xırda yardımlarla düzələn iş deyil”, - Minəş Əmirova belə düşünür.

Gəlib yoxlamırlar, maraqlanmırlar yaşayışımızla

73 yaşlı Dilquşə Quliyeva da 26 ildir burada yaşayır. Deyir, bu yaşında sobanın yanında yuyunur:

“Abrım tökülüb, utanıram daha. Neyləyim, hamam, şərait yoxdur. Heç bir balaca həyətim də yoxdur ki, çıxıb oturam. Nə deyim, nə danışım, bilmirəm. Gəlib yoxlamırlar, maraqlanmırlar yaşayışımızla. Biz çöldən yığılıb gəlməmişik, bu ölkənin vətəndaşıyıq. 200 manat təqaüd alıram. O da iynəmə, dərmanıma gedir. İmkanlaşdırıb bir göz otaq artıra bilmirəm ki, rahatçılıq olsun. Lap artırdıq, nə bilirik, sabah gəlib “çıxın buradan”, - deməyəcəklərini? Biz özümüzə yer tapa bilmirik. Bu yaşda hara köçüm gedim?”

6 nəfərlik bir ailə 2 balaca otağa sığışmışıq

D.Quliyeva özündən çox uşaqlarının, nəvələrinin dərdini çəkir. Deyir, onun ömrünün çoxu gedib, barı övladlarına bir normal ev verələr:

“İstəyirəm hökumətimiz bizi eşitsin, bizi görsün, bizə bir gün ağlasın. Yazığıq, vallah, sürünürük buralarda. Bir baxın, 3 yorğana bürünürəm, yenə soyuqdur. Otaq buzdur, buz. 6 nəfərlik bir ailə 2 balaca otağa sığışmışıq. Odun yox, ocaq yox. Qazın qiyməti də ki, baha, verə bilmirik. Ona görə də yandırmırıq”.

Milyonerlər Şamaxıdan torpağı xışma-xışma alıblar

D. Quliyeva deyir ki, balaca otaq boyda həyətləri var. Həmin həyətdə heyvan saxlayırlar:

“Allah kəssin belə şəraiti. Mal gündə 2 dəfə evin içindən keçib gedir tövləyə, həmin o balaca həyətə. Gəlin malın dalınca ayaq izlərini təmizləyir. Az qalırıq, heyvanın ayağını yuyaq. Budur yaşayış? Belə şəraitə adam 1-2 il dözə bilər, daha 26 il yox. Qaldığımız yerin bir normal pəncərəsi yox, gün işığı düşmür. Ev olmadığı üçün də qızdırmaq mümkün deyil. Hər yeri dəlmə-deşikdir. İstilik qalmır. Prezident özünü öldürür ki, məcburi köçkünlərə torpaq verin, mal-heyvan saxlasınlar. Milyonerlər Şamaxıdan torpağı xışma-xışma alıblar. Bizə yer qalıb ki? Vəziyyətimiz çox-çox pisdir, nə özümünkü, nə də ki, özgə baxır”.

Yaşlı vaxtımızda köçkün düşdük 

Dilquşə Quliyeva sonda Kəlbəcərdəki evini xatırlayır. Deyir, buradakı yaşayış deyil, doğma kəndinin yerini heç saray da verməz, qaldı, xəstəxana otağı ola:

“Həyətim çayın qırağında idi. Qapımda da bulaq axırdı. Həyət-baca, bağ-bostan, 6 inək, 3 camış, 30 qoyunum vardı. Toyuq-cücə isə saysız-hesabsız idi. Hamısı qaldı erməniyə. Ev-eşik də ki, lap kefin istəyən. Cavan vaxtı işləyib almışdıq. Gəldik yaşlı vaxtımızda köçkün düşdük. İşləmək enerjimiz yox, yoldaşım rəhmətə getdi, qaldım tək-tənha. Uşaqlar da pərən-pərən. Heç nə, kasıbıq, evsiz-eşiksizik, zülm çəkirik”.

O ərazilərdə ev tikilərsə, mütləq həmin şəxslər də nəzərə alınacaqlar

Meydan TV məsələyə münasibət öyrənmək üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb. Komitədən bildiriblər ki, məcburi köçkünlərin mənzil sahəsi ilə təmin olunması Azərbaycan Respublikası prezidentinin fərman, sərəncamları və bu sahə ilə bağlı təsdiq olunmuş Dövlət Proqramları əsasında mərhələli şəkildə həyata keçirilir. Hər bir evsiz köçkünün evlə təmin olunmasına qanunla nəzərdə tutulmuş qaydada baxılacaq:

“Hazırda Şamaxı istiqamətində məcburi köçkünlər üçün boş mənzil yoxdur. Gələcəkdə o ərazilərdə ev tikilərsə, mütləq həmin şəxslər də nəzərə alınacaqlar”.

x

YAZARIN DİGƏR YAZILARI