''Sarı tora'' reaksiya: ''Azərbaycanda tıxacın qarşısını heç nə ala bilməz''

Sürücülər qarşıda tıxac yaranıbsa, işıqforun yaşıl işığı yansa belə, yolu keçə bilməyəcəklər. Əks halda, onları 60 manat və 3 bal cərimə gözləyir. Oktyabrın 8-dən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi A.Bakıxanov və S.Vurğun küçələrində tıxac yaranmasının qarşısını almaq məqsədilə “sarı tor” işarəsi çəkib. Bəs sürücülər tıxacdan qurtulub tora düşməyəcəklər ki?

“Bu vaxtı həmişə tıxaca düşürük. Getdiyimiz yollarda tıxac olur. İnanmıram, “sarı tor” işarəsi qarşısını alsın. Qozbeli qəbir düzəldər”.
“Cərimələr çoxalacaq yəqin ki. Azərbaycanda tıxacın qarşısını heç nə ala bilməz”.

“Onu niyə çəkiblər, mən bilmirəm. Hər halda zövq oxşayandır. Uzaqdan baxanda cəlb edir. Tıxaca nə xeyri ola bilər ki? Maşınların sayı çoxdur. Maşınların sayını azaldan deyil ki”

“Tordur da, üzərində kim dayandısa 60 manat cərimə yazılacaq. Ona görə indi yollar tərtəmizdir. Hamımız onu gözləyirik”.

Bakı Nəqliyyat Agentliyi məlumat verir ki, Sarı kəsişmə toru 1967-ci ildə Londonda uğurla sınaqdan keçirilib və bu gün Avropanın bir çox ölkəsində, ABŞ-da və bəzi Asiya ölkələrində tətbiq edilir. Həmçinin, bu, yeni qayda deyil. “Yol hərəkəti haqqında” qanunun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Bəzi sürücülər isə bu modeli uğursuz sayır.

Gələcəkdə sarı tor işarəsi tıxacların və nəqliyyat sıxlığının müşahidə edildiyi 74 yol kəsişməsinə də çəkiləcək.

x

YAZARIN DİGƏR YAZILARI