''Örüş torpaqları bir nəfərə icarəyə verilib''

Lek kəndi

Ucarın Lək kəndinin sakinləri bələdiyyə sədrindən şikayətçidirlər

"Ucarın Lək kənd bələdiyyəsinin sədri Cavid Süleymanov vəzifə səlahiyyətlərindən sui-istifadə edib. O, bizim kəndin örüş torpaqlarını qanunsuz olaraq qohumu, Lək sakini İbiş Məmmədova icarəyə verib".

Ucarın Lək kəndinin sakinləri Meydan TV-yə belə deyiblər. Sakinlərdən Yusif Ağayev bildirib ki, bununla bağlı aidiyyatı qurumların hamısına müraciət ünvanlayıb. Ancaq hələlik, bir cavab ala bilməyib:

"Gözləyirəm, ümid edirəm ki, müraciətlərim işə yarayacaq, tezliklə bir cavab ala biləcəm. Mən yerli icra hakimiyyəti orqanlarından tutmuş, prezident ilham Əliyevə qədər hamıya məktubla müraciət etmişəm. Belə haqsızlıq olmaz. Bu boyda kəndin örüş sahəsinin bir nəfərə verilməsi, yerdə qalan insanların hüquqlarının pozulmasım deməkdir".

Örüş sahələrimizdə əkin əkiblər

Sakinlər bildirirlər ki, onsuz da onlara məxsus iri və xırdabuynuzlu heyvanların otarılması üçün həmin örüş yeri bəs etmirdi:

"Belə olan halda, onsuz da az olan həmin örüş sahəsinin İbiş Məmmədov adlı şəxsə icarəyə verilməsi qanunszuluqdur. Onu da bildirək ki, İbiş Məmmədov qanunsuz şəkildə icarəyə götürdüyü örüş sahələrimizdə əkin-biçin işləri ilə məşğul olur".

Lek kəndi
Lek kəndi

Lək bələdiyyəsinin sədri açıq-aşkar qanunsuzluqla məşğuldur

Yusif Ağayev deyir ki, həmin torpaqda əkinlə məşğul olmaq olmaz. Çünki o ərazilər sırf heyvandarlıq məqsədi ilə örüş təyinatlı torpaq sahələridir:

"Üstəlik, torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı heç yerə müraciət edilməyib. Bu günədək də həmin ərazi örüş sahəsi olaraq qalır. Baxın, Lək bələdiyyəsinin sədri açıq-aşkar qanunsuzluqla məşğuldur".

Kəndlilər heyvanlarını qəbristanlıqda otarır

Sakinlər kənd camaatının əsasən əkinçilik, maldarlıqla məşğul olduğunu deyirlər. Bildirirlər ki, Azərbaycanın əksər kəndlərində olduğu kimi onların kəndində də bir çox ailənin gəlir mənbəyi maldarlıqdır:

"İndi bu insanlar nə etməlidir? Maldarlıqla məşğul ola bilmək üçün örüş sahəsi lazımdır. Ancaq bizdə kənd sakinləri mal-qarasını otarmağa örüş sahəsi tapa bilmirlər. Buna görə çox əziyyət çəkirik. Hətta örüş yeri olmadığı üçün kəndlilər iribuynuzlu heyvanlarını kənd qəbirstanlığında otlamağa məcbur olublar. Bu isə qəbirlərin təhqir olunmasına gətirib çıxarır. Bu qanunsuzluq barədə Ucar rayon rəhbərliyinə etdiyimiz müraciətə baxılmır".

Lek kəndi
Lek kəndi

Örüş sahələrimizi özümüzə qaytarın

Lək kəndinin sakinlərinin bir tələbi var. Tezliklə örüş sahələrinin özlərinə qaytarılmasını istəyirlər:

"İllərdir lazım olduğu halda, bizə əlavə torpaq sahəsi ayırın, demirik. Bizə gətirin filan yerdən torpaq verin, demirik. Dədə-babadan olan örüş sahəmizi özümüzə qaytarın, yetər. Aidiyyatı qurumların bu işi diqqətdə saxlamasını, problemimizi həll etməsini istəyirik, vəssəlam".

Heç kimin torpağı, heç kimə verilməyib

Meydan TV məsələyə münasibət öyrənmək üçün Lək Bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyədən bu barədə münasibət bildirmək istəməyiblər:

"Belə bir hal yoxdur. Heç kimin torpağı, heç kimə verilməyib. Yalan məlumatdır. Kəndin sakinləri niyə belə bir məlumat veriblər, bilmirik".

Ucar Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, hələlik, bu barədə şikayət məktubu almayıblar. Ancaq məsələni araşdıracaqlar.

 

x

YAZARIN DİGƏR YAZILARI