Əsgər anası: ''Tez-tez qıcolmaları tutur, huşunu itirir, hospitala aparırlar''

Nazlı Musayeva deyir, bir neçə anadangəlmə xəstəlikdən əziyyət çəkən oğlunu ''hərbi xidmətə yararlı'' kimi əsgər aparıblar

“Ötən 1 ilin çox hissəsini hospitallarda keçirib. O günlərdə yenə Bakıdakı hərbi hospitala gətiriblər. Vəziyyəti ağır idi, bir müddət müalicə olundu, sonra da hərbi hissəyə qaytardılar. 1 həftədir hərbi hissəyə qaytarılıb, qıcolmaları davam edir, nevrozdur, “pristupları” tutur. Buna baxmayaraq, ordudan tərxis etmirlər”.

Şəkinin Aşağı Layısqı kənd sakini Nazlı Musayeva Meydan TV-yə danışır ki, 20 yaşlı oğlu Murad Məmmədov anadangəlmə epilepsiya, nevroz xəstəliklərindən əziyyət çəkir. Hətta xəstəliyinə görə 2 yaşından ona müavinət də kəsilib. 2016-cı ildə hərbi xidmətə çağırılıb. Xəstəliklərinə görə ona hərbi xidmətdən 6 aylıq möhlət verilib. Möhlət bitdikdən sonra növbəti dəfə hərbi həkim komissiyasından keçəndə könüllü hərbi xidmətə getmək istədiyini bildirib. Bu dəfə komissiya onu müayinələrdən “sağlam” çıxarıb və o, 1 il əvvəl hərbi xidmət keçmək üçün orduya göndərilib.

Muradın iki qardaşı eyni xəstəlikdən vəfat edib

Ana deyir, iki həftə sonra hərbi xidmətdən zəng vuraraq məlumat veriblər ki, Murad özünə xəsarət yetirib:

“Muraddakı xəstəliklər irsidir, anadangəlmədir. İrsi xəstə necə sağala bilər? Muradın iki qardaşı da eyni xəstəliklərdən vəfat edib, qızım eyni xəstəlikdən əziyyət çəkir, özüm də əliləm. Onlar görürdülər ki, Murad xəstədir, onun sadəlövhlüyündən istifadə etdilər, xəstə uşağı sağlam, hərbiyə yararlı kimi aktlaşdırıb orduya göndərdilər. Gedən gündən sudurğaları, nevrozu tutur, ayaqları tutulur, əziyyət çəkir, 1 ilin çox hissəsini hospitallarda olub. Hələ qarşıda 6 ayı var, necə olacaq, bilmirəm. Oğlan övladlarımdan təkcə Muradı həyatda saxlaya bilmişəm, o da yarımcandır. Ana kimi ona görə çox narahatam”.

16 gün sonra özünə xəsarət yetirdi

Nazlı xanım deyir, ötən ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə dəvət olunub. Orada ona bildirilib ki, oğlu hərbi xidmətə könüllü getdiyi üçün gələcəkdə heç kim məsuliyyət daşımayacaq:

“Şöbənin rəisi oğlumla məni çağırdı, mənə dedi, bax, oğlun könüllü gedir, mənlik deyil, sabah başına bir iş gəlsə, məsuliyyət daşımıram. Dedim, o uşaqdır, anlamır, addımının nəticəsini düşünmür, bəs siz niyə göndərirsiz? Hərbi xidmətə aparılandan 16 gün sonra – oktyabrın 20-də “pristupu” tutub, özünə xəsarət yetirmişdi. İşini hərbi polisə vermişdilər. Məni də hərbi polisə çağırmışdılar, barmaqlarımı göstərdim, dedim, bu uşaq tez-tez sudurğa tutur, dili qatlanır. Kömək edəndə barmaqlarımı dişləyir, izləri də qalıb. Bu uşaq çox gərgin, əsəbi uşaqdır, bunu bu vəziyyətdə götürüb əsgər aparıblar. Hərbi polisdə də dedilər, səni anlayırıq, ancaq kömək edə bilmirik, sən yenə də dayanma, aidiyyəti qurumlara yaz, bəlkə köməyi oldu”.

Nazlı Musayeva deyir ki, Müdafiə Nazirliyinə, Hərbi Prokurorluğa yazıb, nəticəsi olmayıb.

Aylarla hospitallarda...

Ötən ilin dekabr ayında Hərbi Prokurorluğun Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi ananın bu quruma yazdığı ərizəsinə cavab məktubu göndərib. Həmin məktubda qeyd olunur ki, Murad Məmmədov 2016-cı ilin oktyabr çağırışı ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə çağırılıb. Müayinə olunması üçün Şəki Mərkəzi Rayon Xəstəxanasına göndərilib. Həmin xəstəxanada ona keçirilmiş ağır gedişlı toksik travmatik ensefalopatiyanın qalığı (hamiləlik və ya doğuş zamanı yaranan müxtəlif mənşəli beyin patologiyaları, nevroloji pozulma), hipertenzion sindrom (erkən dövrlərdə rastgəlinən nevroloji patologiyalardan biri) , tez-tez təkrarlanan epilektik qıcolma travmaları diaqnozu qoyulub. 22 avqust 2016-cı il tarixində “Sağlamlıq Vəziyyətinin Müayinə Edilməsi Haqqında” akta əsasən, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilib. Həmin qərar xidmətin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən yoxlanılarkən, Murad Məmmədov 17 noyabr 2016-cı il tarixdə müayinə üçün Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərilib. Veqetativ damar distoniyası xəstəliyi ilə əlaqədar 25 noyabr 2016-cı il tarixli “Sağlamlıq Vəziyyətinin Müayinə Edilməsi Haqqında” akt tərtib olunub. Komissiya tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin Çağırış Komisiyasının qərarı ləvğ edilib. “6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilib. Möhlət hüququ bitdikdən sonra - 2017-ci ilin iyul çağırışı ilə əlaqədar Mirqasımov adına Respublika Klinik Xəstəxanasında növbəti dəfə müayinə olunub. Bu dəfə “hərbi xidmətə yararlıdır” aktı tərtib olunub və o, 4 oktyabr 2017-ci il tarixində hərbi xidmətə göndərilib. Müdafiə Nazirliyinin Qazaxdakı N saylı hərbi hissəsində əsgəri xidmətə başlayandan 16 gün sonra-oktyabrın 20-də özünə xəsarət yetirib. Əvvəlcə başqa bir N saylı hərbi hissənin nevrologiya bölməsində, sonra isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının psixatriya şöbəsində müalicə olunub. Müalicə 2 ay davam edib və o, həmin ilin 21 dekabrında hospitalın hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararlı hesab edilib.

Pnevmaniyadan müalicə

N saylı hərbi hissənin həkim komissiyası tərəfindən verilmiş bir arayışdansa məlum olur ki, Murad Məmmədovun nevrologiya şöbəsindəki müalicəsi başa çatdıqdan sonra o, həm də pnevmaniyadan müalicə alıb.

Murad Məmmədovun anası Meydan TV-yə onun xəstəliyinə dair xeyli sənəd təqdim edib. Həmin sənədlərdən biri Murad Məmmədovun 18 yaşınadək “sağlamlıq imkanları məhdud uşaqların sosial müavinəti” ilə təmin olunduğunu təsdiqləyir. Başqa bir sənədsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reablitasiya Xidmətinin 17 saylı Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sənədidir. Həmin sənəddən aydın olur ki, Murad Məmmədova keçirilmiş ağır gedişli perinotal toksik travmatik ensefalopatiyanın qalığı diaqnozu qoyulub. Əmək fəaliyyəti ilə məşğul ola bilməz.

Meydan TV-nin cəhdlərinə baxmayaraq, Müdafiə Nazirliyinin mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

 

x

YAZARIN DİGƏR YAZILARI