Fəhlə: ''Əmək müqaviləsi tələb etdik, işdən qovdular''

Raqib Ağayev

Raqib Ağayev deyir, daş hasarlara üzlük vurub, əmək hüquqlarını tələb edəndə işsiz qalıb

“Dedi, narahat olmayın, siz işə başlayın, əmək müqaviləsi də olacaq. Başladıq hasarlara mozaika üzlük vurmağa. Bir neçə gün işlədik, gördük ki, əmək müqaviləsindən səs-soraq yoxdur, yenə həmin şəxsə müraciət etdik. Bu dəfə bizimlə kobud danışdı, dedi, müqavilə-filan yoxdur, xoşunuz gəlmir, çıxıb gedə bilərsiz”.

Şamaxı sakini Raqib Ağayev Meydan TV-yə danışır ki, uzun müddət işsiz qaldıqdan sonra Şamaxının mərkəzində yerli icra hakimiyyətinin sifarişi ilə daş hasarlara üzlük vuran “Tikinti Təminat LTD” podratçı şirkətin nümayəndəsinə müraciət edib. Nümayəndə ona və işsiz yoldaşına hasarlara mozaika üzlük vurmaq üçün fəhlələrə ehtiyac olduğunu deyib. Beləcə, Raqib Ağayev və işsiz yoldaşı Dadaş Dadaşovla iyulun 17-dən işə başlayıb. Şikayətçinin deməsinə görə, iş icraçısından əmək müqaviləsini soruşduqda, qarşı tərəf bir neçə günə müqavilənin imzalanacağını vəd edib.



İş icraçısı ad-soyadını gizlədirdi

“Biz də 12 gün işlədik, 120 kvadratmetrlik üzlük işi gördük. Həmin müddət ərzində ad-soyadını bizə Sahib Həsənov kimi təqdim edən iş icraçısının yadına dəfələrlə müqaviləni salanda, hər dəfə arxayın edirdi ki, “siz işinizi görün, müqavilə də olacaq”. 12 gündən sonra – iyulun 29-da növbəti dəfə müqavilə tələb edəndə bildirdi ki, siz işinizi bitirdiz. Yoldaşıma görülən işin hər kvadratmetri üçün 3 manatdan hesablayıb verəndə etiraz etdik, bildirdik ki, bu işin qiyməti bu qədər deyil. Mozaika daşları ilə üzlənmə işləri 25-35 manat arası qiymətləndirilir. O isə “ya götürün, ya da heç bunu da vermirəm, çıxın gedin”,- deyib bizi qovdu. Şirkətin harda yerləşdiyi bilinmir, heç kəsə də demirlər. Bir nömrə də yoxdur ki, adam zəng vurub ürəyini şirkət rəhbərliyinə boşaltsın”, - Raqib Ağayev deyir.

Şikayəti araşdırılmayıb

Raqib Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə və Vergilər Nazirliyinə şikayət edib. Onun şikayəti araşdırılması 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə göndərilib. Ancaq həmin idarə vətəndaşın şikayətini araşdırmayıb:

“4 saylı Regional İdarədən mənə zəng gəldi. Zəng vuran şəxs bildirdi ki, yaxşısı budur şikayətini geri götür, yoxsa başın ağrıyar. Mən də dedim, mənim vergim hesabına maaş alırsan, ancaq xəzinədən oğurluq edəni müdafiə edirsən”. Məcbur olub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyinə təkrar şikayət etdim. Bu dəfə şikayətimi 13 saylı Regional İdarəyə göndərdilər. Həmin idarə ismayıllıda yerləşir, məni idarəyə dəvət edib izahatımı aldılar. Həmin iş icraçısını da çağırdılar. Orada məlum oldu ki, adam bizə adını, soyadını da düz deməyibmiş. Sahib Həsənov yox, əslində Zaur Kərimov imiş. Gəlib izahat yazdı ki, həmin şirkətdə işləmir, heç nədən xəbəri yoxdur və bizi tanımır. Məlum oldu ki, sən demə, bu adam özü də həmin şirkətdə müqaviləsiz işləyirmiş”.

Nazirin qəbulunda olub

Sentyabrın 10-da Raqif Ağayev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin qəbulunda olub:

“Nazirə bildirdim ki, orada işləyənlərin heç biri ilə müqavilə bağlanmamışdı. İnsanların əməyi istismar olunurdu, gördükləri iş qat-qat aşağı mıəbləğlərlə ödənilirdi. Bizi də ona görə ordan qovdular ki, başqalarına görk olsun, heç kəs əmək hüququnu tələb etməsin. Nazir yanındakı əməkdaşlara məsələni araşdırmağı tapşırdı, mənə isə bildirdi ki, əvvəlcə gərək orada işlədiyini sübut edəsən. Düzü, nazirdən bu münasibəti gözləmirdim. Ona bildirdim ki, heç bir dəli deməz ki, bu binanı mən tikmişəm. Mənim günlərlə orda divara mozaik daşlar düzməyimi həmin ərazidə yaşayanlar da görürdü. Şəxsən özü gedib onlardan maraqlana bilər”.

Şirkət Barat Həsənovundur?

“Tikinti Təminat LTD” MMC ilə bağlı internet üzərindən aparılan axtarışlar nəticə verməyib. Şirkətin fəaliyyəti, hüquqi ünvanı və əlaqə saxlamaq üçün hər hansı vasitə (telefon nömrəsi) yoxdur.

Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələni araşdırıb məlumat verəcəklər. “Tikinti Təminat LTD” MMC ilə bağlı sual isə cavabsız qalıb. Qurum işçisi Meydan TV-yə bildirib ki, icra başçısı işdə deyil, rayon ərazisində tikinti işlərinin hansı şirkət tərəfindən aparıldığını isə icra hakimiyyətində bilən yoxdur.

İki il əvvəl Dövlət Gömrük Komitəsi “Tikinti Təminat LTD” MMC-nin gömrük ödənişlərindən yayınması barədə məlumat yaymışdı.

Ötən il isə bu şirkət “Bakı Metropoliteni” stansiyalarında havalandırma sisteminin yenidən qurulması işləri üzrə elan olunmuş tenderin qalibi elan edilib.

Şamaxıda abadlıq və yenidənqurma işləri adı altında keçirilən tikintilər də bu şirkətə tapşırılıb. Şirkətin əslən şamaxılı olan və Dövlət Neft Şirkətinin təmir-tikinti idarəsində işləyən Barat Həsənova məxsus olduğu bildirilir. Bir müddət əvvəl Şamaxı sakinləri onunla bağlı mətbuata şikayətlər etmişdilər. Bildirmişdilər ki, Barat Həsənov Şamaxının İcra Hakimiyyətinin başçısı Asif Ağayevə yaxın adamdır və rayonu başçı ilə birlikdə idarə edir. Qardaşı Tağı Həsənovsa Şamaxı rayon Poçt İdarəsinin müdiridir.

Meydan TV Barat Həsənovla əlaqə saxlaya bilməyib. Əmək Müfəttişliyinin 13 saylı Regional İdarəsindən bildirilib ki, hazırda şikayətlə bağlı araşdırma aparılır. Buna görə də münasibət bildirə bilməzlər.

 

x

YAZARIN DİGƏR YAZILARI