“Nəvəm atasını bir qadın kimi qəbul etdi”

Gülər oğlunun homoseksual olduğundan şübhələnirmiş.

“Artıq üç gündür eyni yuxunu görürəm. O, bir tualetdə qapalı qalıb. Biz onu çıxara bilmirik və o qapını aça bilmir" - Gülər xatırlayır.

Növbəti gün, o, oğlunu ziyarətə gedib və oğlu ona öz cinsi orientasiyasını açıqlayıb.

Azərbaycanda valideynlərin uşaqlarının homoseksual olduğunu öyrənməsi zorakılıq, hətta cinayətlə nəticələnə bilər. Homoseksuallıq qanuni olmasına baxmayaraq, çox ailə üçün bu mövzu tabu olaraq qalır. Sosial cəhətdən mühafizəkar ölkədə mənfi münasibətlər olmasına baxmayaraq, hökumətin göstərdiyi təzyiqlərin birinci ildönümündə bəzi valideynlər bu tendensiyaya qarşı çıxır və LGBT üzvü olan uşaqlarını müdafiə edirlər.

Gülər (adı ailəsini qorumaq məqsədilə dəyişdirilib) oğluna necə cavab verəcəyindən əmin deyilmiş. Əri onu sakitləşdirib: "O, mənə dedi ki, aqressiv olma. O, bizim oğlumuzdur. Oğlumuza lənət etməyimiz Allah qarşısında günah olar. Edə biləcəyimiz heç bir şey yoxdur, bu qismətdir” – Gülər deyib.

Vaxt keçdikcə Gülər oğlunu doğulduğu kimi qəbul edib: "Yavaş-yavaş, hər şeyi sindirdim. Kəndimizdə qəbul edilməz olmasına baxmayaraq, özümə söz verdim ki, hər kəs məndən üz döndərsə belə, uşağımın arxasında duracam”.

2017-ci ilin sentyabr ayının ortalarında Bakıda hakimiyyət orqanları şəhərin LGBT icmasına təzyiq göstərməyə başladı. 10 gün ərzində ən azı 83 gay və transseksual saxta ittihamlarla saxlanıldı və həbs olundu. Bəziləri döyüldü. Digərləri dostları haqqında məlumat verməyə məcbur edildilər, sonra da həbs edildilər.

Rəsmilər fahişəliyə qarşı mübarizə apardıqlarını, cinsi yolla keçən xəstəlikləri yoxladıqlarını və sakinlərin çağırışlarına əsasən hərəkət etdiklərini iddia edərək əsaslandırılmış səbəblər göstərdi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşən Zahidov isə ötən il baş verən təzyiqlər zamanı "Bunlar millətimizə, dövlətimizə, mentalitetimizə uyğun olmayan insanlardır",- dedi.

“Bizim taleyimiz”

İnsan hüquqları qrupu “Göyqurşağı Avropa” (Rainbow Europe) Azərbaycanı Avropada homoseksualların ən pis yaşadığı ölkə sayır.

32 yaşlı Leyla qiymətləndirmənin düzgün olduğunu deyir.

"Bu növ reydlər Bakıda tez-tez keçirilir. Polisin qəddarlığı ilə üzləşmək bizim taleyimizdir",- deyə dörd il əvvəl narkotik maddə istifadə etmək ittihamı ilə həbs edilmiş transgender qadın Leyla “Eurasinaet”-ə bildirir.

Azad edildikdən sonra Leyla (soyadının qeyd olunmamasını istədi) Hollandiyada və Almaniyada sığınacağa müraciət edib, lakin imtina alıb. Nəhayət, anasının dəstəyi ilə İstanbula köçüb.

"Mənim uşağım saxta ittihamlarla birillik həbs edilmişdi" - Leylanın anası Dilbər deyir:

“Həbs olunduqdan sonra biz hətta onun harada olduğunu bilmirdik. Bütün gecəni polis məntəqələrində uşağımı axtarırdım. Uşağımın bütün dostları onu axtarmağa getdiyim üçün çox sevindilər".

Dilbər (əsl adı deyil) tez-tez İstanbulda qızını ziyarət edir və həmişə Azərbaycan məmulatları gətirir. "Anam bura hər gələndə bayram olur. İstanbulda yaşayan bütün azərbaycanlı transseksual dostlarım bir yerə yığılır və anam bizim üçün yemək hazırlayır",- Leyla onu dəstəkləyən anasını tərifləyərək deyib.

55 yaşlı Dilbər Bakı ətrafında yaşayan evdar qadındır. Onun əri tipik azərbaycanlı kişisidir, uşaqlarını qəbul etmək istəmir. O, oğlunun transseksual olduğunu öyrənəndə onu öldürməklə təhdid edib və ilk öncə Dilbəri ana kimi uğursuz olmaqda günahlandırıb.

“Mən bu səhnəni heç vaxt unutmuram. Bu, uzun illər söhbətimizin əsas mövzusu olub. Ancaq o, 20 il sonra bunu qəbul etdi. 20 il sonra! Mənim həyat yoldaşım əslində onu mənə görə qəbul etdi. Son illərdə mənim ağladığımı görəndə gəlib əllərini çiynimə qoyur və " Hər şey yaxşıdır. Mən uşağımı ilk gündən dəstəkləyirdim və həyatımın sonuna kimi dəstəkləyəcəm deyirdi” - Dilbər gözyaşlarını silərək dedi.

Dilbar Leylanı nə "qızım", nə də "oğlum" deyə yox, "övladım" deyə səsləyir.

"Onu ilk dəfə qadın paltarında görəndə bədənimdən nə isə isti bir şey keçdi. Çətindir, ancaq ən önəmlisi uşağımın xoşbəxtliyidir. Körpəm xoşbəxt olanda mən də xoşbəxt oluram".

Dilbərin 15 yaşında daha bir qızı var. O, Leylanı hər zaman bir qadın kimi tanıyıb. "Qızım uşağımı “caniko”, “mənim həyatım” deyə səsləyir".

Dəstək şəbəkələri

 Azərbaycanda dövlət və ictimaiyyət tərəfindən təzyiqlərin olması LGBT fərdlərinin analarından təşkil olunmuş qrup da daxil olmaqla, qeyri-rəsmi dəstək şəbəkələrini ayağa qaldırdı. Onlar polis şöbələrində və ədliyyə binalarının qarşısında gözlədikləri zaman tanış olublar.

"Uşağımın transseksual dostunun anası ilə ilk dəfə görüşməyim mənə sakitləşməyə çox kömək etdi. Biz bu məsələləri müzakirə etdik və mən tək olmadığımı anladım. Dəstək göstərən çox ana var", – Dilbər deyir.

2017-ci ilin əvvəlində İstanbulda bir azərbaycanlı transgender qadın öldürüldü. Onun 60 yaşlı anası Nailə cəsədi Bakıya aparmaq üçün gəldi.

Nailə oğlu 15 və ya 16 yaşında olanda onun qadın paltarları geydiyini görüb. "Ərim onu öldürmək istəyirdi. Mən ona dedim ki, uşağımı tərk etmərəm, ərimi tərk edərəm. Ərim onu döydü. Sonra oğlumu it kimi zəncirlədi. Onu tualetə zəncirlə aparırdı", - deyə Nailə (əsl adı deyil) xatırlayır.

Ata oğlunu 19 yaşındakı bir qadınla evlənməyə məcbur edərək, bu təcrübənin onu düzəldəcəyini gözləyirdi. Cütlüyün hazırda 15 yaşlı qızının olmasına baxmayaraq, Nailə xanım “evlilik anlamsız oldu. Mənim uşağım həyatına istədiyi kimi davam etdi",- deyir.

2018-ci ildə Nailənin oğlu İstanbula qaçıb, daha sonra öldürülüb:

"Nəvəm atasını bir qadın kimi qəbul etdi. Onlar hər gün “Skype” ilə danışırdı”.

Nailənin uşağı üçün mübarizəsi Azərbaycanın LGBT icmasına yaxşı məlumdur və bu gün, o, təqibə məruz qalan bir çox digər LGBT fərdinin anası kimi görülür. O, ailələri tərəfindən atılanlara evini açıb.

"Biz valideynlər daha çox şey edə bilərik. Biz birləşsək və birlikdə mübarizə aparsaq, uşaqlarımızın həyatını xilas edə bilərik " – o deyib.

Məqalə "Eurasianet" saytından, Durna Səfərovanın məqaləsindən tərcümə edilib. Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.