Qubad İbadoğlu: Manata psixoloji və siyasi təsirlər artıb

Qubad İbadoğlu

''Fiksəedilmiş məzənnə siyasətinin davam etdirilməsi siyasi avanturadan başqa bir şey deyil''

Dövlət Neft Fondu (ARDNF) 2018-ci ilin avqust ayı ərzində 733,7 milyon ABŞ dolları məbləğində vəsait satıb.

İyulda Fondun valyuta satışı 536,6 milyon dollar olub.

Beləliklə, iyul ayı ilə müqayisədə avqustda valyuta satışı 36,7 faiz və ya 197,1 milyon dollar artıb.

ARDNF 2018-ci ilin iyun ayı ərzində isə 439 milyon ABŞ dolları məbləğində vəsait satıb.

İqtisadçı Qubad İbadoğlu deyir ki, manatın sabitliyini qoruyan əsas iqtisadi göstəricilər “təslim” olur. Dövlət Neft Fondu ilin 7 ayında ötən ilki qədər valyuta satıb:

“İdxal artır, ixrac azalır, valyuta ehtiyatları tükənir. Cari ilin son aylarında manatın sabitliyi üçün əhəmiyyət kəsb edən iqtisadi göstəricilər pisləşməyə başlayıb”.

Q.İbadoğlu deyir ki, valyutaya tələbat sürətlə artır. Dövlət Neft Fondu 2018-ci ilin avqust ayı ərzində 733,7 milyon ABŞ dolları məbləğində vəsait satıb:

“Beləliklə də bu ilin 8 ayında ARDNF tərəfindən satılan valyuta vəsaitinin həcmi 4 milyard 244 milyon 800 min dollar təşkil edib. Bu da 2017-ci il üzrə cəmi valyuta satışından 17,9 faiz çoxdur. Hesablamalara görə, ARDNF bu ilin 7 ayında ötən il bütün dövr ərzindəki qədər valyuta satıb. Gözləntilərə görə, yaxın 4 ayda satışın həcmində artım daha da yüksələcəkdir. Belə ki, ARDNF-nin cari ilin avqust ayının satışları iyul ayına nisbətdə 36,7 faiz, iyul ayının satışları iyun ayına nisbətdə 22,2 faiz, iyun ayında may ayına nisbətən 3,8 faiz çoxalıb”.
Onun sözlərinə görə, göründüyü kimi, sön 3 ay ərzində aylıq artım dinamikası daha da sürətlənib.

İqtisadçı bildirir ki, idxal artır, müsbət saldo azalır.

O qeyd edib ki, rəsmi statistikaya görə, bu ilin birinci yarısında idxalın həcmi 4 milyard 659 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz çoxdur.

Bununla yanaşı, bu ilin ikinci rübünün göstəricilərinə görə, xarici ticarətdə müsbət saldo may ayında aprel ayına nisbətən 40 faizdən, iyun ayında may ayına nisbətən 46 faizdən çox azalaraq 486,9 milyon ABŞ dolları təşkil edib:

“Xarici ticarətdə müsbət saldonun sürətlə azalması yalnız idxalın artımı ilə deyil, həm də ixracatın bu ilin ikinci rübündə azalması ilə əlaqədardır. Belə ki, 2018-ci ilin 6 ayında ixracat apreldəki pik səviyyəsindən - 2 296 milyon dollar- sonra kəskin azalmağa doğru gedir və aylıq göstərici cari ilin iyununda aprel ayı ilə müqayisədə 44 faiz azalaraq 1 291 milyon dollar təşkil edib”

Q.İbadoğlu deyib ki, Mərkəzi Bankın valyuta ehtiyatları azalır. Onun sözlərinə görə, cari ilin avqust ayında Mərkəzi Bankın valyuta ehtiyatları iyun ayındakı 5546,9 milyon dollardan 5503,5 dollaradək azalıb. İqtisadçının fikrincə, bu azalma kəskin xarakter daşımasa da, tendensiyanın neqativ olması narahatlıq doğurur və böyük ehtimalla bu ilin son ayında azalma tempi yüksələcək.

Sonda iqtisadçı bildirir ki, manatın sabitliyi üçün əhəmiyyətli olan iqtisadi göstəricilərin pisləşməsi ilə yanaşı, ona pisxoloji və siyasi təsirlər də artıb.

“Azərbaycanın idxalda əsas ticarət tərəfdaşı olan Rusiya və Türkiyənin milli valyutasının ABŞ dollarına nisbətdə dəyərdən düşməsi, digər önəmli ticarət partnyorları olan İran və Qazaxıstanda da anoloji problemlərin yüksəlməsi manatı təzyiq altında saxlayır. Bu təzyiq altında manatın sabitliyini naminə fiksəedilmiş məzənnə siyasətinin davam etdirilməsi siyasi avanturadan başqa bir şey deyil. Manat ABŞ dollarına ya təslim olmalı ya da siyasi səbəblərdən tənzimləyici funksiyalarını donduraraq, qeyr-neft sektorunun tənəzzülünə xidmət etməlidir. Görünür, hazırda ikinci varianta üstünlük verənlər hakimiyyətdə qərarların qəbuluna daha çox təsir etmək gücündədir”.

x

YAZARIN DİGƏR YAZILARI