Zəhərə çevrilən ağ qızıl

“Hamımızın qarın nahiyəsindən sancılar başladı. Ağzımızdan köpük gəlirdi. Pambıq sahəsinin kənarına çıxdıq. Digər yoldaşlarımız da gəlib bizi xəstəxanaya apardılar”, - deyən Sabirabad rayon sakini, 33 yaşlı Gülnarə Qardaşova bu il Azərbaycanda pambıq sahələrində zəhərlənən yüzlərlə fəhlələrdən biridir. Onunla eyni gündə daha 25 nəfər zəhərlənmışdı.

“Görünür dərmanın təsiri hələ var imiş”

Son aylar ölkənin dörd müxtəlif rayonunda pambıq sahələrində çalışan fəhlələr arasında kütləvi zəhərlənmə baş verib. Zəhərlənənlərin dəqiq sayı ictimaiyyətdən gizlədilir. Media və şahidlərlərin verdiyi məlumata əsasən, zəhərlənən şəxslərin sayı 400-dən çoxdur və onların arasında uşaqlar da var. Belə ki, bəzi fəhlələr onlara kömək etmələri üçün uşaqlarını da pambıq sahələrinə işləməyə götürürlər. Meydan TV-nin əməkdaşı Saatlıda pambıq sahəsində çalışan fəhlələrlə görüşən zaman da, işçi briqadasında üç yeniyetmə qıza rast gəlib. Lakin onlar əsl yaşlarını bildirməkdən çəkiniblər.

İlkin məlumatlara əsasən, fəhlələr pambıq sahələrində alaq otlarına və ziyanvericilərə qarşı istifadə edilən pestisidlərdən zəhərləniblər.

“İşləməyə Saatlıya getmişdik. İşə başlamazdan əvvəl fermer bizə bildirdi ki, artıq 15 gündür torpağa dərman səpilib və dərmanın üzərində yazılıb ki, səpiləndən bir gün sonra artıq sahədə işləmək olar. Biz də başladıq işləməyə, amma görünür, dərmanın təsiri hələ də var imiş”, - deyə, Gülnarə Qardaşova bildirir.

“Məqsəd 2022-ci ilə qədər pambıq istehsalını 500 min tona çatdırmaqdır”

Son üç ildə Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafını, xüsusilə də kənd təsərrüfatını öz prioritet sahəsi elan edib. Ölkə prezidenti İlham Əliyevin 2017-ci il 13 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı” da təsdiq edilib və məqsəd 2022-ci ilə kimi pambıq istehsalını 500 min tona çatdırmaqdır. Proqram demək olar ki, bütün dovlət qurumları, xüsusi ilə də Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin üzərinə pambıqçılığın inkişafına xüsusi diqqət ayırmaqla bağlı öhdəlik qoyub. Həmçinin bu sahəyə 2016-ci ildən başlayaraq dövlət bürcəsidən subsidiya da ayrılır və pambıq istehsalçılarına emal müəssisələrinə satdıqları xam pambığın hər kiloqramına görə 0,1 manat məbləğində subsidiya verilir. Eyni zamanda əkilən torpaq sahələrinin həcminə görə fermerlərə, aqrolizinq təşkilatları vasitəsilə kənd təsərrüfatı texnikalarının, toxumların, yanacaq, kübrə və pestisidlərin alınması üçün də subsidiyalar ayrılır.

Pambıq sahələrində kütləvi zəhərlənmələrə səbəb olduğu güman edilən pestisidlərin alınması və fermerlərə paylanması da əsasən dövlətin nəzarətində olan aqro-sənayə birlikləri tərfindən həyata keçirilir. Məhz bu səbəbdən fermerlərin hansı pestisidlərdən istifadə etdikləri haqda məlumat əldə etmək çətindir.

Zəhərlənmə “təsdiq edilməyib”, amma cinayət işi açılıb

 Pambıq sahələrində zəhərlənmənin sayının daha çox olduğu İmişlidə zərərçəkənlərin əksəriyyəti rayonun Mərkəzi Xəstəxanasında müalicə alıb. Xəstəxananın baş həkimi Eynulla Qasımov fəhlələrin pesdisidlərdən zəhərləndiyini təsdiqləyir:

“Pesdisidlərdən zəhərlənmə Sovetlər zamanı da olurdu, indi də belə hallara təsadüf edilir. Bu da, belə hallardan biridir”.

Gülnarə Qardaşova kimi vəziyyəti nisbətən daha ağır olan bir neçə pambıqçı rayon xəstəxanalarında ilkin yardım aldıqdan sonra Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilib. Lakin Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov sözügedən şəxslərdə zəhərlənmənin təsdiq edilmədiyini iddia edir:

“Onlarda yüngül başgicəllənmə, ürəkbulanma var idi. Bizim Mərkəz sırf zəhərlənmə ilə məşğul olur, zəhərlənməni ya təsdiq edirik, ya da inkar edirik. Bu pasientlərdə heç bir zəhərlənmə təsdiq olunmadı”. 

Artıq Tərtər və Sabirabadda pambıq sahələrində baş verən növbəti kütləvi zəhərlənmə hadisələri ictimaiyyətə günvurma kimi təqdim edilir.

Baş vermiş zəhərlənmə hadisələri ilə bağlı 10 iyun tarixində Baş Prokurorluq tərəfindən bitki xəstəliklərinə və ziyanvericilərə qarşı mübarizə qaydalarının pozulması və vəzifəli şəxsin vəzifə səlahiyyətlərini düzgün yerinə yetirməməsi əsas gətirilərək cinayət işi başlanıb və artıq 10 nəfərin saxlanıldığı bildirilir. Baş Prokurorluğun bir neçə dövlət qurumu ilə birgə yaydığı bəyanatda da müxtəlif bölgələrdə bir qrup şəxsin zəhərlənmə diaqnozu ilə müalicə müəssisələrinə daxil olduğu qeyd olunur. Lakin istintaq prosesinin getdiyi əsas gətirilərək, hələ də zəhərlənmələrin hansı şəraitdə baş verməsi ilə bağlı ictimaiyyətə konkret məlumatlar verilmir. Baş Prokurorluğun 9 avqust tarixində yaydığı məlumata görə, artıq saxlanılanlar barəsində cinayət işlərinin ibtidai istintaqı tamamlanıb və müvafiq olaraq Saatlı, İmişli və Tərtər rayon məhkəmələrinə göndərilib.

“Fəhlə tutduq ki, alağı təmizləsin, nəticəsi də belə oldu”

 İfact.ge Saatlının pambıq tarlalarında çəkilən “Rifle 48 EC” dərman preparatının fotolarını yayıb. Bu dərmanın tərkibindəki əsas inqridient “Trifluralin”dir. Yabanı otların məhvi üçün nəzərdə tutulan “Trifluralin”in istehsalı və istifadəsi 2008-ci ildən etibarən Avropa Birliyində qadağan edilib. Bu kimyəvi maddə hələ də Türkiyədə, Kanada və ABŞ-da istifadə edilsə də, qaydalara əsasən dərman, yalnız xüsusi geyimdə olan işçilər tərəfindən istifadə edilə bilər.

Gülnarə Qardaşovanın işləyərkən zəhərlənidiyi torpaq sahəsi fermer Lətif Xəlidova məxsusdur. İfact.ge-yə danışan fermer pestisidi müqavilə əsasında MTK İstehsalat Kommersiya MMC-dən əldə etdiyini deyir. Onun sözlərinə görə, dərmanın istifadəsindən sonra işçiləri nə vaxt tarlaya gətirməli olduqları haqda heç bir məlumatı olmayıb:

“Biz sadə insanlarıq, bilmirik nə dərmandır, yaxşıdır, yoxsa pis. Buna zavod, bilən insanlar nəzarət etməlidir. Gördük ki, dərmanın alağa təsiri olmadı, əl əməyindən istifadə etmək qərarına gəldik. Fəhlə tutduq ki, alağı təmizləsin, nəticəsi də belə oldu”.

Fotolar ifact.ge saytına məxsusdur
Fotolar ifact.ge saytına məxsusdur

Fotolar ifact.ge saytına məxsusdur
Fotolar ifact.ge saytına məxsusdur

Azərbaycanda pestisidlərin keyfiyyətinə nəzarəti bu ilin 1 iyul tarixinədək Kənd Təsərrüfatı  Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti həyata keçirirdi. Saxlanılanlar arasında xidmətin də üç əməkdaşı var. Direktor müavini Yaqub Məmmədlinin sözlərinə görə, mövcud qanunvericiliyə görə, xidmət əməkdaşları yalnız fermerlərin özünün müraciəti əsasında əkin sahələrinə baxış həyata keçirmək, müəyyən məsləhətlər vermək səlahiyyətlərinə malikdirlər. Qurumun özü də zəhərlənmələrlə bağlı müəyyən araşdırmalar aparsa da, Yaqub Məmmədli istintaq səbəbindən bu haqda açıqlama verə bilməyəcəyini deyir.

Bu ilin 1 iyul tarixindən pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin ölkəyə idxalına nəzarəti Qida Təhlükəsizliyi Agentliyi həyata keçirməyə başlayıb. Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, sözügedən məhsulların idxalında yeni nəzarət mexanizmləri tətbiq olunacaq və nəzarət gücləndiriləcək.

MKT İstehsalat Kommersiya MMC respublikanın bir çox rayonunda pambıq sahələrinin şumlanması, pestisid və kübrələrlə təminatını, pambıq alışını həyata keçirir. Ifact.ge-nin məlumatına görə, bu şirkət İmişlidə 4 min hektara yaxın sahəni icarəyə götürərək orada pambıq becərir. İyunun 19-da həmin sahədə çalışan daha 80 fəhlə də zəhərlənmişdi.

MKT Azərbaycanda pambıq satışını həyata keçirən ən aparıcı şirkətlə - „Gilan Holding“lə eyni ünvanda qeydiyyatdadır. „Gilan Holding“in böyük pay hissəsi Dubay qeydiyyatında olan „Sahra FZCO“ şirkətindədir. OCCRP araşdırmalarının birində „Sahra FZCO“nun real sahiblərinin prezident Əliyevin qızları Arzu və Leyla olduğu qeyd edilir.

“iFact.ge”-nin müxbiri İmişlidə yerləşən tarlanın ətrafında “Megasun 20 SP” yazılan sellofanlar tapıb. Selofan paketlərin üzərində “Gilan Holding” şirkəti tərəfindən Azərbaycanda istehsal olunduğu qeyd edilib. İmişlidəki MKT-ya məxsus sahədə çalışan fəhlələr də əraziyə gələrkən ətrafda üzərində „Gilan Holding“ yazılan dərman paketlərinə rəst gəldiklərini bildirirlər.

Zəhərlənmə hadisələri ilə bağlı aparılan istintaqa əsasən həbs olunanlardan dörd nəfər MKT-nın əməkdaşlarıdır. Zəhərlənmələrin səbəbi haqda bir söz deyə bilməyəcəyini söyləyən şirkətin direktor müavini Rövşən Hüseynov, „Gilan Holding“dən heç bir dərman preparatı almadıqlarını iddia edir:

„Biz ölkə daxilində istehsal edilən pesdisidləri yalnız „Aqrokimya Azərbaycan“ şirkətindən alırıq. Digərlərini isə xaricdən əldə edirik“. 

Ekspertlər deyir ki...

Aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmli isə hesab edir ki, zəhərlənmə hadisəsinə tez bir zamanda aydınlıq gətirmək mümkün idi:

“Məsələnin bu qədər uzadılması və indiyədək qeyri-müəyyənliyin olması ondan xəbər verir ki, bunlar bu işin öhdəsindən gələ biləcək gücdə deyillər. Digər tərəfdən bu hadisədə günahkar olanlar o qədər güclüdür ki, hüquq-mühafizə orqanları onlarla bacaracaq gücdə deyil”.

Hüquqşünas Xalid Bağırov hesab edir ki, ölkə üçün prioritet sayılan bir sahədə belə bir hadisənin baş verməsi ən azı Milli Məclis səviyyəsində komissiya yaradılaraq araşdırma aparılmasını tələb edirdi. Belə bir komissiya baş verənlərə öz hüquqi-siyasi qiymətini verə bilər və gələcəkdə bu cür nöqsanlara yol verilməməsi üçün lazım gələrsə, qanunvericilikdə də müəyyən dəyişiklər edilə bilərdi.

Zəhərlənmə hadisəsindən sonra sol gözündə torlanma yaranan üç uşaq anası Banu Sadıqova əksər fəhlələr kimi pambıq sahələrində heç bir əmək müqaviləsi olmadan işləyib:

“Təbii ki, müqavilə gətirsə idilər, biz  imzalayardıq. İndi bu səbəbdən haqqımızı tələb edəndə bizə heç kim heç nə demir, yəni öz xoşuna gəlmisən, özün bilərsən”.

Banu Sadiqova
Banu Sadiqova

Xalıd Bağırov hesab edir ki, kənd təsərüffatı sahəsində çalışan işçilərin hüquqları ilə bağlı ciddi problem var:

“Əmək müqaviləsinin olmamasından başqa işçilərin əmək təhlükəsizliyi ilə bağlı problem var. Pambıqçılıq kimi zərərli sahədə işçilər mütləq sığortalanmalıdır”.

Son illər Azərbaycanda büdcə təşkilatlarının işçiləri və tələbələr də məcburi qaydada pambıq yığımına cəlb edilir. Ötən il, 19 sentyabr tarixində Biləsüvar rayonunda Mərkəzi Xəstəxananın işçiləri  təcili tibbi yardım maşınında pambıq yığımından qayıdarkən qəzaya uğrayaraq xəsarət alıblar. İqtisadçı Natiq Cəfərli bu cür halları insanların əməyindən qeyri-qanuni istifadə kimi qiymətləndirir. O, həmçinin fermerlərin də pambıq əkməyə məcbur edildiyini bildirir:

“Azərbaycanda torpaqlar islahatlar nəticəsində çoxdan özəl mülkiyyətə verilsə də, 2016-cı ildə keçirilən referendumun nəticəsi olaraq torpaqlardan səmərəli istifadə adı altında torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıldı. İcra hakimiyyətləri də qanunvercilikdəki bu dəyişikliklərdən sui-istifadə edərək fermerləri bu və ya digər məhsulu əməyə məcbur edirlər. Bu gün əksər fermerlər torpaqlarını itirməkdən qorxduqları üçün pambıq əkir”.

Azərbaycan 2016-cı ildə 24 milyon ABŞ dolları dəyərində 89,4 min ton, 2017-ci ildə isə 52 milyon dollarlıq 207 min ton həcmində pambıq idxal edib. Əsas idxal ölkələri Türkiyə və Rusiyadır. Hökumətin bu sahəni inkişaf etdirmək yönündə səylərini artırmasına baxmayaraq, hər hektar üzrə məhsuldarlıq 2017-ci ildə öncəki ilə nisbətən azalaraq 1730 tondan 1510 tona enib. İqtisadçı Toğrul Maşallı isə hesab edir ki, hökumətin pambıqçılıqda inzibati müdaxiləsi əksinə, bu sahədə məhsuldarlıq və rentabelliyi aşağı salır:

“İcra hakimiyyəti fermeri pambıq əkməyə məcbur edəndə, fermer bu işi necə görəcəyini, məhsuldarlığı artırmaq, eləcə də torpaqlar üçün nə lazım olduğunu, hansı pestisidlərdən istifadənin gərəkdiyini bilmir. Nəticədə keyfiyyətli məhsul istehsalı, yüksək səmərə əldə edilməsi mümkün olmur. Əl əməyindən istifadə edilməsi də məhsulun keyfiyyətinə mənfi təsir göstərir”.

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, ümumiyyətlə, Azərbaycan hökumətinin əsas məqsədi heç də pambıqçılıqdan gəlir əldə etmək deyil:

“Azərbaycan hökuməti pambıqçılığa bir sosial layihə kimi baxır. Məqsəd bu sahədə az maaşlı da olsa minlərlə iş yerləri açaraq regionlarda sosial gərginliyi azaltmaqdır”.

Boykot təhlükəsi?

“Cotton Campaign” adlı beynəlxalq şəbəkənin koordinatoru Kirill Boychenko Özbəkistan və Türkmənistanda pambıqçılığın necə təşkil edilməsindən danışır:

“Məsələn, Özbəkistanda dövlət kvota təyin edir və öz şəxsi torpaqları olmadığından dövlətdən torpaq icarəyə götürən fermerlər pambıq əkməyə və bazar qiymətlərindən xeyli aşağı qiymətə satmağa məcbur edilirlər. Əks halda torpaqlarını itirə bilərlər. Hər il hakimiyyət cəza ilə hədələyərək tələbələri, müəllimləri, tibb və digər büdcə təşkilatlarının işçilərini pambıq yığmağa, fermerləri isə normanı yerinə yetirməyə məcbur edir. Türkmənistanda isə vəziyyət daha acınacaqlıdır. Burda illərdir ki, məcburi qaydada uşaq əməyindən də istifadə edirlər. Beynəlxalq konvensiyalara və tövsiyyələrə əsasən pambıqçılıq zərərli sahə hesab edilir və burada uşaq əməyi, ümumiyyətlə, yolverilməzdir”.

“Cotton Campaign” şəbəkəsi 2005-ci ildə Özbəkistan və Tükmənistanda uşaq və məcburi əməyin aradan qaldırılması məqsədi ilə yaradılıb. K.Boychenkonun sözlərinə görə, məhs məcburi əməyin tətbiq edilməsi səbəbindən artıq 300-ə yaxın şirkətin Özbəkistan pambığını almaqdan imtina edib. Bu şirkətlərin arasında dünyaca məşhur böyük geyim brendləri də var. ABŞ-da isə bu ildən etibarən Türkmənistandan pambıq idxalına qadağa qoyulub.

“Ümid etmək istərdik ki, Azərbaycan eyni yolla getməyəcək” - K.Boychenko belə deyir.

Pambıq sahələri ilə birgə artan qiymətlər

Son üç ildə Azərbaycanda pambıq sahələrinin genişləndirilməsi otlaq və digər kənd təsərrüfatı məhsulları sahələrinin azaldılması hesabına mümkün olub. Aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmlinin sözlərinə görə, ümumilikdə 50 min hektar örüş və biçənək sahələri bu məqsədlə istifadə olunub və artıq son iki ildə ölkəyə idxal edilən heyvandarlıq məhsullarının həcmi 50 milyon dollara çatıb, yəni üç dəfə artıb. Pambıqçılıq heyvandarlıqla yanaşı digər kənd təsərrüfatı məhsullarının qiymətində artıma səbəb olub. Məsələn, bostan məhsullarının qiyməti 3 dəfə bahalaşıb.

Dövlət rəsmilərinin açıqlamalarına görə, pambıqçılıq siyasətindən daha çox bəhrələnənlər region əhalisi olmalı idi və ölkədə 200 mindən çox iş yerlərinin yaradılacağı bildirilirdi. Lakin bir ay öncə pambıq sahəsində zəhərlənən Həqiqət Məmmədovanın sol qolunun funksiyası hələ də tam bərpa olmadığından, o, uzun müddət işləyə bilməyəcək:

“Günə 8-9 manat da olsa, pambıqda işləyib uşaqlarımı birtəhər dolandırırdım. İndi heç yerdən gəlirim yoxdur və qoluma görə alağa gedə bilmirəm. Müalicəmi davam etdirməyə də pulum yoxdur”.

Sabirabad sakini Elnarə Həsənova isə hələ də ürəkbulanmadan və baş gicəllənməsindən əziyyət çəksə də, pambıq sahəsindəki işinə geri dönüb:

“Məcburiyyətdən gəlmişəm. Başqa imkanım yoxdur. İki övladımı atasız böyüdürəm”.

"Mediaşəbəkə"nin dəstəyi ilə