''Telefonların rüsumlarının artırılması səriştəsizlikdir''

Məhəmməd Talıblı

İqtisadçı: ''Mövcud addımın bir neçə baxımdan iqtisadi mənası yoxdur''

İqtisadçı Məhəmməd Talıblı ölkəyə gətiriləcək mobil telefonların rüsumlarının artırılması qərarını səriştəsizlik adlandırıb.

Məhəmməd Talıblı öz “Facebook” səhifəsində yazıb ki, iqtisadiyyatda bütün qərarlar iqtisadi baxımdan həssas sosial təbəqəni nəzərə almaqla verilməlidir:

“Belə qərarlar eksplerent (“qaranquş”) firmalara yox, patiyent (“tülkülər”) firmalara yönəlik olmalıdır. Patiyent firmalar – ekslüziv mallar istehsal edən və ya sataraq onların elit təbəqələrin tələblərini təmin edirlər. Onlar eksklüziv malların satışı, yüksək markalar hesabına böyük pullar qazanırlar. Dövlət onların alıcılarının xərclədiyi pullar hesabına aşağı təbəqəli insanlara güzəşt zonası tanıyır. Və bunu təşviq edən addımlar atır. Eksplerent (“qaranquş”) firmalar isə bazarda istehlakçı axtarışında olan məhsul satışı üçün vurnuxan firmalardır”.

İqtisadçı xatırladıb ki, Azərbaycanda mobil telefon bazarında bu qərarla bundan sonra 100 dollara qәdәr telefonlara 30, 701-1000 dollara qәdәr telefonlara 100 AZN və 1001+ dollara olan telefonlara isə 150 AZN rüsum alınacaq:

“Bu zaman daha bahalı telefon alanlar daha az, daha ucuz telefon alanlar isə daha çox vəsait ödəmək məcburiyyətində qalacaq. Zəif istehlakçıdan və əksəriyyəti əhatə edən telefon alıcılarından daha çox yığım alınacaq. Yüksək gəlirli və satınalma gücü böyük olan alıcılardan isə daha az rüsum tutulacaq. Nəzərə alanda ki, daha çox alıcılar aşağı və orta ölçülü mobil telefonlar alırlar, bu zaman məqsəd bu yığım əmsalları ilə dövlət büdcəsinə daha çox vəsait qazandırmaqdır. Halbuki, rüsumlarının əsas məqsədi dövlət büdcəsinə vəsait qazandırmaq deyil, həm də qazanmaqdır! Əslində məqsəd iqtisadiyyatı tənzimləməkdir. Tənzimlələk üçünsə, vergi və qeyri-vergi dərəcələri o zaman artırılır ki, həmin malların və ya əvəzedicilərinin ölkədə istehsalı olsun. Dövlət bununla daxili bazarı və milli istehsalçını xarici rəqabətdən qoruyur. İndiki halda Azərbaycan mobil telefon istehsal etmir. Demək onları da xarici təzyiqdən qorumağa ehtiyac da yoxdur. Ona görə bu qərar həssas sosial qrupların ailə büdcələrinin zəifləməsi, cəmiyyətdə gəlir bərabərsizliyinə yol açması, dövlət büdcəsinin doldurulması üçün düşünülən bir addımdır. Bu mənada mövcud addımın bir neçə baxımdan iqtisadi mənası yoxdur”.

Nazirlər Kabineti iyulun 31-də “Mobil cihazların qeydiyyata alınmasına” görə dövlət rüsumunun artırılmasına qərar verib. "Mobil cihazların qeydiyyata alınmasının 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlara şamil edilməyəcək. Bu qərar yalnız fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazlara tətbiq olunacaq.

Bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən ediləcək. Foto, video çəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70, bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu ödəniləcək.

x

YAZARIN DİGƏR YAZILARI