''Oğlum imkansızlıqdan məktəbə getmir''

Həyat yoldaşı həbsdə olan qadın sosial yardım ala bilmədiyini deyir

"3 aydır ki, mebel sexində işləyirəm, taxta yonuram. Çox ağır şəraitdə işləyirik - isti və havasızlıq olur. Sexin pəncərəsi bir tərəfə, hətta suyu belə yoxdur, oradan çıxanda mumiya kimi ağappaq oluruq. Düzdür, maska verirlər, amma istidən taxa bilmirik. İşlədiyim müddətdə iki nəfər astma tutdu, getdi. Neyləyim, pula ehtiyacım var, onun üçün belə ağır işə qatlaşmışam".

Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin sakini Azadə Eyyubova belə deyir. Söyləyir ki, səhər 9-dan axşam saat 6-yadək sexdə işləsə də, əziyyətinin müqabilində 300 manat pul alır:

"O pulla da 3 uşaq dolandırmaq olmaz. Ona görə də əlavə iş axtarıram ki, saat 6-dan sonra da işləyim. Kafelərdə qabyuyan işləmək istəmirəm. Düzdür, bundan əvvəl qabyuyan işləmişəm. O iş elədir ki, gec saatlara qədər işləməli olurdum. Evə gecə 1-2-də gəlib çıxırdım. Gec saatda körpə uşaqları tək qoymaq olmur. Övladlarım 6, 9 və 16 yaşlarındadır. Böyük övladıma anam və bacılarım baxır. 9 yaşlı qızımın məktəb xərcini bir nəfər valideyn var, sağ olsun, öz üzərinə götürüb. Kiçik oğlum Ayxanı isə imkansızlıqdan məktəbə qoya bilmirəm. Bu, azmış kimi, uşağın səhhətində də ciddi problem var. "Qrıja"dan (qasıq yırtığı-red) əməliyyat olunmalıdır. Ötən il "Semaşko"ya (1 saylı Kliniki Tibbi Mərkəz-red) apardım, həkim baxıb, dedi ki, təcili əməliyyat olunmalıdır. 500 manat pul "oxudu". O qədər pul məndə haradandır? "Qrıja" böyüyüb, nə boyda olub".

Azadə Eyyubova
Azadə Eyyubova .

Həyat yoldaşı 4 ildir ki, həbsdə olan Azadə xanım təmirsiz ikiotaqlı evdə çox ağır şəraitdə yaşadığını söyləyir. Deyir ki, vəziyyəti ilə bağlı Dövət Sosial Müdafiə Fonduna (DSMF) müraciət etmək istəyib. Lakin sosial müavinət almaq arzusu ürəyində qalıb:

"Təxminən 2 ay öncə borc-xərclə lazım olan sənədləri toplayıb düzəltdim. Poçta verdim ki, onlayn göndərsinlər. Mənə dedilər ki, ödəmə üçün 15 manat verməlisiniz. Mənim 15 manat pulum nə gəzir, haradan verim? Ay başınıza dönüm, kompüterlə sənəd göndərmək üçün də pul ödəmək lazım imiş, xəbərimiz yoxmuş. Evim başıma uçur. Qonşular kömək edib, qabağını şiferlə tutmuşam. Həyat yoldaşım 2014-cü ildə həbs olunub, torpaq alqı-satqısı üstündə türməyə düşdü. Müstəntiq dedi ki, evi sat, pulunu mənə ver, ərini azadlığa buraxım, işi onun xeyrinə həll edim. Mən razılaşmadım. Acığa, ərimə 3 il əvəzinə, 7 il cəza kəsdilər. İndi dövlətdən yardım istəyirəm ki, balalarımı bir yana çıxarım. Ancaq kimə və necə müraciət edəcəyimi bilmirəm".

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Meydan TV-yə bildirilib ki,

Ünvanlı Dövlət Sosial Yardımı almaq üçün müraciət qaydaları var və ona uyğun sənəd qəbul edilir:

“Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edilməsi məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalari” ilə tənzimlənir. Həmin qaydalara əsasən, sosial yardımın alınması üçün ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər”.

Həmin Fərmanın tələblərinə uyğun olaraq ölkədə fəaliyyət göstərən bütün poçt şöbələrində ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron müraciətin edilməsi üçün zəruri texniki imkanlara malik infoköşklər quraşdırılıb. Həmin infoköşklərdən istifadə ödənişsizdir.

 

x

YAZARIN DİGƏR YAZILARI