''Məmurlar torpaqlarımızı əlimizdən alır''

Dəliquşçu kənd sakinləri şikayətçidir

Zərdab rayonunun Dəliquşçu kənd sakinlərinin şikayəti var. Onlar Kənd Təsərrüfatı Nazirliyinin torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Eldəniz Həsənov və onun “Aqrolizinq” ASC-də çalışan əmisi oğlu Vüsal Həsənovun torpaqlarını əllərindən aldığını iddia edirlər.

“Eldəniz Həsənov və əmisi oğlu 20-dən çox ailəyə məxsus qanunu, sənədli əkin və fərdi mənzil tikintisi üçün olan torpaqlarımızı əlimizdən alıb. Həmin torpaqlarda özlərinə ferma yaradıb, əkin-biçin işləri ilə məşğul olurlar. Bizim ərazilərimizi saxtakarlıqla, qanunsuz özününküləşdiriblər. Nəticədə kəndlilər torpaqsız qalıb. Torpaq olmayanda da dolanmaq mümkün deyil. Kəndlinin çörəyi əkindən-biçindən, heyvandarlıqdan çıxır axı. Kimə şikayət edəcəyimizi bilmirik”.

Zərdab rayonunun Dəliquşçu kənd sakini Hafiz Abdullayev belə deyir.

Vəzifələrindən istifadə edərək, kəndlinin olan-qalan torpağını əlindən alıblar

H. Abdullayev bildirir ki, Eldəniz Həsənov da əslən Zərdabın Dəliquşçu kəndindəndir:

“Hazırda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiridir. Əmisi oğlu Vüsal Həsənov “Aqrolizinq”də, qardaşı Hamiz Həsənov orta təhsilli olsa da, Zərdab “Aqroliznq” İdarəsində müdiridir. Onlar vəzifələrindən istifadə edərək, kəndlinin olan-qalan torpağını əlindən alıblar. Bizə qənim kəsiliblər”.

Torpaqlarımızı əlimizdən alıb, qardaşının adına rəsmiləşdirib

Hafiz Abdullayev Qarabağ müharibəsi veteranı olduğunu söyləyir. Deyir, ona məxsus 12 sot torpaq sahəsi də Eldəniz Həsənovun göstərişi ilə əlindən alınıb:

“Torpaqları əlimizdən alıb Hamiz Həsənovun adına rəsmiləşdirirlər. Bu etdikləri qanunsuzluqdur. Həmin torpaq sahəsini mən 2004-cü ildə Dəliquşçu bələdiyyəsindən dövlət rüsumunu ödəyərək alıb, orada böyük bağ salmışdım. Gözləyirdim, əlim bollaşan kimi həmin yerdə oğluma ev tikdirəcəkdim. Ancaq vəzifəli şəxslərin gözü düşdüyü üçün torpağımı əlimdən aldılar”.

Ürəyi haranı istəsə, qanunsuz yolla ələ keçirər

H.Abdullayev Eldəniz Həsənovun kənddə mülkədar kimi tanındığını söyləyir:

Hafiz Abdullayev
Hafiz Abdullayev.

“Kimsə ona güldən artıq söz deyə bilməz. Ürəyi haranı istəsə, qanunsuz yolla ələ keçirər. Elə mənim torpağım kimi. Bu haqsızlıq mənə çox pis təsir göstərdi. Ürəyimdən cərrahiyyə əməliyyatı keçirdim. Mən Qarabağ torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak edən zaman Eldəniz Həsənov harada idi? İndi Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsindədir və istədiyini edir”.

Atam əsəbdən, stressdən vəfat etdi

Digər sakin Araz Mehrəliyev də torpağının əlindən alındığını söyləyir. Deyir, atası Qardaşxan Mehrəliyev 2001-ci ildə Dəliquşçu bələdiyyəsindən heyvandarlığın inkişafı məqsədi ilə 10 hektar torpaq sahəsini 15 illik müqavilə əsasında icarəyə götürüb:

“18 nəfərdən ibarət ailəmiz həmin torpaq sahəsində zəhmətlə əkib-becərib, heyvandarlıqla məşğul olub, dolanırdıq. Eldəniz Həsənov və Vüsal Həsənovun göstərişi ilə həmin torpaq sahəsi 2014-cü ildə əlimizdən alınaraq, Hamiz Həsənovun adına sənədləşdirildi. Baxmayaraq ki, həmin icarə müqaviləsində qeyd edilən şərtlərə əməl etmişik. Hər il icarə pulunu vaxtlı-vaxtında ödəmişik. Atam üzləşdiyimiz haqsızlığa görə çox əsəb keçirdi. Əsəbdən, stressdən vəfat etdi”.

Onların qanunsuz əməllərinin altını kəndlilər çəkir

A.Mehrəliyev deyir ki, indi həmin 10 hektar torpaq sahəsində Eldəniz Həsənov və Vüsal Həsənov özlərinin ferma təsərrüfatı üçün taxıl və yonca əkdirirlər:

“Onların Dəliquşçu kəndində on min başdan çox iri və xırda buynuzlu heyvan saxlanılan böyük fermaları var. Günü-gündən varlanır, ərazilərini, mal-heyvanlarını daha da artırırlar. Ancaq onların bu qanunsuz əməllərinin altını sadə insanlar, kəndlilər çəkir”.

Qanunsuz əməllərini hər yolla ört-basdır etməyə çalışırlar

Sakinlərdən Cəlal Mirəliyev isə 2006-cı ildə Zərdab rayonunun Qoşa Oba kəndindən fərdi mənzil tikintisi üçün 7 sot torpaq sahəsi aldığını söyləyir:

Cəlal Mirəliyev
Cəlal Mirəliyev.

“Pulu da bələdiyyə sədri Xələf Hacıyevə ödəmişəm. Aldığım torpaqda əvvəlcə bağ saldım, sonra isə mənzil inşa etdirməyə başladım. Ancaq Eldəniz Həsənov qanunu torpağımı saxtakarlıqla, qanunsuz yolla əlimdən aldırıb, oğlu Əli Həsənovun adına sənədləşdirdi. Həmin 7 sot torpaq sahəmin yanında əlavə olaraq 1 hektar torpaq sahəsini isə digər oğlu Fariz Həsənovun adına keçirdi. İndi həmin ərazidə çox böyük bir bağ salıb. Həmin 1 hektar torpağı hasarlayıb, 4-5 yerdən qapı qoydurub ki, kənardan baxan torpağın bir neçə nəfərə məxsus olduğunu düşünsün. Qanunsuz əməllərini hər yolla ört-basdır etməyə çalışırlar”.

C.Mirəliyev ailəsinə qarşı edilən bu haqsızlığa görə əsəb xəstəliyi tapdığını, iki dəfə infarkt keçirdiyini söyləyir.

Zərdabda bircə sot torpağım da yoxdur

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Eldəniz Həsənov Meydan TV-yə Zərdab rayonunda bircə sot torpağının belə olmadığını söyləyib:

“Baxmayaraq ki, mən də Zərdab rayonundanam. 1981-ci ildən Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışıram. 38 ildir ki, aqrar sektordayam. Zərdabda olan torpaq mübahisəsinin mənimlə heç bir əlaqəsi yoxdur. Bu, hüquqi müstəvidə də həll olunub. Şikayətlər qərəzlidir, şəxsimə qarşı atılmış böhtandır, şərdir. Bütün bunların mənimlə heç bir əlaqəsi yoxdur”.

E.Həsənov onu da bildirib ki, onun Vüsal Həsənov adlı əmisi oğlu yoxdur:

“Belə bir insan tanımıram, kimdir, nəçidir, bilmirəm. Tək bildiyim odur ki, bu, ssenaridir, mənə qarşı ifrat böhtandır”.

Vüsal Həsənovla bağlı deyilənlərə biz cavab verə bilmərik

“Aqrolizin” Açıq Səhmdar Cəmiyyətindən isə bildiriblər ki, onlarda Vüsal Həsənov adlı şöbə müdiri yoxdur:

“Adi işçi var, heç bir vəzifəsi yoxdur. Hal-hazırda ezamiyyətdədir. Onunla bağlı deyilənlərə isə biz cavab verə bilmərik”.

Zərdab sakinləri sonda prezident İlham Əliyevə müraciət ediblər. Prezidentdən onları çətin durumdan xilas etməsini istəyiblər:

“Xahiş edirik, məmurlarınızın özbaşınalıqlarına son qoyun. Biz onların əlindən yaşaya bilmirik. Məgər siz bütün bu qanunsuzluqlara qarşı bir tədbir görə bilməzsiniz? Biz dəfələrlə sizin məmurlara insanları incitməməklərini tapşırdığınızı görmüşük. Ümid edirik ki, bu, ancaq televiziyadan belə görünmür. Doğrudan da, özbaşına məmurlar cəzalandırılır, haqq-ədalət yerini tapır”.

x

YAZARIN DİGƏR YAZILARI