Kəndli: Bizim soyuducuda bal, qara ''ikra'', ət, balıq, viski yoxdur

''Qazımız, suyumuz yox, işığımız isə yel əsməmiş keçir''

Saatlının Dəlilər kəndinin sakinlərinin şikayəti var. Onlar kənddə qazın olmadığını, kabelləşmə getmədiyi üçün işıqlarının tez-tez kəsildiyini, kəndlərinə içməli su çəkilmədiyini deyirlər. Suyu daşıyır, qışda odun yandırırlar, işıq isə demək olar hər gün kəsilir deyirlər.

Nə badə, bunu mala-heyvana verərsiniz birdən

"İşıq dirəklərini görürsüz də, külək olan kimi hamısı qırılıb, tökülür. Kənddə, ümumiyyətlə, kabelləşmə getməyib. İçməli suyumuz da yoxdur. Düzdür, su üçün model qurğulu aparat qoyulub, ancaq cəmi bir neçə yerə gəlir. 2-3 kilometrdən daşımaq məcburiyyətində qalırıq. Dəfələrlə aidiyyatı qurumlara getmişik, yazmışıq. Məktublarımız birmənalı olaraq Bakıya gedib çıxmır. Bakıdan göndərdiklərimiz də yenidən qayıdır yerli İcra Hakimiyyətinə. Onlar da çağırıb, ağızlarına gələni deyib, göndərirlər".

Dəlilər sakini, 62 yaşlı Münasib Əmiraslanov belə deyir. Bildirir ki, suyun evlərə gəlməməsi bir dərddir, ikinci dərd isə onun tərkibidir:

Münasib Əmiraslanov
Münasib Əmiraslanov.

"İçdiyimiz suyu yoxlamaq üçün laboratoriyaya göndərdik. Cavab gəldi ki, nə badə, bunu mala-heyvana verəsiniz. Daha demədik ki, Allah evinizi tiksin, biz bu suyu içirik e. Bir sözlə, nə su, nə də elektrik xətlərimiz var. Qazımız isə yerli-dibli yoxdur. Əhali isə kifayət qədər çoxdur. Kəndin azı 3,5 min sakini var. Bu qədər insanın yanında bircə tibb məntəqəsi, düzəməlli məktəb də yoxdur. Biri yıxılıb, ölsə dərdinə çarə tapan olmaz".

Artıq ailəmin üzünə baxa bilmirəm

Sakinlərdən Tofiq Cavadovun isə ən böyük problemi işsizlikdir. Deyir, kənddə iş yoxdur. Mal-heyvan saxlamaq, əkin-biçin etmək də mümkün deyil. Olsa belə, təsərrüfatla iluzunu ailə dolandırmaq olmur:

"Sosial yardım almaq üçün müraciət etdik, dedilər, sizə düşmür. Heç nəyimiz yoxdur. Evə ayda 1 qəpik pul girmir, bundan artıq nə olasıdır, anlamıram. Heç olmasa əvvəllər uşaq pulu verilirdi. İndi o da yoxdur. Barı onu bərpa etsələr, birtəhər dolanarıq. Dəfələrlə iş üçün aidiyyatı qurumlara müraciət etmişəm. Hər dəfə də "nəzərimizdəsən, iş olsa, məlumat verəcəyik", - deyilib. Mən artıq ailəmin üzünə baxa bilmirəm. Bir-iki malımız var idi. O da evimizi sel basanda dəyən ziyanı təmir etmək üçün satdıq. Onun da kökü kəsildi".

Arada elə bilirəm ki, bizi unudublar

Tofiq Cavadov deyir ki, bölgələrdəki işsizlik, çarəsizlik, kasıbçılıqdan xəbəri olan yoxdur. Mətbuatın da gündəmində olan ancaq Bakı və Bakıətrafıdır:

Tofiq Cavadov
Tofiq Cavadov.

"Vallah, arada elə bilirəm ki, bizi unudublar. Daha bir kənddə iş yox, su yox, işıq yox, qaz yox, təsərrüfat üçün şərait yox. Unudulmamışıqsa, bəs nədir? Adicə məktəbi götürək, Sovet hökuməti dağılmazdan öncə tikintisinə başlanmışdı. Yarımçıq qaldı. Camaat toplanıb pul qoydu, birtəhər tikib başa vurdular, yoxsa bu gün kəndin məktəbi də olmayacaqdı. Əslində o binaya məktəb demək də olmaz. Bərbad gündədir, təmirə ehtiyacı var, üstəlik, 9 illikdir, uşaqlar 10 və 11-ci sinifləri qonşu Nərimankəndə gedirlər. O da 7 kilometr aralıdadır. Bunun qışı, yayı var. Çətindir, vallah".

Bu, yaşayış deyil, biz yaşayırıq

İşsizlik, çarəsizlikdir, bir sözlə, dolanışıq yoxdur deyir, Dəlilər sakinləri. Problemləri ilə bağlı İcra Hakimiyyətində dəfələrlə qəbulda da olublar. Məktub yazmaqdan da bezdiklərini söyləyirlər:

"Öz-özümüzdən də nifrət edirik. Müsbət cavab ala bilmirik. Sovet dövründə iş var idi, işləyirdik. O quruluş dağılandan sonra bizlər də dağıldıq. Elə o vaxtdan toparlana bilmirik. Yeməyə çörəyimiz yox, bir tərəfdən də "Azərişıq" hamımızın sayğacına külli miqdarda borc yazıb. Deyirlər, ödəməlisiniz. İnanın hamısı şişirdilmiş rəqəmlərdir. Yel ötən kimi işıq sönür, hardan işlətdik o qədər vəsaiti? Nə isə deməyim odur ki, bu, yaşayış deyil, biz yaşayırıq", - sakinlərdən Kamal Rzayev belə deyir.

Əkinimiz, biçinimiz, evimiz-eşiyimiz məhv oldu

Sakinlərdən Əzizağa Cahangirov borcu ödəməyəndə işığı kəsib yerə atdıqlarını söyləyir. Deyir, tək işıq söhbəti deyil, soyuducu işləməyəndə dərmanları, soyuducudakı yeməkləri xarab olur:

"Bizim soyuducuda bal, qara ''ikra'', ət, balıq, viski yoxdur. Olanlar ayran, qatıq, şordur. Onlar da turşuyur, tökürük çölə. Hər tərəfdən vurublar bizi. 8 gündən çox işığımızı yandırmadılar, zülm çəkdik. Sonra gəlib minnətlə qoşdular. Subasmaya məruz qaldıq, heç bir kömək etmədilər. Elə ondan sonra müflisləşdik. Əkinimiz, biçinimiz, evimiz-eşiyimiz məhv oldu. İndi o vəziyyətə gəlib çıxmışıq ki, əlimizdə bir qara qəpiyimiz yoxdur. Dövlət bu zaman əlimizdən tutmalı, bizə kömək etməli idi. Etmədi, indi də tələb edir ki, filan qədər borcun var, ödə. Mənə elə gəlir sayğac 3 qat çox yazır. Komissiya tələb edirik, gəlmir. Eləcə sayğacın ağzını blomblayıb, gediblər. Heç nə edə bilmirik".

Üfürürsən deyirlər, tufandır, işığı söndürürlər

Əzizağa Cahangirov deyir ki, kəndlərinə verilən sayğaclar əvvəlcə Qaracalar kəndinə quraşdırılıb. Oranın vətəndaşları düzgün yazmadığı üçün həmin sayğaclardan imtina ediblər:

“Sonra o kənddən söküb, gətirib bizim kəndə quraşdırdılar. Kabelləşmə yox, dirəklər çürük. Üfürürsən deyirlər, tufandır, işığı söndürürlər. Tüpürürsən, deyirlər, leysandır, borandır, yenə söndürürlər. Bu kabelləşmə yanından yel ötənədəkdir".

Kəndin içməli suyu da yoxdur. Kamal Rzayev deyir ki, buna görə dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər. "Həmin ərazidə nə zamansa su çəkilişi həyata keçirilsə, sizin kəndin problemi də həll ediləcək", - cavabını alıblar.

"Bəlkə heç vaxt büdcədən buralara su çəkilişi üçün vəsait ayrılmayacaq. Bəs düşünmürlər ki, bu camaat nə içir bölgələrdə? Necə dolanmağımız bir yana, su həyat mənbəyidir axı, onsuz olmaz. Qapqara su içirik, məcburuq çənlərə dolduraq ki, bir az çöksün, sonra içək. Bundan əlavə, kəndin qazı da olmalıdır".

Problemlərini araşdırıb, aidiyyatı qurumlara yönləndirərik

Meydan TV sakinlərin problemi ilə bağlı Saatlı Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyətindən bildiriblər ki, onlar bütün bu problemləri ilə bağlı ətraflı məktub yazıb, icraya göndərsinlər:

"Biz onların problemlərini araşdırıb, aidiyyatı qurumlara yönləndirərik. Çünki dedikləri qaz, su problemləri icra hakimiyyəti səviyyəsində həll ediləsi məsələlər deyil. Layihə formasında təqdim edilməli, büdcədən vəsait ayrılmalıdır. Sakinlər şikayətlərini ətraflı yazıb İcra Hakimiyyətinə təqdim etdinlər".

"Azərsu" ASC-dən isə bildiriblər ki, bölgələrə su çəkilişi layihələri var və həmin layihələr uğurla həyata keçirilir:

"Tam bitməyib. İmişli, Saatlı bölgələrində hələ də işlər gedir. Yaxın illərdə bölgələrdə içməli su problemi qalmayacaq".

Əhalinin qaz təchizatı 93.9 faizdir

Azərsu” ASC-nin hələ 2014-cü ildə açıqladığı məlumata görə, regionlarda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni layihələr həyata keçirilib:

“İçməli su çatışmazlığının müşahidə olunduğu Kürətrafı rayonlarda su probleminin həll edilməsi məqsədi ilə Talış-Sabirabad-Saatlı magistral su kəmərinin tikintisi başa çatıb. 62 kilometrlik kəmərin tikintisinə 70 milyon manata qədər vəsait ayrılıb. Magistral kəmərin tikintisi Azərbaycan hökuməti ilə Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilib”.

Məlumatda o da deyilir ki, bununla da Sabirabad və Saatlı şəhərlərinə keyfiyyətli və dayanıqlı içməli suyun verilməsi təmin ediləcək:

“Magistral kəmərin istismara verilməsi ilə Sabirabad və Saatlı şəhərlərinin, həmçinin marşrut boyunca yerləşən 44 kəndin 143 min nəfər sakini keyfiyyətli içməli su ilə təmin olunacaq”.

Hazırda Azərbaycanda əhalinin qaz təchizatı 93.9 faizdir. Məlumat aprelin 20-də Energetika Nazirliyində keçirilmiş kollegiya iclasında verilib.

Toplantıda qazlaşdırma layihələrinin həyata keçirilməsində dövlət dəstəyinin xüsusi rolu vurğulanıb.

Ölkədə əhalinin qaz təchizatı şəbəkəsi ilə əhatələnmə səviyyəsinin 93.9 faizə çatdırıldığını deyən SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov 2018-ci ildə regionların qazlaşdırılması proqramının müvafiq təkliflər üzrə hazırlandığını qeyd edib.

Onun bildirməsinə görə, proqrama 42 inzibati rayon üzrə yaşayış məntəqələri və qəsəbələrinin qazlaşdırılması tədbirləri daxildir.

Kənd sakini Kamal Rzayev deyir ki, hansı dövrdür, qışda təzək yandırırlar:

Kamal Rzayev
Kamal Rzayev.

 

"Küçələrdəki yulğunu da kəsə bilmirik, deyirlər, olmaz, Qırmızı Kitaba düşüb. Məcburuq ancaq işıqdan istifadə edək, o da ki, çox yazır, bahadır, çatdıra bilmirik".

x

YAZARIN DİGƏR YAZILARI