''Hökumət heç olmasa toyuq-cücəmin, inəyimin pulunu versin''

Katex çayı

Katex sakinləri təsərrüfatlarına dəymiş zərərdən danışır

“Sel gəldi, toyuq-cücəni, hinduşkanı, inəyi, tövləni – hamısını apardı. Evim suyla doludur, yorğan-döşəyim, palım-paltarım suyun altındadır”.

İyunun 11-də Zaqatala və Balakənə yağan güclü yağış Balakənin Katex kəndinə ciddi zərər vurub. Kəndin ərazisindən keçən və mənbəyini dağlardan götürən Dəliçay daşaraq məcrasından çıxıb. Nəticədə çayın sağ və sol sahilindəki 400-ə yaxın evin həyətyanı sahəsini su basıb, 50-dən çox evə su dolub. Ev quşlarını və xırdabuynuzlu heyvanları sel aparıb, 10-dan çox həyətyanı sahənin hasarını sel dağıdıb.

Sulara qərq olan evlərdən biri də 71 yaşlı Maya Həsənovaya məxsusdur. Maya xanım deyir, pensiya ilə çoxaltdığı quşçuluq təsərrüfatı tamamilə məhv olub. Mərhum ərindən qalan inəyi də sel aparıb.

Pensiyayla təsərrüfat quran Maya xala...

“Toyuğun yumurtasını, inəyin südünü satıb dərman alırdım. İki gündür çöldə qalıram, salamat heç nə qalmayıb. Evə yığışandan sonra hər şeyi sıfırdan qurmalıyam. 145 manat pensiyayla mən hər şeyi necə təzədən qurum? Hökumət heç olmasa kompensasiya kəssin, toyuq-cücəmin, inəyimin pulunu versin, tövləni tiksin”, - Maya Həsənova deyir.

Katexə təsərrüfatı zərər çəkən təkcə Maya Həsənova deyil. Onlarla ailənin mal-qarasını, quşçuluq təsərrütafını sel qarşısına qatıb aparıb.

Dörd uşağı su ilə dolu evə sala bilmərəm

Kənddə yaşayan Abdullayevlər ailəsi də gecələməyə yer axtarır. Səbuhi Abdullayev deyir, dörd azyaşlı uşaqla ikinci gecəni çöldə keçirməli olacaqlar:

“Deyirlər Fövqəladə Hallar Komissiyası işləyir. İşlərsə çox ləng gedir. Mənim evimdə hələ də su var. Uşaqları o evə sala bilmərəm. Yorğan-döşəkləri çıxardıb havaya atmışıq, gözləyirik, qurusun, üstündə yataq. Mebellərimiz, başqa əşyalarımız, geyimlərimiz – hamısı suyun içindədir. Özüm motor qoşub bir hissəsini boşaltdım, ancaq hələ də tam boşalmayıb”.

Qazbinə kənd sakini Elsevər Hüseynov Meydan TV-yə danışır ki, evi, həyəti, tərəvəz bostanı və gülçülük istixanası suyun altında qalıb. Qoyunlarını, inəklərini və xeyli toyuq-cücəsini sel aparıb.

Hər iki kənddə Fövqəladə Hallar Komissiyası çalışır

Balakən Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, seldən ən çox zərər elə bu iki kəndə - Katexə və Qazbinəyə dəyib. Hazırda Fövqəladə Hallar Komissiyası və yerli icra hakimiyyəti zərər dəymiş təsərrüfatları müəyyən edir: “Bütün qüvvə o kəndlərdə toplanıb, xüsusi qurğularla sular evlərdən və həyətyanı sahələrdən, təsərrüfat sahələrindən çəkilir. Demək olar ki, xeyli iş görülüb. Katexdə su ilə dolu ev qalmamalıdır. İndi yaydır, havalar isti keçir, tezliklə günəşli hava da evlərin döşəməsini, divarları qurudacaq. Yəqin ki, ailələr tezliklə öz evlərinə yerləşəcəklər. Təsərrüfatlara dəymiş zərərə gəlincə, bunun üçün vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə müraciət etsinlər, ola bilsin ki, həmin qurum müəyyən köməkliklər etsin”.

Dəliçayın üzərindəki 8 kiçik körpü uçub, elektrik və qaz xətlərinə ziyan dəyib. Qurumdan bildirilib ki, müəyyən fasilədən sonra kəndlərə elektrik verilişi bərpa olunub.

x

YAZARIN DİGƏR YAZILARI