Deputat: Adam xarici vətəndaşların yanında utanır

Deputatlar ekoloji sahədəki vəziyyətlə bağlı həyəcan təbili çalır

"Göyçayda körpünün çökməsi ekoloji tarazlığın pozulmasının nəticəsidir. Ötən il Qubada da çınqılların daşınması Vəlvələ çayı üzərində olan körpünün uçmasına səbəb olmuşdu".

Depuat Vahid Əhmədov belə deyib. O, karxanalarla bağlı sahədə də ciddi problemlər olduğunu söyləyib:

“Çınqılların daşınması ilə bağlı lisenziyalar necə verilir? Nəyə görə yerli icra hakimiyyəti lisenziya verməlidir, amma məsuliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi daşımalıdır? Bu məsələlərə baxılmalıdır”.

Vahid Əhmədov
Vahid Əhmədov

Milli Məclis "Ətraf mühitin mühafizəsi haqqında" qanun layihəsini müzakirə edib. Deputat Vahid Əhmədov əlavə edib ki, Bakıda ağacların qırılması və yerində göydələnlərin tikilməsi də ekoloji durumu pozur.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağac qıranlara qarşı cərimələr tətbiq etsə də, bu hal davam edir”.

Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə deyib ki, Xəzərin Bakı bulvarı hissəsinə axıdılan tullantı sular üfunət qoxusunun yayılmasına səbəb olur.

"Bu qoxuya görə adam xarici vətəndaşların yanında utanır".

Musa Quliyev
Musa Quliyev

O qeyd edib ki, məişət tullantılarının çeşidlənməsi və daşınması ilə bağlı problem illərdir qalır.

“Dünyanın bir çox ölkələrində zibillər çeşidlənir və bu, onların emalını asanlaşdırır. Lakin bizdə bu məsələ həllini tapmır. Məişət tullantılarının daşınmasında da ciddi problem var. Bu tullantılar ötən əsrin 60-cı illərindən qalmış kolxoz maşınları ilə daşınır, bəzən küçəyə dağılır" - deyən, deputat vurğulayıb ki, Bakı Şəhər İcra Hakimiyyəti bu məsələni həll etməlidir.

Vitse-spiker Valeh Ələsgərov ekoloji qanunvericiliyin tələblərini pozanlara qarşı cərimələrin miqdarının artırılmasını vacib sayıb.

Valeh Ələsgərov
Valeh Ələsgərov

"Bununla bağlı ekologiya və təbii sərvətlər nazirinə də müraciət etmişəm. Bu günlərdə Ceyranbatan su anbarına axıdılan tullantılara görə iş adamının 6550 manat məbləğində cərimə olunduğu bildirildi. Milyonlar qazanan iki quruma görə bu cərimə nədir ki? Cəriməni ödəyəcək və hərəkətini davam etdirəcək. Qanunu pozanlara görə verilən cəza yetərli olmayanda insanlar qanuna əməl etmək istəmir. Ona görə də cərimələr artırılmalıdır. Bu rəqəm az olduqca insanlar qanuna əməl etməkdə maraqlı olmayacaq”.

x

YAZARIN DİGƏR YAZILARI