''1987-ci ildən Azərbaycanda İİV infeksiyasından 904 nəfər ölüb''

Adil Qeybulla: ''Yoluxma coğrafiyası genişlənir''

“Azərbaycanda ilk dəfə İİV infeksiyasının (insanda immunçatışmazlığı virusu) aşkar edildiyi 1987-ci ildən indiyə qədər bu infeksiyadan 904 nəfər dünyasını dəyişib”.

APA-nın xəbərinə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Eldəniz Muradov deyib. 

O bildirib ki, bu zaman ərzində Mərkəzdə İİV infeksiyası təsdiq olunmuş 5 min 831 nəfər rəsmi qeydiyyata alınıb ki, bunlardan 4 min 138-i kişi, 1693-ü qadındır.

E.Muradov bildirib ki, QİÇS mərhələsində olan vətəndaşların sayı 2 min 103 nəfərdir.

Meydan TV-ə vəziyyəti şərh edən professor Adil Qeybulla Ukrayna və Rusiya ilə müqayisədə Azərbaycanda QİÇS-ə yoluxanların sayının yüksək olmadığını bildirib:

“Amma bununla öyünmək də olmaz. Çünki müsəlmanların çoxluq təşkil etdiyi ölkə üçün bu rəqəm böyükdür. Nəzərə alın ki, Azərbaycanda buna ailəvi yoluxanlar var”.

Onun sözlərinə görə, yoluxma coğrafiyası genişlənir.

“Digər tərəfdən 1 milyondan çox azərbaycanlı Rusiyada yaşayır və infeksiyanın ölkəyə daşıması təhlükəsi var. Narkomanların sayının artmasında da müsbət dinamika var. Sadaladıqlarım əvvəlki illə müqayisədə QİÇS-ə yoluxanların artma tempini göstərir”.

Adil Qeybulla
Adil Qeybulla.

Professor QİÇS-lə mübarizə tədbirlərinə ehtiyacın olduğunu hesab edir:

“İlk növbədə bu xəstələrin başqalarına yoluxma xəbərdarlığı olmalıdır. İnsanlar özləri bunu bilməli, qorunma tədbirləri görməli və maarifləndirmə işi gücləndirilməlidir. Homoseksuallar, narkomanlar, müxtəlif qanköçürmədən, başqa proseduralardan yoluxmuş xəstələr nəzarətdə olmalı, onlara diqqət artmalıdır. Problem ondadır ki, QİÇS-ə yoluxmuş xəstə 1 ay müddətində yoluxucu olur, qan verən zaman başqasına yoluxa bilər. Ona görə qanköçürmə istənilən halda təhlükə sayılır, xarici ölkələrdə qanköçürmə zamanı infeksiya keçirməməsinə heç bir təminat verilmir. Bir sözlə, kompleks tədbirlər proqramı hazırlanmalıdır”.

Amma bununla belə Adil Qeybulla elan olunan rəqəmin real olmadığını və belə xəstələrin çoxluq təşkilı etdiyini düşünür:

“Çünki bütün xəstələr qeydiyyata düşmürlər. Sadəcə, müxtəlif yoxlamalar nəticəsində onlar siyahıya düşürlər”.

İİV infeksiyası (İnsanın İmmunçatışmazlığı Virusu) – sağaldılması hələ ki, mümkün olmayan xronik xəstəlikdir, bu səbəbdən İİV-lə yaşayan insanların bütün həyatları boyu daimi tibbi yardıma ehtiyacları var.

x

YAZARIN DİGƏR YAZILARI