Deputat: Toydan əvvəl rəqsə gedincə, ağsaqqal yanına getsinlər (Yenilənib)

Aqiyyə Naxçıvanlı

Mehriban Zeynalova: ''Gərək danışmazdan öncə özünü başqasının yerinə qoyasan''

“Zorakılığın qurbanı olan uşaqları görəndə, dəhşətə gəlirik. Bilmirsən, yeməkdəndir, içməkdəndir, yoxsa tərbiyədən? Belə vəhşiliklərin qarşısı alınmalıdır. Uşaq sığınacağına getmişdik, orada gördüklərimizdən bir həftə özümüzə gələ bilmədik. Beş yaşında uşağın zorakılığa məruz qalması dəhşətdir. Bunu edən insana həbs cəzası yetərmi? Əlbəttə ki, yox, elələrinə ölüm cəzası verilməlidir”.

Bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Aqiyə Naxçıvanlı deyib.

“Report”un xəbərinə görə, Aqiyə Naxçıvanlı gəncləri dözümlü olmamaqda qınayıb:

“Hazırda boşananların sayı artıb. Rahatlıqla boşanırlar, ailə dağılır. Çünki ictimai qınaq yoxdur. Toydan iki ay öncə rəqsə gedirlər. Rəqsə getməkdənsə, ağsaqqalın, ağbirçəyin yanına getsinlər, ailə necə olur, onu öyrənsinlər. Ailələrdə dözümlülük yoxdur”.

Deputat həmçinin deyib ki, milli-mənəvi dəyərləri qorumaq lazımdır:

“Burada təhsilin də rolu var. Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə, görürsən ki, bunun savadı yoxdur. Sual verirsən ki, necə ailə qurmusan? Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs ailə qurduğun şəxs qonşun olubsa, əvvəlcədən onun necə birisi olduğunu bilmirdin? Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki... Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən? Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər, heç yenidən ailə qurmaq haqqında düşünməyiblər. İndi bəs nə baş verir?”

“Biz həmişə həssas qruplarla işləyənlərə sualın qoyuluşuna diqqətli olmasını xatırladırıq. Artıq uşaqlar doğulub, ona görə sualın səslənməsi gecdir və deyilməməlidir”.

Bu sözləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deputatın fikirlərini Meydan TV-yə şərh edərkən deyib:

“Məsələnin önəmli tərəfi qadınların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır. Küçə uşaqları, dilənçilər, qeyri-əxlaqı davranışa malik qadınlardır, bunlarla təmasda diqqətli olmalıyıq. Bir-iki variant oldu, dedilər ki, leqallaşmalıdır, amma bu, çıxış yolu deyil. Çünki leqallaşmanı həyata keçirən ölkələrdə bu, özünü doğrultmadı. Əksinə, qadınların sosial müdafiəsinin gücləndirilməsi vacibdir. Hətta sığınacaqda olan qadınlara sosial yardımların verilməsi məsələsinə baxılmalıdır ki, onlar da övladlarına dəstək versinlər. Söhbət ondan gedir ki, məcburi nikahlar qanunsuzluq olsa da, biz ənənələr və qanunların ziddiyyətində qalmışıq. Qanun tələb qoysa da, ənənələr davam edir və gündəlik həyatımızda məcburi ərə verilən qızlar olur. Onların həyat uğurlu olsaydı, valideynlərinə rəhmət oxutduracaqdı. Amma uğursuzdur və biz də onları ittiham edirik, bu, düz deyil. İkinci, qızların təhsilə meyllənməməsi əsas problemlərdən biridir. Üçüncü, ailədaxili münasibətlərdə də məsuliyyət məsələsi var, bu gün qadınların üstünə getməkdənsə, kişilərin məsuliyyətindən danışmaq və bu hissi onlara aşılamaq lazımdır. Son vaxtlar məsuliyyətdən qaçmaq daha da artıb, nəticədə qeyri-rəsmi nikahlar və onlardan doğulan uşaqlar çoxdur. Beləliklə, qadınlar çıxılmaz vəziyyətdə qalır. Bütün hallarda bu cür həssas qruplarla təmaslarda seçilmiş ifadələr işlənməlidir”.

Mehriban Zeynalova
Mehriban Zeynalova

Mehriban Zeynalova deyir ki, danışmazdan öncə gərək, özünü başqasının yerinə də qoyasan:

“Ola bilsin həmin xanımlar aborta gedə bilməyib, yaxud ərinin məcburiyyəti qarşısında doğub, ya da doğur ki, əri onu atmasın. Bilirsiniz, qadın psixologiyasına görə, əri saxlamaq üçün doğmaq ən yaxşı variantdır. Bəlkə müəyyən dövrdən sonra düşünülmüş nikahlar mərhələsi başlayacaq, amma indiki dövr üçün qanunvericilikdə təkmilləşdirmələr və qadınların sosial müdafiəsi ilə bağlı proqramları artırmaq lazımdır”.

Mehriban Zeynalova xatırladıb ki, televiziyalarda sosial proqramlar var, ancaq problem qaldırılsa da, çıxış yolları göstərilmir, qadınların hara müraciət etmələri, sığınacaqlar barədə heç nə deyilmir:

“Əgər, bu, əhaliyə xidmətdirsə, çətin vəziyyətdə olan insanlara istiqamət verilmir”.

Şəhla İsmayıl
Şəhla İsmayıl

Qadın hüquq müdafiəçisi Şəhla İsmayıl isə deyir ki, son aylar millət vəkillərindən məramlarına uyğun olmayan və yaraşmayan ifadələrin istifadəsi onu çox məyus edir: “İroniya, istehza, loru dildən istifadə olunması bu məramda olanlara yaraşmır və məyus edir. Hətta dediklərinin məzmunu doğru olsa da, forması o qədər kobuddur ki, hörmət əvəzinə lağ-lağı obyekti olurlar və beləliklə də, bu postu gözdən salırlar.

Qaldı ki, məsələnin mövzusuna, boşanmaların sayının çox olması məni də çox narahat edir. Olduqca ağrılı bir problemdir, lakin ağbirçəklərin yanına getməklə onu həll etmək olmaz. Birmənalı təhsilin səviyyəsi qalxmalıdır. Cari təhsil savadsız, mənəviyyatsız və mədəniyyətsiz nəsil yetişdirir. Dəyərlər sistemi pozulub. 200 manat məvacib alan müəllim uşağa təmənna ilə yanaşarkən, mənəviyyat maddiyyata qarışıb. Bu sistem belə sürdükcə, heç bir keyfiyyət dəyişiklikdən söz gedə bilməz”.

Şəhla İsmayıl deyir ki, ölkədə ciddi sosial-iqtisadi böhran böyüməkdədir. İşsiz və təminatsız ailələrin sayı artır: “Maddi gərginliklər içində boğulan ailələr dolana bilmir və bu da onların münasibətlərinə ciddi təsir edir. Qarşılıqlı ittihamlar, təminatsızlıq ailənin mehribançılığını məhv edir. Sadaladığım iki amildən başqa da amillər var, amma bu ikisi belə kifayət qədər böyükdür.

Beləliklə, ailə bərabər olmamağa qərar verir. Burada üçüncü məqamı vurğulamaq istəyirəm. Boşanma problemi məni nə qədər narahat etsə də, hesab edirəm ki, boşanma zorakılıqdan və qətldən və ya sui-qəsddən daha yaxşı çıxış yoludur. Odur ki, tək boşanmaya deyil, bütün bu vəziyyətə həyəcan təbili çalmağın vaxtıdır. Gecikir hətta”.

 

x

YAZARIN DİGƏR YAZILARI