Saatlının Qıraqlı kəndinə çatmayan büdcə vəsaitləri

İçdiyimiz su xəstəlik mənbəyidir”

“Görürsünüz də bu suyu. Yaşıl, mamırlı. İnanın ki, xaricilər bunu itinə də layiq bilib verməzlər. Amma bizim əlacımız yoxdur, içirik. Odur ki, kənddə xəstəlik baş alıb gedir”.

Saatlının Qıraqlı kəndinin sakini Məryəm Əliyeva belə deyir. Bildirir ki, dövlət bölgələrin inkişafı üçün kifayət qədər vəsait ayırmışdı. Həmin proqramlarda kəndlərə içməli su çəkilməsi də daxil idi. Ancaq bu istiqamətdə heç bir iş görülməyib.

İçdiyimiz su mal-qaraya da yararlı deyil

“Bu su nəinki içməyə, heç əkin-biçinə, mal-qaraya verməyə də yararlı deyil. Biz bunu içirik. Qardaşım həyətində əkdiyi xiyarları bu su ilə suvardı. Bir gün sonra hamısı kökündən çürüyüb, töküldü. Gör indi bizim mədəmiz nə gündədir. Sonra da deyirlər, camaat niyə xərçəngə tutulur, xəstəliklər niyə bu qədər çox yayılıb”.

Digər sakin Nəsrəddin Kərəmov isə deyir ki, rayona, qonşu kəndlərə içməli su xətləri çəkilib. Ancaq onların kəndi bundan kənarda qalıb.

“Məcburuq suyu arxdan içək. O da ki, görürsünüz, içməyə yararlı deyil, xəstəlik mənbəyidir”.

Dövlət hara baxır, onun ayırdığı vəsait hara gedir?

N.Kərəmov deyir ki, bir müddət öncə kəndlərinə xarici təşkilatların birindən nümayəndələr gəlibmiş. Gələnlər onların içdiyi suya da baxış keçirib:

“Biz bir söz deməmiş, bildirdilər ki, əkinə, heyvana yararsızdır. Görün, Allahın heyvanına yararsız olan şeyi biz içirik. Daha utandığımızdan demədik ki, işdiyimiz su da budur. Balalarımızın hamısı xəstəliyə tutulub. Cavan-cavan uşaqların ciyərləri yara töküb. Bu dövlət hara baxır, onun ayırdığı vəsait hara gedir? Bilən yoxdur. Ancaq əmin olsunlar ki, o vəsaitlər kəndlərə gəlib çıxmayıb. Sabah bizdən əsgər tələb edəcəklər. Həmin əsgərlərin yaşadıqları yer budur, içdikləri su zibildir”.

 Pulların hamısı yeyilib, ortalıqda yoxdur

Nəsrəddin Kərəmov bildirir ki, aidiyyatı qurumlar onların bu problemindən xəbərdardır. Ancaq baxan yoxdur. Dəfələrlə prezidentə və aidiyyatı qurumlara məktubla da müraciət ediblər. Gələn cavablar eynidir deyirlər: “Araşdıracağıq”.

“Onlar araşdırsınlar, görsünlər ki, bu içməli su ilə bağlı ayrılan vəsaitlər hara gedib, büdcə pullarının taleyi necə olub. Çünki bunlarla bağlı dövlət büdcəsindən vəsaitlər ayrılıb. Görünən odur ki, pulların hamısı yeyilib, ortalıqda yoxdur”- Nəsrəddin Kərəmov deyir.

Xəstəliklərin səbəbini başqa yerdə axtarmaq lazım deyil

Kənd sakini Məryəm Əliyeva deyir ki, arxın suyu o qədər çirklidir, üzü qat-qat mamır bağlayıb. İçində də olmayan həşarat, böcək yoxdur:

“Suyun üzündə milçək qaynayır. Bundan o tərəfi var? Biz bu suyu içirik. Sonra da qalırıq həkimlərdə. Vedrə-vedrə daşıyıb içirik. Hər gün kənddə azı 3-4 nəfər ölür. Səbəbi başqa yerdə axtarmaq lazım deyil. Səbəbi bəllidir. Burdan götürdüyümüz su bir gün qalan kimi sapsarı saralır, çirklidir”.

Problem bizim həll edə bilməyəcəyimiz qədər böyükdür

Saatlı Rayon İcra Hakimiyyətindən əvvəlcə Meydan TV-yə Qıraqlı kəndində su probleminin olmadığı, sonra isə bu problemin icra hakimiyyəti səlahiyyətlərini aşdığı söylənib:

“Saatlının əksər kəndlərinə və rayonun özünə içməli su çəkilib. Bəzi kəndlər qalıb. Bunun üçünsə kompleks tədbirlər görülməli, böyük vəsait ayrılmalıdır. Problem bizim həll edə bilməyəcəyimiz qədər böyükdür”.

Bölgələrin içməli su ilə təminatına ayrılan büdcə vəsaitləri

“Azərsu” ASC-nin hələ 2014-cü ildə açıqladığı məlumata görə, regionlarda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni layihələr həyata keçirilib:

“İçməli su çatışmazlığının müşahidə olunduğu Kürətrafı rayonlarda su probleminin həll edilməsi məqsədi ilə Talış-Sabirabad-Saatlı magistral su kəmərinin tikintisi başa çatıb. 62 kilometrlik kəmərin tikintisinə 70 milyon manata qədər vəsait ayrılıb. Magistral kəmərin tikintisi Azərbaycan hökuməti ilə Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilib”.

Məlumatda o da deyilir ki, bununla da Sabirabad və Saatlı şəhərlərinə keyfiyyətli və dayanıqlı içməli suyun verilməsi təmin ediləcək:

“Magistral kəmərin istismara verilməsi ilə Sabirabad və Saatlı şəhərlərinin, həmçinin marşrut boyunca yerləşən 44 kəndin 143 min nəfər sakini keyfiyyətli içməli su ilə təmin olunacaq”.

Görünür, Qıraqlı kəndi bu layihələrdən kənarda qalıb. Məryəm Əliyeva deyir ki, bilmir, bundan sonra kəndə çəkiləcək təmiz, dupduru içməli suyu görməyə ömrü vəfa edəcək, ya yox. Çünki problemin tezliklə həll ediləcəyi ilə bağlı ümidi günü-gündən ölür.

x

YAZARIN DİGƏR YAZILARI