Zibillikdən boylanan evlər

Qanlı göl deyilən ərazidə təpələrin başını zibil alıb. Evlərinin bir yanı zibilliyə açılan sakinlər bu vəziyyətin 10 ildir davam etdiyini deyirlər. Zibillikdən gələn siçovullar evlərə girir. Bu həm də xəstəliklərə səbəb olur.

Küçə adı verilməyən bu ərazidə 20-dən çox ailə məskunlaşıb. Əsasən məcburi köçkünlər olan sakinlər bildirir ki, zibilləri onlar yox, tikinti şirkətləri gətirib tökür. Zibilliklər tayalandıqca üstünə torpaq atıb gedirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Ceyhun Hüseynov da təsdiq edir ki, Qanlı Gölün ətrafındakı zibillər kənardan gətirilən tikinti tullantılarıdır. Onlar reyd keçirib fiziki şəxsləri 800 manat cərimələyirlər. Amma hələ ki, qarşısını ala bilmirlər.

Həmin ərazilər Yasamal rayon İcra Hakimiyyətinin balansındadır. Amma icra hakimiyyətindən suallarımıza cavab verən olmadı və bildirdilər ki, bu məsələyə baxan işçilər prezident seçkiləri ilə bağlı ərazidədirlər.

Ərazidə yaşayan valideynlər isə uşaqlarını xəstəlikdən uzaq tutmaq üçün təpədən aşağı düşməyə qoymurlar.

x

YAZARIN DİGƏR YAZILARI