Mətbuat Şurasından azyaşlılarla bağlı yazılara reaksiya

Mətbuat Şurası
Mətbuat Şurası. Fotoqraf:: APA

Ələsgər Məmmədli: ''Monitorinq aparıb, mətbuata tövsiyə xarakterli müraciət edə bilərdilər''

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı məktəblərinin birində baş verən azyaşlıya qarşı seksual xarakterli hərəkətlə bağlı araşdırmaya başlayıb. Bu barədə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya məlumat verib:  

“Faktla bağlı İşçi qrup yaradılıb, araşdırmalar davam edir. Uşaqların görüntülərinin bu cür yayılması, onların ad və soyadlarının açıq şəkildə mətbuat orqanlarında işıqlandırılması onların gələcək həyatlarına təsir göstərə bilər. Xahiş edirik ki, media orqanları bu məsələni nəzərə alsınlar. Media uşaqların ümdə maraqlarını nəzərə alaraq bu məlumatları yaymamalıdır. Çünki uşaqlar qınaq obyektinə çevrilə və intihara cəhd edə bilərlər”.

 

Məktəblərdə monitorinq işləri aparılacaq

E. Səfərovun sözlərinə görə, məlum hadisədən sonra məktəblərdə monitorinq işlərinin aparılması planlaşdırılır.

Medianın şagirdlərin ad və soyadlarını, görüntülərini açıq-aşkar yayması nə dərəcədə doğrudur? Mətbuat Şurası bunu edən media qurumları ilə bağlı hansı tədbir görüb?

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Meydan TV-yə bildirib ki, görüntülər mediadan çox sosial şəbəkələrdə yayılıb:

“Peşəkar media bu mövzunu hallandırmadı, yaymadı. Bilirik ki, bu gün çoxlu sayda dırnağarası xəbər portalları var. Onlar özlərinə media deyirlər. Ancaq bu gün belə olmadıqlarını bir daha sübut etdilər. Həm “KİV haqqında” qanunda, həm də Jurnalistlərin Etik Kodeksində belə hallarda xəbərin necə yazılması göstərilib”.

Həmin xəbərin ictimai yükü yox idi

Yadigar Məmmədli deyir ki, ümumiyyətlə, ictimai yükü olan xəbərlər işlənməlidir. Bu xəbərin isə ictimai yükü yoxdur:

“Burada azyaşlıların adları hallanır, görüntüləri var. Bunlar jurnalistikanın etik qaydalarına uyğun gəlmir. Mətbuat Şurası, eləcə də biz sosial şəbəkələrdə bunu qınayan statuslar yazmışıq. Bu məlumatın belə formada yayılması təəssüf hissi doğurur. Sosial şəbəkələr bir çox halda vətəndaş jurnalistikası kimi fəaliyyət göstərir. Bəzən lazımi məsələləri də yayır, müzakirə edir. Ancaq bu halda doğru etmədilər”.

Hər hansı şəxs tərəfindən bizə müraciət edilərsə, məsələyə baxarıq

Mətbuat Şurasının azyaşlıların görüntülərini yayan media qurumları ilə bağlı hansısa tədbir görəcəyinə gəlincə, Yadigar Məmmədli deyir ki, onlar müraciət və şikayət əsasında fəaliyyət göstərirlər:

Yadigar Məmmədli
Yadigar Məmmədli.

“Mətbuat Şurası 15 ildir yaranıb. Yarandığı gündən bəri müraciət əsasında fəaliyyət göstərib. Elə məsələlər var ki, həddi aşır və bunun araşdırılması üçün hər hansı şəxsin və ya qurumun Mətbuat Şurasına şikayət formasında xüsusi müraciət etməsi lazım gəlir. Bu halda, biz işə baxırıq. Mətbuat Şurasının şikayətlər komissiyası var. Hər hansı şəxs tərəfindən bizə müraciət edilərsə, məsələyə baxarıq”.

Mətbuat Şurası bəzən müraciət olmadan da, hansısa media barədə Baş Prokurorluğa şikayət göndərir

Media sahəsi üzrə mütəxəssis, hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, Mətbuat Şurası media ilə bağlı monitorinqlər aparır. Ancaq bunu şikayət əsasında etmirlər:

“Ən azından monitorinq aparıb belə bir hal aşkarlayıblarsa, mətbuata tövsiyə xarakterli müraciət edə bilərdilər. Ancaq bunu etmədilər. Ayrıca, Mətbuat Şurası zaman-zaman şikayət olmadan da, Baş Prokurorluğa hansısa media barədə şikayət göndərir. Deməli, zaman-zaman öz istəyi ilə də addım ata bilir”.

Həm hüquqi, həm də etik qaydaları pozublar

Ələsgər Məmmədli deyir ki, bu gün Azərbaycan mediası peşəkar standartlarla yox, konkret ələbaxan kimi fəaliyyət göstərir, ağlına gələni yazır:

“Buna nəzarət etməli olan qurumlar da mənim və ya başqasının düşüncəsi ilə belə məsələləri gündəmə gətirmir. Azərbaycan Mətbuat Şurasının Jurnalistlərin Etik Kodeksi - Davranış Qaydaları var. Orada aydın şəkildə göstərilir ki, hətta cinayət törətmiş olsa belə, jurnalistlər azyaşlıların bilgilərini yaymamalıdırlar.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli .

Zərərçəkənlər 18 yaşından yuxarı olsa belə, yenə məlumatları yayılmamalıdır. Bu, qanunvericilikdə, KİV haqqında qanunda da var. Aydın şəkildə göstərilib ki, özəl həyata aid olan məlumatlar yayılmamalıdır. Belə olan halda, baş verən hadisəni işıqlandıranda həm hüquqi, həm də etik qaydaları pozmuş olublar”.

Ciddi tədbirlər görüləcək

"Yetkinlik yaşına çatmayanlar barədə məlumatların yayılması ciddi qanun pozuntusu kimi qiymətləndirilir", - Baş Prokurorluq da yetkinlik yaşına çatmayanlarla əlaqədar KİV-lərə xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan orta məktəb şagirdinin zorakılıq hərəkətlərinə məruz qalması, hər iki yetkinlik yaşına çatmayan şəxsin adı, soyadı və onlar haqqında digər məlumatların təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçilərinin rəyi nəzərə alınmadan bu cür məlumatların yayılması qanun pozuntusu kimi qiymətləndirilməklə ictimaiyyəti ciddi narahat edir:

"Faktla bağlı qanunla nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirildiyi halda, bəzi KİV-lərdə bu qəbildən olan informasiyaların ictimailəşdirilməsi yetkinlik yaşına çatmayanların psixoloji, emosional sarsıntısına səbəb olmaqla yanaşı, ciddi problemlərə yol açır və həmin şəxslərin gələcək həyatlarını ciddi sınaqlarla qarşı-qarşıya qoyur".

Respublika Prokurorluğu foto google.az
Respublika Prokurorluğu foto google.az.

Prokurorluq bildirir ki, kütləvi informasiya vasitələrində bu qəbildən olan məlumatların ictimailəşdirilməsi milli mənəvi dəyərlərimizə zidd olmaqla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş şəxsi toxunulmazlıq hüququnu, Cinayət Prosessual Məcəlləsinin, eləcə də digər qanunvericilik aktlarının tələblərinin pozuntusu kimi qiymətləndirilir:

"Zorakılığa məruz qalan və cinayət hadisələrinin qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanlar haqqında informasiyaların yayımına həssaslıqla yanaşmaları barədə Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri hələ də bundan nəticə çıxarmayıblar.

Göstərilənləri nəzərə alaraq, gələcəkdə yetkinlik yaşına çatmayanlar haqqında məlumatları yayacaqları təqdirdə kütləvi informasiya vasitələrinin redaksiyası, baş redaktoru (redaktoru), yayılmış məlumat və materialların müəllifləri barəsində qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlər görüləcək".

Səbail rayonunda yerləşən təhsil kompleksinin şagirdlərinin intim görüntüləri yayılıb. Hadisənin ötən ilin dekabrında baş verdiyi bildirilir.

Qızın valideynlərinin şikayəti əsasında Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb və 11-ci sinif şagirdi olan oğlan həbs edilib.

x

YAZARIN DİGƏR YAZILARI