Əmək pensiyalarının sığorta hissəsi artırılır

İlham Əliyev sərəncam imzalayıb

Natiq Cəfərli: ''İnflyasiya ikirəqəmli olduğundan bu sığorta hissəsinə vurulmalı idi''

Prezident İlham Əliyev fevralın 9-da pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə sərəncam imzalayıb.

Ölkə başçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıb ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Prezidentin sərəncamını Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, pensiyaların inflyasiyaya uyğun artırılması qaydalarına dəyişiklik edilib:

"İndi orta aylıq maaş dominal gəlirlərin artım faizinə uyğunlaşdırılacaq və bu, yalnız sığorta hissəsinə yox, tamamına aid olacaq. Təqribən 6,5 faiz edir".

Natiq Cəfərli
Natiq Cəfərli.

İqtisadçı deyir ki, inflyasiya ikirəqəmli olduğundan bu sığorta hissəsinə vurulmalı idi:

"Bundan sonra 6,5 faiz tamamına vurulacaq. Normalda keçmiş qaydalara uyğun olaraq sığorta hissəsi və minimum təqaüd rəsmi inflyasiya rəqəmlərinə vurulmalıydı, inflyasiya isə 14 faizdir. Yəni 14 faiz artmalıydı. Bundan sonra tamamını 6,5 artıracaqlar ki, bu da hökumətə hər pensiyaçıda qənaət imkanı verəcək. Çox güman ki, hazırda 3-4 manatın davası gedir”.

Natiq Cəfərli "bu qaydaların dəyişilməsi nə dərəcədə doğrudur" sualına “ölkədə nə doğrudur ki, bu da doğru olsun? Qanun və qaydalar hökumətin əlindədir, necə istəyir, elə də edir” - cavabını verib.

x

YAZARIN DİGƏR YAZILARI