Bakı
Bakı

İşsizlik statistikası və reallıq

İlham Əliyev ölkədə işsizliyin 5 faiz olduğunu deyir 

26 yaşlı Ramil Hüseynli Beyləqan rayonunda yaşayır. Devalvasiya səbəbindən 2 müxtəlif iş yerini itirən Ramil sənədlərini 10-dan çox yerə göndərsə də, heç bir cavab almadığını deyir.

“2016-cı ildə “Access Bank”da kredit mütəxəssisi kimi fəaliyyət göstərirdim. Bizimlə birillik iş müqaviləsi bağlayırdılar. Hər bir ilin tamamında müqavilənin müddəti uzadılırdı. Devalvasiyadan sonra bu müddət uzadılmadı. Bizimlə xoşluqla sağollaşdılar. İşdən çıxmağımızdan 2 ay sonra “Access Bank”ın Beyləqan filialı bağlandı”.

O, 2017-ci ildə “Dəmirbank”ın Beyləqan filialında işləməyə başlasa da, bir müddət sonra bankın filialı bağlanıb.

“İndi heç bir işim yoxdur. 10-dan çox iş yerinə sənədlərimi göndərmişəm. Nə xəbər var, nə də bir şey. Elə deyirlər, düzələcək, yaxşı olacaq. Hər iki bankın 90 faiz işçisi indi işsizdir.
3 uşaq atasıyam, maddi çətinliklərim var. İşə müraciət zamanı sənədləri göndərirsən, müsahibədən keçirsən, müsahibədən sonra isə cavab gəlmir. Əgər Beyləqana gəlsəz, çayxanalarda nə qədər işsiz adam olduğunu görə bilərsiniz”- Ramil deyir.

İqtisadiyyat Nazirliyinin 1 sentyabr, 2017-ci ilə olan statistikasında deyilir ki, işsizlik status ilə qeydiyyata alınmış insanların sayı cəmi 36.300-dür.

Avqustun 4-də Qaxda tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edən İlham Əliyev deyib ki, 2004-cü ildən Azərbaycanda 1.5 milyondan çox iş yeri yaradılıb.

Baş nazirinin müavini Əli Əhmədovun hesablamaları isə bir az fərqlidir. Onun sözlərinə görə, 2003-cü ildən Azərbaycanda 1.9 milyondan çox iş yeri açılıb.

“Sahibkarlara verilən kreditlər hesabına yüzminlərlə yeni iş yeri yaradılıb. Bütövlükdə 2004-cü ildən bu günə qədər 1 milyon yarım iş yeri açılıb ki, bunun böyük əksəriyyəti daimi iş yeridir”- Əliyev deyir:

Bakı
Bakı.

“Demək olar ki, hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Bu gün işləmək istəyən özü üçün iş tapa bilər”. 

Quba rayon sakini, 42 yaşlı Əli Hüseynov da 1 ildən çoxdur ki, iş tapa bilmədiyini bildirir:

“Mənim sahəm gömrük ekspertidir. Ali təhsilliyəm, amma iş tapa bilmirəm. Müxtəlif yerlərə sənədlərimi göndərirəm, heç bir cavab yoxdur”.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2017-ci ildə 54.001 iş yeri açılıb. Onların 52.724-ü davamlı iş yerləridir.

Həmçinin, statistikada deyilir ki, 2017-ci ildə bugünə qədər 17.600 insan işsizlik statusu alıb, onların yalnız 2.500-ü müavinət ala bilir.

Kimlərin müavinət almaq haqqı yoxdur?

a) 15 yaşdan aşağı olanlar
b) Pensiya hüququ qazanmış şəxslər
c) İlk dəfə iş axtaranlar
d) Azadlıqdan məhrum etmə cəzasını çəkənlər
e) Mülkiyyətdə torpaq payı olanlar
f) İş axtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədilə üzrsüz Məşğulluq Mərkəzinə gəlməyənlər və ya iki münasib işdən imtina edənlər
Bu rəqəmin 37.2 faizini qadınlar təşkil edir. Eyni zamanda, işsizliyə görə müavinət 258 manatdır.

Mənbə: ifact.ge