Məcburi köçkünlər yaşadıqları vaqondan çıxarılır

Musayevlər ailəsi 25 ildir ki, bu vaqonda yaşayır. Laçın rayonundan məcburi köçkün düşən ailə getməyə yerləri olmadığı üçün, o zamandan bəri vaqonu sığınacaq seçib. “Azərsu” Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsində kanalizasiya xətti çəkməyə başlayandan ailə narahatdır. Onlara bildiriblər ki, küçəyə çəkilən kanalizasiya boruları vaqonun üstündən keçir deyə “vaqon-evi” boşaltmalıdırlar. Qəzənfər Musayev buradan da çıxarılsalar, küçədə yaşayacaqlarını deyir.

Qəzənfər Musayev: “Bizə deyirlər ki, kirayə gedin, qonşuya-qohuma gedin. Qaçqın adamam, bizi niyə çölə tökməlidilər? Bizə yəqin ki, yer-yurd verməlidilər. Heç kim şikayətimizə baxmır. Gəlib yoxlayan yoxdur. Deyirlər ki, ev tikib sizi köçürəcəyik. Amma yalandan deyirlər. Heç nə də tikmirlər. “Qaçqınkom” məni evlə təmin etsin, çıxmağa hazıram. Kim istəyər ki, neçə il vaqonda yaşasın?”

Aytəkin Musayeva dəfələrlə müxtəlif qurumlara üz tutub, amma onlara nə bir cavab verilib, nə də dərdlərinə çarə tapılıb.

Aytəkin Musayeva: “Gəlirlər ki, buradan çıxın. Hara çıxaq, yerimiz var çıxaq? Qışın günündə çöldə yaşayaq?”

Ailə deyir ki, “Azərsu”-nun işçiləri onlardan vaqondan çıxmağı tələb ediblər. “Azərsu”-dan isə Meydan TV-yə bildiriblər ki, söküntü işlərinə onlar baxmır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov isə deyir ki, ailənin heç bir problemi yoxdur:

“Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsində o ailəyə torpaq sahəsi ayırıb və ev tikilib. Eyni zamanda həmin vaqon da aparılıb həmin həyətə qoyulub. Ailə də köçürülüb. Artıq orada yaşayacaqlar”.
Elçin Qədimovla danışdıqdan sonra Meydan TV yenidən ailə ilə telefon əlaqəsi saxlayıb. Musayevlər ailəsindən bildirilib ki, onlara köçürülmə ilə bağlı heç bir xəbər verilməyib. Ailə aldadıldıqlarını deyir: “Qarşıdan qarlı qış gəlir. Yenə də vaqonda gözləməli olduq”.

x

YAZARIN DİGƏR YAZILARI