Natiq Cəfərli: Azərbaycanda valyuta hərracı formal xarakter daşıyır

Natiq Cəfərli

''Valyuta hərracı üçün yeganə mənbə Dövlət Neft Fondu qalacaq''

2017-ci ilin noyabr ayı ərzində Dövlət Neft Fondu Mərkəzi Bankın valyuta hərraclarında 208 milyon 900 min dollar satıb, deyə Fondun məlumatında bildirilir.

Turan agentliyi yazır ki, Dövlət Neft Fondu ötən ayla müqayisədə satışı 109 milyon 800 min dollar və ya 34,4% azaldıb. 

2016-cı ilin noyabr ayı ilə müqayisədə isə valyuta satışı 92 milyon 600 min dollar və ya 30,7% azalıb. 2017-ci ildə Fond Mərkəzi Bankın valyuta hərraclarında 3 milyard 013,3 milyon dollar satıb.

Mərkəzi Bank 2017-ci ilin noyabr ayında 9 valyuta hərracı təşkil edib. Ay ərzində manatın məzənnəsi 1 ABŞ dollarına görə 1,7003 manatdan 1,7001 manata qədər möhkəmlənib.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyib ki, azalma əvvəlki aylara nisbətən olub və əsas səbəbi Mərkəzi Bankın valyuta ehtiyatlarının bu il artmasıdır.

O, hesab edir ki, ortalama götürdükdə Dövlət Neft Fondunun valyuta satışında ciddi azalma nəzərə çarpmır:

“Məncə, dekabr ayının rəsmi rəqəmlərini gözləmək lazım olacaq. Dekabrda yenidən sentyabr, oktyabr aylarındakı satışların olması gözlənilir, bəlkə daha artıq olacaq”.  

Dövlət Neft Fondunun vəsaitlərinin hərraca çıxarılması manatın məzənnəsinin qorunmasına nə dərəcədə yardımçı olmasına gəlincə, iqtisadçı bildirib ki, ölkədə valyuta hərracına vəsait çıxaracaq başqa mənbə yoxdur. 

“Bankların tələbatını ödəmək üçün fondun vəsaitlərindən istifadə olunur. Satan yalnız DNF, alan isə 29 bankdır. Buna uyğun hərraclar keçirilir və inzibati yolla məzənnə müəyyənləşdirilir. Banklar da hərracdan əvvəl valyuta tələblərini bildirirlər. Əslində, Azərbaycanda hərrac formal xarakter daşıyır və proses inzibati qaydada keçirilir”.

O, başqa valyuta mənbəsi olmadığından ehtiyatlara təhlükənin olmasını təbii hesab edir:

“Əgər DNF-dən asılı olan hərrac modeli davam edəcəksə, gələn il üçün də yeganə mənbə fond olacaq. Rusiyada bazar iqtisadiyyatı oturuşduğundan gün ərzində rublun dəyəri onlayn qaydada müəyyənləşdirilir, 11 min hüquqi və fiziki şəxs altı-satqılarda iştirak edir. Azərbaycan DNF satır, o da Mərkəzi Bank vasitəsilə. Normalda belə üzən məznnə və hərrac olmur”.

x

YAZARIN DİGƏR YAZILARI