''Dənizə gedəndə elə bil həbsxanaya gedirəm''

9 nəvənin babası, 40 ilin neftçisi Əbdüləziz Əbdüləzizov üçün oxunur “yasin” duası. 4 dekabr 2015-ci ildə "Günəşli" platformasındakı partlayışdan sonra ondan xəbər-ətər olmayıb. 40 illik neftçi həyatına elə 40 ildir şahidlik edən ömür-gün yoldaşı Şahnaz xanım onu həmişə xoş xatirələrlə anır. O, son danışıqlarını belə xatırlayır:

“Telefonla danışanda qapının zəngi çaldı, amma o qoymadı açmağa. Dedi qoy döysün, mən darıxıram. Darıxıram. Sən demə bunlar hadisənin olacağını bilirmiş. Artıq yanğın da başlayıbmış”.

“Harasa istəyirsən yaxınlaşasan. Ya o dənizə, ya abidəyə. Ürək nəsə axtarır da. Bir var ki, bilirsən tapılıb, özün-özünə deyirsən ki, Allah belə buyurub. Bu halda bilmirsən nə fikirləşəsən”.- neftçinin qızı Zarina Əbdüləzizova belə deyir.

Ailəsi 40 ilin neftçisinə qədir-qiymət verilmədiyini deyir. Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı partlayışla bağlı hesabatında hadisə günü güclü tufan olduğunu, küləyin gücünün 10-11 bal arasında dəyişdiyini açıqlayıb. Əmək Məcəlləsinə 2-ci əlavəyə görə, küləyin gücü 8 baldan artıq olduqda belə qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işlər dayandırılmalı idi. Ancaq həmin gün güclü küləkdən öncə BP şirkəti işçilərini sahilə göndərsə də, “Günəşli” yatağında işlər dayanmır.

“Neftə görə bunları çıxarmadılar. Çox danışmazdı, amma deyirdi ki, köhnə yerdir, turbalar çürükdür. Sən bilmirsən, mən evə gələndə sanki təzədən anadan oluram. “Ora gedəndə elə bil türməyə gedirəm”-belə deyirdi”.

Ailəsi deyir ki, Əbdüləziz Əbdüləzizov ömrünü işinə həsr etmişdi. Dənizlər onu çox yormuşdu. Bu il təqaüdə çıxıb həyatının geri qalanını nəvələri ilə keçirdəcəkdi ki, partlayış buna imkan vermədi. İndi yorğunluğunu dənizlərdə dinləndirir.

“Günəşli” yatağında 10-cu platformada baş verən partlayış nəticəsində 32 nəfər xilas olub, 12 nəfər ölüb, 19 nəfər isə itkin düşüb. Bildirilir ki, qəzadan sonra rəsmi qurumların vəd etdikləri kompensasiya da ailələrin çoxuna verilməyib.

Həlak olmuş neftçilərin xatirəsinə Çilov adasında abidə ucalıb.

x

YAZARIN DİGƏR YAZILARI