Şəhid ailələrinin ev həsrəti

Gülnarə Qasımova 26 ildir bu otağa məhkum olub. İllərdir çəkdiyi ağrılara bu otaq şahidlik edib. Həmin bir otaqda övladını böyüdüb, xəstə anasına baxıb. Elə bu yataqxanada yaşadığı illərin sayı qədər də ev növbəsindədir. Düz 26 il…

“Ağdamın alındığı gün qardaşım şəhid olub. Anam zəlildir yerdə. Qardaşımın ucbatından paralic keçirib. Düz 25 ildir xəstədir. Mən tək-tənha ona baxıram. Birdən görürəm ağlayır, qışqırır. O dəqiqə soruşuram ki, nə isəyirsən? Barmağı ilə işarə edir. Bilirəm ki, oğlunun şəklini istəyir”.

Doğma yerlərindən didərgin düşən Qasımovlar ev növbəsini gözləyən yüzlərlə şəhid və məcburi köçkün ailələrindən yalnız biridir.

Hələ 1993-cü ildə sabiq prezident Heydər Əliyevin imzaladığı "Şəhid ailələrinə edilən güzəştlər" haqqında qanunda deyilir:

“Birinci növbədə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri evlə təmin olunurlar”.

Ölkə başçısı İlham Əliyev də çıxışlarında hər zaman şəhid ailələrinə göstərilən diqqətdən danışır.
Üzlərdə gülüş, təbriklər, çəkilən “selfie”lər - bir dəfəyə iki yüzdən çox ailənin ev alma sevincidir bu. Mənzillə təmin olunanlarsa jurnalistlərdir. Mənzil sevinci hələ bu qədər səs-küylü olmamış, bu qədər parlaq göstərilməmişdi.

Mənzil imkanından yararlanan insanlara həsədlə baxır Tahirə Səmədova. Bəs ona növbə nə zaman çatacaq? Axı onun ailəsi də imtiyazlılar sırasındadır. Müharibə illərində həyat yoldaşı şəhid olan Tahirə Səmədova 4 uşağını qohumlarının evində böyüdüb, qapılarda evləndirib.

Ölkə başçısı İlham Əliyevin 2014-cü ildəki sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-2018-ci illərdə belə ailələri mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb.

Nazirlik Meydan TV-yə açıqlamasında bildirib ki, bugünədək 5560 ailəyə mənzil verilib ki, onlardan 91,4 faizi Qarabağ müharibəsi əlilləri və şəhid ailələridir. Nazirliyin sifarişi ilə inşa edilmiş mənzillərin bölgüsü də məhz rayon (şəhər) icra hakimiyyətlərinin təqdim etdikləri növbəlilik siyahıları əsasında aparılır. Həmin növbəyə əsasən, Tahirə Səmədova Nəsimi Rayon İcra Hakimiyyətində 11 ildir ev gözləyir. Qurum bildirir ki, növbəlilik əsasında mənzillə təmin olunacaq. Nazirlik vətəndaşın maksimum nə qədər növbədə durmalı olduğu sualından yayınır.

İqtisadçı Nemət Əliyevsə deyir ki, gözləməyə dəyməz. Əgər hakimiyyət maliyyə imkanlarının bol olduğu dönəmdə onları evlə təmin etməyibsə, bu çətin dönəmdə heç etməz.

Budur, elə jurnalistlərin binasının yaxınlığındakı yeni bina öz sakinlərini gözləyir. Növbə yenə şəhid ailələrinin yox, hakim Yeni Azərbaycan Partiyasının (YAP) işçilərinindir. Milli Məclisin deputatı, YAP-ın Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev bildirib ki, ipoteka krediti vasitəsilə YAP işçilərinə, xüsusilə də partiya sıralarında olan gənclərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün belə bir şərait yaradılıb.

İqtisadçı Vüqar Bayramov dövlətin aztəminatlı ailələr üçün güzəştlər etməli olduğunu söyləyir.

Ekspertlərsə bildirir ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, aztəminatlı ailə kateqoriyasına görə mənzillərin verilməsi davam etdirilməlidir.

“Ömrünə sayılı günlər qalıb. Burada yeri dardır. Heç olmasa bir dənə mənim evim olsun ki, anamı qabağıma qoyub, doyunca ağlayım”.

Tahirə Səmədova 11, Gülnarə Qasımova 26 il, həmçinin daha yüzlərlə vətəndaş növbənin nə vaxtsa onlara gəlib çatacağı ümidi ilə gözləyirlər.

x

YAZARIN DİGƏR YAZILARI