Xırdalan yolların təmirinin taxta-şalban alveri ilə nə bağlılığı var?

Xırdalandakı mərkəzi küçəni – Heydər Əliyev prospektini təxminən bir il olar təmir etmişdilər. Az xərc də çəkilməmişdi. Şəhər sakini, 32 yaşlı ailə başçısı Abdul Rəhimov deyir ki, icra hakimiyyətinin bir gözü həmişə bu yolun üstündədir. Amma inşaatçılar gedər-getməz yol da sıradan çıxmağa başlayır. İndi burada yenə təmirçilər işləyirlər.

«Xırdalan son illər çox böyüyüb. Yeni hündürmərtəbəli evlər tikilib, əhalinin sayı da artıb. Di gəl ki, yolların vəziyyəti düzəlmir ki, düzəlmir. Dar olduğundan, tez-tez tıxac yaranır. Xırdalana yağış yağanda gəlməyəsən. Yollarda su dizə qalxır. Heydər Əliyev prospektində hazırda bardürləri dəyişirlər. Hərçənd köhnələrə bir şey olmamışdı. Onu qurtarıb yola da keçəcəklər: addımbaşı yarıqlar yaranıb. Həm də artıq bu, bir adət halını alıb, ildə bir dəfə yolları qaşımasalar, olmaz», deyə xırdalanlı Abdul Rəhimov gileylənir.

Şirkət işi yarımçıq qoyub getdi

«Planet-B» şirkəti Xırdalan şəhərində abadlıq işləri, yolların və mənzil fondunun əsaslı təmiri üzrə üçhissəli tenderdə qalib gəlir. Bir müddət keçəndən sonra gözlənilmədən işləri yarımçıq qoyur və müqavilənin pozulmasını istəyir. Abşeron rayon Xırdalan şəhər inzibati ərazi dairəsi (İƏD) üzrə nümayəndəliyi də, heç nə olmamış kimi, hər üç müqaviləni ləğv edir və yeni tender elan edir.

Olay bu ilin iyulunda baş verib. İndi bu işləri yenidən görmək üçün icra nümayəndəliyi yeni tərəfdaş tapıb. Nə təsadüfdürsə, bu şirkətə bağlı olan şəxslər də, əvvəlki şirkətdəki kimi, taxta-şalban alveri ilə məşğul olan şəxslərdir. Ekspertlər deyirlər ki, bu cür hallarda Maliyyə Nazirliyi pulu «gözüyumulu» ayırmamalıdır.

 

«Respublika» qəzeti, 6 iyul 2017-ci il buraxılışı.

İcra nümayəndəliyinin ilk tenderi bu ilin yanvarında elan olunmuşdu. Hər üç müsabiqənin qalibi Sumqayıtda yaradılmış «Planet-B» MMC idi və mart ayında onunla ümumi dəyəri 2 milyon 67,7 min manat olan müqavilələr bağlanmışdı.

İcra nümayəndəsi: Dedilər müqaviləni ləğv edin, biz də etdik

«Şirkət ƏDV daxil olmaqla 800 min manatlıq iş görülüb, təhvil vermişdi. Mənzil fondunun təmirinə isə başlamamışdı. Müqaviləyə xitam verməkdən ötrü şirkətin özü yazılı müraciət etdi, biz də müqaviləni pozduq. «Planet-B» MMC-nin rəhbərliyi buna səbəb kimi maliyyə çətinliklərinin olduğunu göstərib». Bunu Meydan TV-yə Xırdalan şəhər İƏD nümayəndəliyin başçısı Əbülfəz Qasımov deyib.

Ekspert: Bu cür hallarda cərimə tətbiq olunmalıdır

 Dövlət satınalmaları üzrə ekspert Vüqar Hüseynov müqavilə tərəflərinin üzərlərinə öhdəliklər götürdüklərini xatırladır. Onun sözlərinə görə, satınalan dövlət təşkilatı müqavilənin təminatı kimi onun qiymətinin müəyyən məbləğini öz sərəncamında saxlayır.

«Bu, tender komissiyasının ixtiyarında olan məsələlərdəndir və tərəflər arasında bağlanan müqavilədə öz əksini tapır. Praktikada müqavilənin təminatı bir növ qalib şirkətin öz öhdəliklərini layiqincə yerinə yetirməsinə təhriketmə alətidir. Amma bəzən tender komissiyası əsas şərtlər toplusunda və müqavilədə cərimə sanksiyalarını nəzərə almır. Bu halda müqavilənin icra olunmamasına görə məsuliyyəti həm də komissiyanın üzvləri daşımalıdırlar. Çünki yüksək məsuliyyət tələb edən və böyük məbləğli müqavilənin maliyyə təminatını tələb etməyi «gözdən qaçırıblar»- «Şəffaflıq Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin eksperti V. Hüseynovun sözləridir.

O əlavə edir ki, beynəlxalq praktikada müqavilə öhdəliyinə əməl etməyən şirkətlər dövlət satınalmalarında etibarsız malgöndərən hesab olunur, «qara siyahıya» salınır. Cəza müddəti bir neçə il çəkə bilər.

Etibarsız şirkətlərin siyahısı olacaq

Müqavilənin icra olunmamasına görə dəymiş zərərin ödənilməsindən örtü müəyyən maliyyə sanksiyalarının nəzərdə tutulmalı olduğunu İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin dövlət satınalmaları şöbəsinin müdir müavini Mirdamət Kərimov da təsdiq edir. Amma bu məqamı da qeyd edir ki, hələlik Azərbaycanda etibarsız malgöndərənlərin siyahısının tərtib olunması praktikası yoxdur. Bu təcrübədən gələcəkdə - elektron satınalmalar həyata keçirilməyə başlanandan sonra yararlanmaq mümkün olacaq.

Nəzarət qurumları susur

Dövlət satınalmalarına nəzarət edən İqtisadiyyat Nazirliyinə ləğv olunmuş bu tenderlə bağlı müraciət etdik. Lakin nazirlik heç bir ilkin araşdrıma aparmadan sualları satınalan təşkilatın özünə və onun tender komissiyasına yönəltməyi tövsiyə etdi.

Elə Abşeron rayon İcra Hakimiyyəti də uğursuz tenderlə bağlı sorğumuza (“Planet-B” MMC ilə bağlanmış müqavilənin ləğvinin gerçək səbəbləri, müqavilə üzrə tələb olunan işlərin icrası üçün subpodratçıların çəlb edilib-edilməməsi, icraçı şirkətin müqavilə üzrə tələb olunan işləri yerinə yetirməkdən ötrü zəruri texnika, işçi qüvvəsi və maliyyə imkanları, müqavilə öhdəliklərini tam şəkildə icra etməməklə bağlı maliyyə məsuliyyəti tədbirləri) cavab verməyib.

 Taxta-şalban alveri edir. Tez-tez Rusiyaya, İrana gedir

Suallara cavab tapmaqdan ötrü 2016-cı ilin mayında yaradılmış «Planet-B» MMC-nin hüquqi ünvanına üz tutduq. Qapını açan orta yaşlı şəxslər mənzilin həqiqətən də şirkətin direkturu İntizam Ağakişiyevə məxsus olduğunu, lakin bir neçə ildir ki, onlara kirayə verildiyini dedilər. İ.Ağakişiyevin Azərbaycanda az-az olduğunu, taxta-şalban ticarəti məqsədilə tez-tez Rusiya və İrana getdiyini də əlavə etdilər. Bu səbəbdən nə İntizam Ağakişiyevin, nə də onun şirkətinin izinə düşmək mümkün oldu.

47 yaşlı İntizamın adı «MTN işi»də zərərçəkmiş kimi keçir. 2013-cü ildə yaradılan «Miraj-85» MMC-nin sahibi və direktoru olan İ.Ağakişiyev Rusiyadan taxta-şalban gətirirmiş və bununla nəzəri cəlb edib. Bu səbəbdən «Miraj-85» şirkətinin müflisləşdiyi bildirilir.

İntizam Ağakişiyev «Planet-B» MMC-ni məhkəmə araşdırması gedən günlərdə yaradıb və qısa müddətdə ümumi dəyəri 5,3 milyon manata çatan bir çox tenderin qalibi olub. Dövlət satınalmalarının reyestrinə görə, 2016-2017-ci illərdə şirkət Dövlət Sərhəd Xidmətinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, Meliorasiya və Su Təsərrüfatı ASC Lənkəran şəhəri Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin, Səhiyyə Nazirliyi Lənkəran Müalicə Diaqnostika Mərkəzinin və Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan şəhər İƏD üzrə icra nümayəndəliyinin 19 satınalma müsabiqəsində qalib olub. Biznesmen mebel, tikinti materialları, ehtiyat hissələri, inventar, dəftərxana və təsərrüfat mallarının satın alınmasından tutmuş, binaların əsaslı təmirinədək işləri görməyə boyun olub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi «Planet-B» MMC-nin güc strukturları üçün furnitura (kokardalar, nişanlar, ulduzlar, paqonlar) istehsal etmək üçün sertifikatının olduğunu bildirir. Şirkət bu il Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə 133 min manatlıq furnitura satmaq üçün müqavilə bağlayıb.

Xırdalanda kanalizasiya borularında yaranmış nasazılq ucbatından dözülməz vəziyyət yaranıb. (Foto: BakuPost.az)
Xırdalanda kanalizasiya borularında yaranmış nasazılq ucbatından dözülməz vəziyyət yaranıb. (Foto: BakuPost.az).

Bu qədər müqavilənin icrasında problemlərin yaşanıb-yaşanmadığı haqda məlumat yoxdur. Meydan TV Sumqayıt şəhər İN-nin mətbuat xidmətindən «Planet-B» MMC-nin yaşayış binalarının təmiri üzrə öhdəliklərini necə icra etdiyini soruşub. Mətbuat xidmətinin əməkdaşı Eyvaz Qocayev cavabdan yayınıb.

Şirkətin gömrük və vergi ilə bağlı problemləri var

Lakin şirkətin intizamlı biznes aparmasına dair şübhəli məlumatlar da var. Məsələn, bu ilin iyulunda, ilk tenderin nəticələri ləğv olunan günlərdə, Dövlət Gömrük Komitəsi idxal mallarını gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırmağa cəhd göstərən 31 biznes subyekti arasında «Planet-B» MMC-nin də adını çəkib. İddia olunurdu ki, şirkət 187,8 min dollar dəyərində malları 73,9 min dollara bəyan edibmiş.

Vergilər Nazirliyi isə «Planet-B» MMC-nin dövlət büdcəsinə 333 139 manat borcunun olduğunu bildirir. Görünür, maliyyə çətinliklərini əsas gətirərək, müqaviləni icra etməkdən yayınmağın səbəblərindən biri də bu borcun arxasında gizlənir.

Yeni şirkət də həm idxalçıdır, həm də dövlət qurumlarının sevimli tərəfdaşı

Qayıdaq yenidən Xırdalan şəhər icra nümayəndəliyinin tenderinə. İyul ayında nümayəndəlik şəhərdə mənzil fondunun təmiri, abadlıq və yolların asfalt örtüyünün təmiri üçün yeni tender elan etdi. Oktyabrın 2-də tenderin qalibi məlum oldu. Üç lotdan ibarət tenderin yenə də bir qalibi vardı. «Caspian Plus-A» MMC ilə 1 milyon 273,9 min manat dəyərində üç müqavilə bağlanmışdı.

Bu şirkət də 2016-cı ildə Sumqayıtda yaradılıb. O da taxta-şalban da daxil olmaqla bir çox tikinti materiallarının idxalçısıdır. Şirkət yaradılan zamandan, «Planet-B» MMC kimi, dövlət büdcəsindən maliyyələşdirilən layihələrin icraçısıdır. İqtisadiyyat Nazirliyi bu şirkətin 2016-2017-ci illərdə malların alınması və işlərin görülməsi üzrə ümumi dəyəri 1 milyon 753 min manat olan 12 müqavilənin siyahısını təqdim edib. Sifarişçilərsə İctimai Televiziya və Radio Yayımları Şirkəti, «Azərsu» ASC və Arif Heydərov adına Sıravi və Kiçik Heyəti Hazırlayan Məktəbdən tutmuş, Qusar, Siyəzən və Astara rayon icra hakimiyyətlərinə, Meliorasiya və Su Təsərrüfatı ASC Quba Suvarma Sistemləri İdarəsinədək 9 dövlət təşkilatıdır. Şirkət İTV üçün Yeni il çəkilişləri ilə bağlı studiya və çəkiliş meydanlarında bəzəmə və tərtibat işlərini icra edib, Qusarda və Astarada isə yolların təmiri ilə məşğul olub.

Bu, şirkətin qalib elan olunduğu dövlət satınalmalarının heç də tam siyahısı deyil. Məsələn, «Caspian Plus-A» Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində küçə və yolların asfalt örtüyünün təmiri məqsədilə bu ilin iyul ayının 7-də icra nümayəndəliyi ilə dəyəri açıqlanmayan müqavilə imzalayıb. Bundan başqa, DİN-in Daxili Qoşunlar Baş İdarəsi iyun ayının sonlarında bu şirkətə yanacaqdoldurma məntəqələrində yanacaq çənlərinin və kalonkaların quraşdırılmasını həvalə etdiyini açıqlamışdı.

«Taxta-şalban altında» qalan kredit

Sumqayıt Apelyasiya Məhkəməsinin 2016-cı ilin noyabr ayında qəbul etdiyi qərara əsasən, «Caspian Plus-A» şirkətinin qeydiyyatdan keçdiyi mənzil hərraca çıxarılıb. Qüvvəyə minmiş həmin qərarda deyilir ki, Cəbrayılovlar ailəsi 2008-ci ildə «TBC Kredit» MMC-dən götürdükləri 1 milyon ABŞ dolları məbləğində kreditin bir hissəsini 392,3 min dollarını qaytara bilməyiblər. Kredit Rusiyadan taxta-şalban alınıb-gətirilməsi üçün istifadə olunub. Borcun məcburi ödətdirilməsindən ötrü məhkəmə vacabdehlərin girov qoyulmuş Sumqayıt şəhərindəki 5 mənzilini hərraca cıxarmaq haqda «TBC Kredit» bank olmayan kredit təşkilatının iddiasını təmin edib.

Bu səbəbdən tenderlərldə və idxal əməliyyatlarında sinxron hərəkət edən «Planet-B» MMC və «Caspian Plus-A» MMC arasında gizli bağların olub-olmamasını müəyyən etmək mümkün olmayıb. «Caspian Plus-A» şirkətin direktoru Rasim Cəbrayılovun 40 min manat ilkin qiymət qoyulmuş mənzili də satışa çıxarılacaq əmlaklar arasında idi.