''AZAL-ın yaratdığı rəqabətsiz mühitdən vətəndaşlar əziyyət çəkir''

Səmra Sədrəddinli: ''Azərbaycana gələn təyyarə reysləri də çox bahadır''

AZAL aviaşirkətinin reyslərinin dövriyyəsi 35 faiz, sərnişin dövriyyəsi 2,1 dəfə artıb.

Milli Məclisin deputatı Zahid Oruc belə deyib.

O, AZAL-ın aviaparkının genişləndirilməsi üçün də hər il büdcədən bu quruma vəsait ayrıldığını, buna baxmayaraq, AZAL-ın borc öhdəliyinin 650 mln. dollardan tərpənmədiyini söyləyib:

“Turist öz vəsaitinin 70 faizini nəqliyyata və qalma haqqına ödəyəndə, o ölkəyə gəlməyəcək. Turizm sürətlənirsə, biz bunu nəzərə almalıyıq. Bu, turizmə zərbə vurur”, - deyə millət vəkili qeyd edib.

Səyahətçi bloger Səmra Sədrəddinli deyir ki, Azərbaycana gələn təyyarə reysləri də çox bahadır.  

“Gürcüstan xarici hava yolları şirkətləri üçün açıqdır. Gürcüstan bu ilin əvvəlində daha bir aşağı büdcəli aviaşirkət “Ryan Air”lə müqavilə bağladı, tezliklə o da fəaliyyətə başlayacaq. Bu o deməkdir ki, Avropa yaxud dünyanın başqa bir ölkəsindən olan turist tətil üçün 30-40 avroya bilet alıb, heç bir viza dərdi çəkmədən Gürcüstana gələcək”.

Səmra Sədrəddinli
Səmra Sədrəddinli.

Bloger sual edir ki, bütün bunların qarşısında turist Gürcüstanı qoyub Azərbaycanı seçməlidir ki?

“Aşağı büdcə ilə gəzən səyahətçilər üçün Azərbaycan qonşularına uduzur. Türkiyə, Rusiya və Gürcüstanda istənilən qədər ucuz hostel tapmaq mümkündür. İranin ən kiçik şəhərlərində belə çox ucuz qonaq evləri var. İranın böyük şəhərlərinin bütün mərkəzi küçələrində ən azı 4-5 qonaq evi görə bilərsiniz. Azərbaycanda isə hosteli hökumət rəsmilərinin özləri fahişəxana adlandırırlar”.

Səyyah Babək Musazadə də Azərbaycandan Avropa və digər ölkələrə çıxışın baha olduğunu deyir. O, Bakıya reysi olan yeganə aşağı büdcəli aviaşirkət (loukoster) “Wizzair”dən istifadə etdiyini söyləyir:

“60 avroya endirimlə gediş-gəliş bileti almaq olur. Məncə, normal qiymətdir. Bizdə bazarda loukosterlərin olmaması problemi var. Məsələn, “Easyjet”, “Ryanair” Bakıya reyslər açsa yaxşı olar. Elə Butanı da normal vəziyyətə gətirə bilərlər”.

Bir müddət Türkiyənin aşağıbüdcəli aviaşirkəti “Pegasus” Qəbələdən üçüşlar təşkil etsə də, sonradan iqtisadi sərfəli olmadığına görə faəliyyətini dayandırdı. 

“Pegasus”, “OnurAir”, “AtlasJet” – bunlar Türkiyənin aşağı büdcəli aviaşirkətləridir. Bir ara “OnurAir” Gəncədən İstanbula uçuşlar həyata keçirirdi. Həmin reys də “Pegasus” Qəbələ-İstanbul reysi kimi bağlandı. Avropanın da aşağı büdcəli aviaşirkətləri var. Məsələn, “RyanAir”, “EasyJet”, “German Wings”, “WizzAir”, “Corendon”, “Vueling” və s. Bunlardan cəmi birinin, “WizzAir”-in Azərbaycana çıxışı var. O da çoxsaylı mübahisələrdən sonra.

Natiq Cəfərli
Natiq Cəfərli.

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda ucuz aviaşirkətlərin davam gətirə bilməməsinin fəsadlarını vətəndaş çəkir. Bakıdan həyata keçirilən uçuşlarla qonşu ölkələrdəki uçuş qiymətləri arasında kəskin fərq yaranır:

“Gürcüstana çoxlu sayda milli və beynəlxalq şirkət birbaşa uçuşlar həyata keçirir. Nəticədə rəqabət mühiti yaranır. Bundan da vətəndaşlar faydalanır. Ucuz qiymətə dünyanın istənilən nöqtəsinə gedə bilirlər. AZAL hazırki mövqeyindən əl çəkməyənə qədər vəziyyət belə də davam edəcək”.

x

YAZARIN DİGƏR YAZILARI