Məktəb üçün seçkilərə ümid edən kəndlilər

“21-ci əsrdi, amma bizim uşaqlar belə şəraitdə oxuyurlar”

İllərdir Sabirkənd sakinlərini seçki günü kənd məntəqəsinə gətirən tək seçki geyil. Onlar bura məntəqənin yerləşdiyi orta məktəb binasının durumunun seçkilərdən sonra dəyişəcəyi ümidi ilə gəlirlər. Yerli sakinlər belə deyir. 

Marneuli rayonundakı əksər seçki məntəqələri kimi Sabirkənddəki 12 saylı məntəqə də orta məktəb binasında təşkil olunub.

Sabirkənd rayondakı ən böyük kəndlərdən biridir. Məntəqəyə getmək üçün yolu xəbər aldığımız sakinləri də ünvanı məktəb göstərsələr də, gördüyümüz mənzərə heç də nə seçkilərə, nə də məktəbə uyğun gəlmirdi.

Divarların üz qatı qopub tökülən, cəmi birmərtəbəli və 10-a yaxın sinif otağı olan bu tikilinin durumu elə sakinləri də seçkidən daha çox narahat edirdi. Məntəqədə olarkən sakinlər seçkidən çox, məktəbin durumundan danışdılar. Seçkilər isə sakit axarı ilə davam edirdi.

Sözügedən məktəbdə əvvəllər təhsil almış kənd sakinləri arasında hazırkı seçkidə komissiya üzvləri və nəzarətçi olanlar var idi. Nəzarətçilərdən biri, Nizami Əliyev deyir ki, o, burada təhsil aldığı zamanlarda da məktəb binası qəzalı idi:

“Hər dəfə seçki olanda gəlib səs veririk ki, bəlkə yeni seçilən şəxs məktəbi düzəldər, amma illərdir məktəbin vəziyyətində heç nə dəyişmir”.

Sakinlərlə söhbət zamanı məlum oldu ki, 1 saylı məktəbin 50-dən çox yaşı var, palçıqla hörüldüyündən əvvəldən də möhkəm tikilməyib və artıq uzun müddətdir ki, qəzalı vəziyyətdədir. Onların sözlərinə görə, hətta Azərbaycanın vitse-prezidentinin nümayəndəsi də buranın vəziyyəti ilə tanış olub:

“Mehriban Əliyevanın icraçı direktoru var, Anar müəllim, o gəldi baxdı, SOCAR-dan da gəlib baxdılar. Xahiş etdik ki, biz də azərbaycanlıyıq, kömək edin. 21-ci əsrdi, amma bizim uşaqlar belə şəraitdə oxuyurlar” - Nizami Əliyev əlavə etdi.

Hazırda seçki komissiyasında təmsil olunan Sərxan Daşdəmirov isə sözügedən məktəbi 2012-ci ildə bitirib:
“Bu məktəb yaranandan belədir. Gələn seçkidə gəlsəniz, yəqin heç bunu da tapa bilməyəcəksiz, çünki dağılıb gedir. Təhsilin keyfiyyəti yaxşıdır, amma binanın vəziyyəti çox bərbaddır. Qışda məcbur qalıb otaqlarda odun sobası yandırırıq ki, isti olsun. Otaqların içinə baxın, görəcəksiz ki, tavan çökür”.

Sərxan Daşdəmirovun sözlərinə görə, onun təhsil aldığı illərdə məktəbin döşəməsi də çox acınacaqlı vəziyyətdə olub. Hətta müəllimlər qorxularından dərsə girməkdən imtina edirmiş. Sonradan döşəmə təmir olunub və bu problem qismən həllini tapıb.

Əvvəllər dördillik təhsil verən məktəb, sonradan səkkizillik olsa da, yenə valideynlərin əksəriyyəti övladını bura göndərməkdən boyun qaçırır. Çıxış yolunu isə uşaqları təxminən 3 kilometr aralıda yerləşən məktəbə göndərməkdə tapır, amma bu da əlavə problem yaradır. Kənd sakini Qəzənfər Namazov deyir ki, uşağını başqa məktəbə aparmağa hər ailənin imkanı çatmır:

“Kimin imkanı varsa, pulla taksi tutur, uşağını daha yaxşı məktəbə göndərir. Bunun üçün azı ayda 35-40 lari pul lazımdı. İmkanı olmayanların uşaqları isə məcburən bu məktəbə gəlir. Ona görə də təhsil alanların sayı azalıb, cəmi 10-15 uşaq qalıb. Onlar da qışda şəraitsizlikdən, soyuqdan xəstələnirlər. Uşaqlar burada necə oxusun? Seçkidənsə, buranın vəziyyətini işıqlandırmaq lazımdır ki, Gürcüstanın 1 saylı Sabirkənd məktəbi bu vəziyyətdədir”.

Sabirkənddə seçkiləri müşahidə zamanı xüsusi bir qanun pozuntusuna rast gəlmədik. Sakinlərin seçki aktivliyi müşahidə olunurdu. Məntəqədə söhbətləşdiyimiz hər kənd sakini elə məktəbin durumundan, tavanın çökməsi, istilik sisteminin yoxluğu və uşaqlarının məktəbdəki çətinliklərindən danışırdı.

Hər dəfə seçkilər Sabirkənd sakinlərinin məktəb ümidlərini təzələyir. Onlar həm də ümid edir ki, seçkiləri işıqlandırmağa gələn jurnalistlər məktəbin durumuna diqqət yetirməyi unutmayacaqlar.

Bu məqalə, İnsan Hüquqları Evi Tbilisinin Niderland Krallığı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən media layihə çərçivəsində hazırlanıb. Məqaləyə görə məsuliyyəti İnsan Hüquqları Evi Tbilisi daşıyır və yazının əks etdirdiyi fikirlər Hollandiya Krallığı Səfirliyinin fikirlərini ifadə etmir.