Təhsil nazirliyi, foto: meydan.tv

''Bəzi rayonlarda övladı olmayan kişi müəllimlər atalıq məzuniyyətinə göndərilib''

Təhsil Nazirliyi Tovuzda 800 müəllimin işdən çıxarılması faktını təkzib edir

Sosial şəbəkələrdə Tovuz rayonunda bir gündə 800 müəllimin işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, işdən çıxarılan gənc müəllimlər imtahansız işə qəbul olunanlardır. 

Məlumatda qeyd olunur ki, Tovuz Rayon Təhsil İdarəsinin rəisi Validə Hüseynova müəllimlərdən 5-10 min manat rüşət alaraq işə qəbul edir, bir neçə aydan sonra isə həmin müəllimlər işdən çıxarılır. İşdən çıxarılmasından narazı qalan müəllimlərin bəziləri işə bərpa iddiası ilə məhkəməyə müraciət edib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyilənləri təkzib edir:

“800 müəllimin işdən azad olunması ilə bağlı məlumat yanlışdır. Tovuzda belə bir hal baş verməyib”.

Mətbuat xidmətinin rəhbəri köçürülmə və yaxud işə qəbul zamanı narazı qalan müəllimlərlə bağlı suala yalnız sorğu əsasında cavab verə biləcəyini bildirir. Meydan TV nazirliyə sorğu göndərib.

Ötən il Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova “AzVision.az”a bildiib ki,  “təmizləmə əməliyyatı” təhsil naziri Mikayıl Cabbarovun əmri ilə əlaqədardır:

“İmtahanlarda müəyyən bal toplayıb müddətli müqavilə ilə işləyən müəllimlərlə bağlı təhsil nazirinin əmri var. Həmin əmrə əsasən, imtahanlarda bal toplamayıb müddətli müqavilə bağlanan müəllimlər avtomatik işdən çıxarılır. Digər müəllimlər məktəblərdə vakant yer varsa və müəllimdən şikayət yoxdursa, işdə saxlanılır, digərləri isə işdən azad olunurlar. Hansı məktəbdə vakant varsa, həmin məktəblərdə işə düzəlmək istəyən müəllimlərlə həvəsləndirmə olan yerlərdə minumim 40 bal, həvəsləndirmə olmayan yerdə minimum 30 balı olarsa, müqavilə bağlanılır”.

V.Hüseynova, həmçinin müddətsiz müqavilə ilə işləyən müəllimlərin işdən çıxarılmasına da aydınlıq gətirib:

“Müddətsiz müqavilə ilə işləyənlərlərdən, iki və ya üçüncü iş yerlərində müəllimlik edənlərin işlərinə baxılır. Əgər məktəbdə vakansiya varsa, şikayət yoxdursa, yerdə qalan müəllimlər işlə təmin olunur, müddətsiz müqavilədə olan müəllimlərin iki və ya üçüncü iş yerində qalmasına razılıq verilir. Burada mənimlə bərabər 6 saylı hesablaşma mərkəzinin rəisi Emin müəllim də bu işə qol çəkir. Tək mənim qol çəkməyimlə məsələ həll olunmur”.

Təhsil Naziliyinin adının Meydan TV-də getməsini istəməyən əməkdaşı isə deyib ki, ötən il bir çox rayonlarda, eləcə də Tovuzda kütləvi işdənçıxarılmalar olub. Lakin narazılıqdan sonra məsələ böyüyüb, nazir müəllimlərin təkrar işə bərpa olunmalarına göstəriş verib. Yalnız həmin müəllimlər diaqnostik qiymətləndirmədən keçəcəklər.

“Elə rayonlar var ki, kişi müəllimləri uşağı olmadığı halda və ya övladının yaşı çox olduğu halda belə  atalıq məzuniyyətinə göndəriblər. Nazirlik belə neqativ hallarla rastlaşır, tədbir görmək isə çətindir. Çoxu Prezident Admnistrasiyasının qarşısında aksiya keçirməklə və ya intiharla şantaj edir”,- nazirlik əməkdaşı əlavə edib.

Nazirlik əməkdaşı onu da deyib ki, bəzi müəllimlər imtahanda öz ixtisasına uyğun sualları cavablandıra bilməyib.

x

YAZARIN DİGƏR YAZILARI