BVF təmsilçisi: Azərbaycanda iqtisadi durum yaxşılaşmağa başlayıb

Cihad Azur foto APA

Natiq Cəfərli: ''Ümumilikdə vəziyyət çox pisdir''

Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur 2017-ci ildə Azərbaycanda ümumdaxili məhsul istehsalının 1 faiz azalacağını bildirib.

Departament direktoru hesab edir ki, 2015-2016-cı illər ərzində Azərbaycan hökuməti tərəfindən görülən müvafiq tədbirlərdən sonra iqtisadi durum yaxşılaşmağa başlayıb.

Cihad Azur bu fikirləri sentyabrın 13-də Bakıda keçirdiyi mətbuat konfransında səsləndirib.

Təmsil etdiyi fondun artıq Azərbaycanda monetar stabillik müşahidə etdiklərini deyib:

“Buna baxmayaraq, inflyasiya hələ də ikirəqəmli səviyyədədir. Bu göstərici birrəqəmli olmalıdır. Pul siyasətinə gəlincə, Azərbaycan bunun vasitəsilə stabilliyi təmin edə bilər. Noyabr ayının sonunda bizim missiyamız bir daha ölkəyə səfər edəcək. Bu zaman isə mövcud vəziyyət, o cümlədən 2018-ci illə bağlı büdcə göstəriciləri, proqnozları müzakirə edəcəyik".

Cihad Azur iddia edir ki, Azərbaycanda dedollarizasiya səviyyəsinin aşağı düşməsi yalnız manata olan etibarın bərpasından sonra mümkün olacaq. Onun sözlərinə görə, yalnız manata etibar təmin olunduğu təqdirdə, dollarlaşmanın səviyyəsi aşağı düşəcək. Dollarlaşmanın səviyyəsini aşağı salmaq üçün isə bir neçə tədbir görmək lazımdır. İlk növbədə güclü və möhkəm makro-iqtisadi çərçivə, büdcə kəsiri aşağı, Mərkəzi Bankın valyuta ehtiyatları yüksək olmalıdır. Əhalidə inam yaranmalıdır ki, onlar öz əmanətlərini yerli valyutada yerləşdirdikdə əldə etdikləri gəlir əmanətlərini xarici valyutada yerləşdirənlərlə müqayisədə az olmayacaq:

"Məndə olan məlumata görə, ölkədə əmanətlərə tam zəmanət də verilir. Bu baxımdan dollarlaşmanın səviyyəsini aşağı salmaq yalnız iqtisadiyyatı yox, eləcə də bank sistemini möhkəmləndirəcək. Buna görə, bank sistemində restrukturizasiya davam etdirilməli, yeni hüquqi aktlar qəbul edilməlidir ki, bankların stabilliyi təmin edilsin".

Beynəlxalq Valyuta Fondunun təmsilçisi Cihad Azurun fikirlərini Meydan TV-yə şərh edən ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli xatırladıb ki, ötən il Ümumi Daxili Məhsul (ÜDM) 4 faizə yaxın azalıb, bu il isə bu azalma tempi səngiyib:

"Əslində, Cihad Azur iqtisadi durumun yaxşılaşması deyəndə, ÜDM-nin azalma tempinin aşağı düşməsini vurğulayıb. Amma ilin sonuna qədər də ÜDM-nin 1 faiz azalması da gözlənilir və bu amilin özü Azərbaycan iqtisadiyyatının yenə də daraldığını sübut edir. Sadəcə, keçən ilə nisbətən bu daralma səngiyib, amma ümumilikdə vəziyyət çox pisdir. MDB-də ötən il iqtisadiyyatı kiçilən ölkələrdən birincisi Azərbaycan idi, bu il ən yaxşı halda Türkmənistandan geri qalacağıq və iqtisadi durumu pis olan ilk üçlüyə daxil olacağıq".  

İqtisadçının sözlərinə görə, ötən ilə nisbətən neftin qiymətinin bahalaşması makroiqtisadi göstəricilərə təsir edib və iqtisadiyyatın kəskin düşməsinin tempini zəiflədib: 

“Gələn il durum neftin qiymətindən asılı olacaq. Əgər neftin qiyməti 55 dollar olacaqsa, ölkəyə əlavə vəsaitlər daxil olacaq. Məsələn, Rusiya Mərkəzi Bankı 2018-ci il üçün neftin qiymətini ortalama 43 dollar proqnozlaşdırıb, qonşularımız bu qiymətə hazırlaşır. Əgər qiymət 45 dollara ensə, Azərbaycan iqtisadiyyatı yenidən kəskin şəkildə daralacaq. Beləliklə, BVF təmsilçisinin pozitiv fikirləri ötənilki pis durumun fonunda qeyd olunub. Yəni keçən il çox pis idi, bu il bir az yaxşıdır”.

Natiq Cəfərli
Natiq Cəfərli.

Natiq Cəfərli deyib ki, 2015-ci il devalvasiya qərarlarından əvvəl yerli valyutaya güvən olduğundan əhali pullarını manatda saxlayırdı. Məlum devalvasiya qərarları isə manata güvəni yox edib:

“Bu inamın bərpa olunması üçün bir neçə il lazımdır və manatla bağlı növbəti təlatümlərin olmayacağına da heç kim təminat vermir. Təəssüf ki, Cihad Azur maliyyə və məzənnənin sabitliyini hökumətin təqdimatı kimi qavrayıb. Azərbaycanda manat sabit deyil, hökumət də, biznes də, əhali də dollara söykənib. Bu il manat dünyanın ən 5 sabit valyutalarına nisbətən xeyli dəyər itirib, avroya qarşı 15, İsveçrə frankına və funt-sterlinqə qarşı 10 faiz. İlin əvvəlində isə manat dollara nisbətən 1.92 səviyyəsindəydi. Sonrakı sabitliyə gəldikdə, bu, iqtisadi vəziyyətlə bağlı deyildi, Dövlət Neft Fondundan Mərkəzi Banka köçürülən 7,5 milyard bu sabitliyi yaratdı. Gələn il vəsait ayrılmasa, Mərkəzi Bank məzənnəni sabit saxlaya biləcəkmi? Bu sual açıq qalır”.

İqtisadçı düşünmür ki, Dövlət Neft Fondu gələn il Mərkəzi Banka vəsait ayıracaq: 

“Çünki fondun hər il 6-7 milyard manat əlavə vəsait ayırmağa imkanı yoxdur. Bu il vəsait ayrılıb, amma rəsmi təbliğatda Mərkəzi Bankın ehtiyatlarının artdığını çox fəxrlə deyirlər. Halbuki, bu artım iqtisadi amillə bağlı deyil”.

x

YAZARIN DİGƏR YAZILARI