Natiq Cəfərli: Torpaq sahəsi olanı da işçi kimi qeydə alırlar

Natiq Cəfərli

''Əgər maliyyə çətinliyi yoxdursa, hökumət niyə bir neçə istiqamətdə kredit axtarır?!''

Sentyabrın 3-də prezident İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair keçirdiyi müşavirədəki çıxışı bir sıra suallar doğurdu.

Prezidentin valyuta ehtiyatlarının artması nəticəsində heç bir maliyyə çətinliyinin olmaması, iş yerlərinin artması haqda fikirlərini Meydan TV-yə şərh edən ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyib ki, büdcə parametrləri hesablanarkən neftin qiyməti 40 dollardan götürlmüşdü, bu ilin yanvardan avqusta qədər isə Azərbaycan neftinin ortalama qiyməti 54 dollar olub:

“Bu isə valyuta ehtiyatlarının müəyyən qədər artmasına, maliyyə sabitliyinin yaranmasına səbəb oldu. Yəni maliyyə çətinliklərinin olmadığı fikrilə razılaşmaq mümkün deyil. Əgər maliyyə çətinliyi yoxdursa, hökumət niyə bir neçə istiqamətdə kredit axtarır?! Deməli, maliyyə mənbələri hələ də ciddi sual altındadır”.

Natiq Cəfərli bildirib ki, məzənnədə sabitlik manatın dəyər qazanması anlamına gəlməməlidir. Çünki digər valyutalara görə Azərbaycan manatı dəyər itirib:

“Konkret olaraq, ilin əvvəlində manat avro qarşısında 15 faizdən çox itkiyə məruz qalıb. Ölkədə hökumət də, əhali də,  banklar da, sahibkarlar da dollar məzənnəsinə söykəndiyindən bu məsələni ikinci plana keçirirlər. Halbuki, sabitlik anlamında manat sabit sayıla bilməz”.

İqtisadçı işsizliyin 5 faizə düşməsini real saymır.

Onun sözlərinə görə, Azərbaycanda iş yerləri ilə bağlı statistika birtərəfli aparılır, bağlanan yox, yalnız açılan iş yerləri nəzərə alınır:

“Çox zaman iri layihələr üzrə çalışanların bir layihədə işi bitirsə, onlar digərində işə qəbul olunursa, bu, yeni iş yerləri kimi qeydə alınır. Yaxud torpaq sahəsi olanı da işçi kimi qeydə alırlar. Halbuki, dünyada iş yerləri kənd təsərrüfatı nəzərə alınmadan qeydə alınır. İkinci, rəsmi rəqəmlərə görə muzdla çalışanların sayı 1,6 milyondan azdır. Bu yeni yaradılmış iş yerlərinin sayı göstərildiyi qədər deyil. Həm də qapanan iş yerlərinin statistikası doğru aparılmır. Bəli, gizli, rəsmi qeydiyyatdan keçməyən  iş yerləri var, çox güman ki, statistika bunları da nəzərə alır”. 

 

x

YAZARIN DİGƏR YAZILARI